Prezident vətəndaşların müraciətlərinə diqqət və qayğını prioritet məsələ hesab edir FOTOLAR
Azərbaycan müstəqillik illərində başlanan sürətli və davamlı inkişaf yolunu 2015-ci ildə də böyük uğurla davam etdirmiş, dövlətçilik ənənələrini daha da zənginləşdirmiş, bütün sahələrdə əldə etdiyi nailiyyətlərlə yanaşı, həm də çətin sınaqlara sinə gərmişdir. Bu sınaqlardan qalibiyyətlə çıxan ölkəmizin tarixində ötən il ən coşqun və dinamik illərdən biri kimi qalmışdır. İstər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində baş verən ciddi proseslərin yaşandığı bu zaman kəsiyində görülən işlərə, xüsusilə respublika vətəndaşlarının öz müraciətlərində qaldırdıqları problemlərin həllinə, onların həyat şəraitinin yaxşılaşdırılmasına, hüquq və azadlıqlarının təmin edilməsinə, sosial müdafiəsinin gücləndirilməsinə yönəldilmiş tədbirlər barədə daha ətraflı məlumat vermək üçün Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun AZƏRTAC-da dərc edilmiş təhlili materialını təqdim edirik.
(məqalənin əvvəlini bu linkdən oxuya bilərsiniz)
Vətəndaş müraciətlərinə baxılmasına və məmur-vətəndaş münasibətlərinə yeni impuls verən qanun
Azərbaycan Prezidenti ölkənin demokratik təsisatlarının daha da möhkəmləndirilməsinə, vətəndaşların hüquq və azadlıqlarının daha yaxşı təmin edilməsinə, insanların arzu və istəklərini, eyni zamanda, cəmiyyətin problemlərini özündə əks etdirən vətəndaş müraciətlərinə diqqətin artırılmasına böyük əhəmiyyət verir. Vətəndaşlara qayğı və diqqət gündən-günə artırılır, onların Konstitusiya hüquqlarını daha yaxşı təmin etmək üçün ulu öndər Heydər Əliyevin başladığı böyük işlər onun ideyalarını əzmlə həyata keçirən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bu baxımdan "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli Qanununu və bu qanunun tətbiqi barədə 12 noyabr tarixli Fərmanı xüsusi qeyd etməliyik. Artıq hər yerdə qanunun müddəaları dövlət qulluqçuları, həmçinin müraciətlərə baxan digər subyektlər tərəfindən diqqətlə öyrənilir, respublika qanunvericiliyinin bu qanuna uyğunlaşdırılması, ondan irəli gələn normativ hüquqi aktların hazırlanması üçün müvafiq Fərmana uyğun olaraq lazımi tədbirlər görülür.
Bir daha qeyd etməliyik ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığı və tövsiyəsi ilə hazırlanmış yeni qanun müasir dövrün tələblərinə və beynəlxalq hüququn normalarına uyğun olaraq bir çox yeni müddəalarla zənginləşdirilmiş, ilk növbədə, vətəndaşların müraciətlərinə baxılmasında tələbkarlığın artırılmasına, Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə, həmçinin 94-cü maddəsinin 1-ci bəndinə uyğun olaraq "Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarından və azadlıqlarından istifadə, bu hüquqların və azadlıqların dövlət təminatı"nın daha etibarlı surətdə həyata keçirilməsinə yönəldilmişdir.
Qanunun şərhi ilə bağlı 2015-ci il dekabrın 2-də respublika mətbuatında dərc olunan materialda göstərdiyimiz kimi, dövlət orqanları, həmçinin ictimai təşkilatlar və özəl qurumlarla vətəndaşlar arasında münasibətlərin tənzimlənməsində yeni dövr açan bu qanunun əvvəlki redaksiyasından fərqli cəhətləri çoxdur. Əvvəlki qanun cəmi 13 maddə və 51 hissədən ibarət idisə, yeni qanuna bir sıra maddələr artırılaraq onların sayı 17-yə, bənd və yarımbəndlərin sayı isə 112-yə çatdırılmışdır. "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununa uyğun olaraq bu bəndlər və yarımbəndlərin hər biri qanunun müvafiq maddəsi hesab olunur. Yeni qanunda cəmiyyətin bütün strukturlarında, o cümlədən dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında, bir sözlə, müraciətə baxan subyektlərdə vətəndaşların müraciətlərinə baxılması prinsipləri və şərtləri, formaları, müddətləri və digər xüsusiyyətləri öz əksini tapmışdır.
Qanunun 1-ci maddəsində vətəndaşların müraciət edə biləcəkləri dövlət orqanlarının spektri, həmçinin 5-ci maddəsində qanunun tətbiq dairəsi xeyli genişləndirilmiş və siyahısı müvafiq icra hakimiyyəti orqanı – yəni, Nazirlər Kabineti tərəfindən təsdiq olunan ictimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şəxslərə, habelə normativ hüquqi aktlar və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət göstərən özəl hüquqi şəxslərə və fərdi sahibkarlara da şamil olunmuşdur.
"Əsas anlayışlar" adlı 3-cü maddədə əvvəl cəmi üç anlayışın – təklif, ərizə və şikayətin izahatı var idisə, indi həmin maddəyə yeni anlayışlar əlavə edilərək onların ümumi sayı 15-ə çatdırılmış və müraciət edən şəxs, müraciət, müraciətə baxan subyekt, müraciətə baxan subyektin canlı yayımlanan teleradio proqramındakı nümayəndəsi, müraciətə baxan subyektin vəzifəli şəxsi, şifahi müraciət, telefon müraciət xidməti, yazılı müraciət, elektron müraciət, kollektiv müraciət, təkrar müraciət, anonim müraciət kimi anlayışların da tərifi verilmişdir. Göstərilən anlayışlar qanunda bilavasitə konkretliyin təzahürü sayıla bilər və qanunda istifadə edilən əsas anlayışların məna tutumunu dəqiq müəyyənləşdirir.
Qanuna yeni daxil edilmiş mühüm maddələrdən biri də "Vətəndaşların müraciətlərinə dair tələblər" adlı 6-cı maddədir ki, bu maddədə müraciətlərin forması, yazılı müraciətlərdə göstərilməli əsas məlumatlar, bu məlumatlar olmadıqda, yaxud düzgün göstərilmədikdə, onların anonim hesab edilməsi, elektron müraciətin verilmə qaydası və ona dair tələblər, rekvizitlərinin nədən ibarət olduğu dəqiq müəyyənləşdirilib. Vətəndaşlar bilməlidirlər ki, qanunun 6.9-cu maddəsində göstərildiyi kimi, müraciətin mətni oxunaqlı olmalı, müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməlidir. Müraciətin mətnində təhqir və böhtana yol verilməməlidir.
Qanunun "Müraciətin baxılmamış saxlanması" maddəsində həm vətəndaşları, həm də müraciətə baxan subyektləri daim narahat edən bir məsələ də konkretləşdirilib. Müəyyən olunur ki, vətəndaşın təkrar müraciətlərinə 1 il ərzində 3 dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verildikdə və təkrar müraciətdə məsələnin həlli üçün yeni məlumatlar olmadıqda, müraciət baxılmamış saxlanılır. Lakin bu barədə yazılı müraciət edənə 5 iş günündən gec olmayaraq, şifahi müraciət edənə isə dərhal məlumat verilməlidir. Burada müraciətlərə baxan vəzifəli şəxslərin diqqətinə bir məsələni çatdırmağı olduqca vacib sayırıq. Qanunun verdiyi bu imkandan heç kəs sui-istifadə etməməlidir və edə bilməz. Əsaslandırılmış cavab ümumi, başdansovdu sözlərdən ibarət olmamalı, hüquqi cəhətdən qanunlara tam uyğun hazırlanmalı, haqlı olub-olmaması vətəndaşa sübut edilməlidir.
Qanunun diqqəti cəlb edən əsas maddələrindən biri müraciətlərə baxılma müddətinin daha dəqiq göstərilməsidir. Belə ki, Qanunun bəzi maddələrində əvvəlki qanundan fərqli olaraq "iş günü" anlayışı tətbiq edilmişdir. Bu əlavənin əsas məqsədi ondan ibarətdir ki, vətəndaşların müraciətlərinə bu Qanunla müəyyən olunmuş müddətlərdə baxmaq, icrasına düzgün və obyektiv nəzarət etmək üçün onların aidiyyəti orqanlara çatdırılmasına sərf edilən vaxt, həmçinin bazar və bayram günləri nəzərə alınmalıdır.
Qanunun 9-cu maddəsində korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciətlər üzrə xidməti araşdırmanın 20 iş günü müddətində başa çatdırılmalı olduğu, əlavə məlumat tələb olunduqda isə bu müddətin dövlət orqanı rəhbəri tərəfindən 10 iş günü uzadıla bilməsi, ümumiyyətlə isə qanunun 7-ci maddəsində müəyyən edilmiş qaydada, dövlət orqanları istisna olmaqla, müraciətlərə baxan digər subyektlərdə belə müraciətlərə 20 iş günü müddətində baxılmalı olduğu müəyyən edilmişdir.
Müraciətlərə baxılması üzrə nəzarətin həyata keçirilməsindən bəhs edən 13-cü maddədə göstərilir ki, müraciətə baxan subyektlərdə kargüzarlıq işinin aparılmasına nəzarəti müvafiq icra hakimiyyəti orqanı – yəni, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası həyata keçirir.
Qanunun əsas maddələrindən biri də 16-cı maddədir və bu qanunun pozulmasına görə məsuliyyəti müəyyən edən həmin maddədə konkret olaraq göstərilir ki, belə şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Həmin məcəllələrin müvafiq maddələri bu məsuliyyətin nədən ibarət olduğunu ehtiva edir.
Azərbaycan Respublikasının yeni qəbul olunmuş bu qanunu ölkə Prezidentinin vətəndaşlara, onların problemlərinə böyük qayğı və diqqətinin yeni təzahürüdür.
Prezident Administrasiyasına daxil olan müraciətlər
dövlət başçısına olan yüksək inamdan irəli gəlir
Cəmiyyətdə gedən prosesləri özündə əks etdirən, cəmiyyətin döyünən nəbzi sayılan vətəndaş müraciətlərini təhlil etmək, onların sayını, mövzularını, bəhs etdikləri problemləri və bunların həlli üçün görülən tədbirləri araşdırmaq, öyrənmək dövlət idarəetməsində mühüm vasitələrdən biridir.
Azərbaycan Respublikasının Prezidenti 2015-ci ilin yayında Şəki Məhkəmə Kompleksinin açılışında cəmiyyətdə, ümumiyyətlə, həyatda hər şeyin ədalət əsasında qurulmalı olduğunu, ədalətli qərarların insanlarda dövlətə inamı artırdığını, eyni zamanda, həyatımızı tənzimlədiyini qeyd edərək ictimai rəyin öyrənilməsinə xüsusi əhəmiyyət vermiş, Prezident Administrasiyasına və digər dövlət orqanlarına daxil olan müraciətlərə baxılması barədə demişdir: "... biz daim ictimai rəyi öyrənirik. Həm Prezident Administrasiyasına, həm də dövlət orqanlarına gələn müraciətlərə çox diqqətlə baxılır və hər bir şikayət əsasında araşdırma aparılır".
2015-ci ildə Prezident Administrasiyasına daxil olan vətəndaş müraciətlərinin öyrənilməsi göstərir ki, 2014-cü illə müqayisədə müraciətlərin sayı azalsa da, ölkə vətəndaşları öz problemlərini mərkəzi və yerli icra hakimiyyətləri, bələdiyyələr, mərkəzi dövlət orqanlarının yerli qurumları, eləcə də özəl qurumların rəhbərləri və nümayəndələri vasitəsilə həll edə bilmədikdə, bir çox məqamlarda bilavasitə Azərbaycan Respublikasının Prezidentinə, onun Administrasiyasına müraciət etməyə üstünlük verirlər.
Müraciətlərin növlər üzrə təsnifatı göstərir ki, ümumiyyətlə, 2015-ci ildə Prezident Administrasiyasına daxil olan müraciətlərin 67,8 faizini ərizələr, 31,2 faizini şikayətlər, 1 faizini təkliflər təşkil etmişdir.
İlk növbədə, onu qeyd etməliyik ki, müraciətlərdə ictimai əhəmiyyətli təkliflər daha da artmışdır. 2015-ci ildə Prezident Administrasiyasına daxil olan təkliflərdə Azərbaycanın iqtisadi inkişafını daha da sürətləndirmək, ən müasir tələblərə cavab verən yeni sənaye sahələri yaratmaq, ölkənin beynəlxalq imicini daha da yaxşılaşdırmaq üçün həm ölkə vətəndaşları, həm də xaricdə yaşayan soydaşlarımız tərəfindən maraqlı mülahizələr, fikirlər və rəylər bildirilmişdir. Bu müraciətlərdə ulu öndər Heydər Əliyevin xatirəsinin daha geniş əbədiləşdirilməsi, Qarabağ probleminin həlli, bəzi tarixi şəxsiyyətlərimizin ev-muzeylərinin yaradılması, ölkə alimlərinin elmi araşdırmalarından iqtisadiyyatda daha geniş istifadə olunması, elmin dotasiya ilə yaşayan sektordan büdcəyə gəlir gətirən sektora çevrilməsi, ölkədə ixracyönümlü məhsulların daha çox istehsal edilməsi, dərman istehsalının təşkil edilməsi, təbii ehtiyatlar əsasında kurort-müalicə potensialının genişləndirilməsi, camışçılığın inkişaf etdirilməsi, aqrotexniki servis xidmətlərinin yaradılması, turizmin inkişafı, yeni idman meydançalarının tikilməsi və sair məsələlər yer almışdır.
Müraciətlərin böyük əksəriyyətini təşkil edən ərizələrin əsas mövzuları sosial müdafiə, yəni, müvafiq əlillik dərəcəsinin, ünvanlı sosial yardımların, əlil arabalarının və minik avtomobillərinin verilməsi, mənzil problemlərinin həll edilməsi, məzunların ixtisas üzrə işlə təmin olunması, maliyyə və bank məsələləri, xaricdə müalicə və müayinəyə, dərman preparatları ilə təmin olunmaya kömək göstərilməsi, əfv və digər məsələlər barəsində xahişlərdən ibarətdir.
Ərizələrin demək olar ki, xeyli hissəsi müsbət həll olunmuş, xahişlərin reallığı nəzərə alınaraq vətəndaşlara müvafiq kömək göstərilmiş və ya əsaslandırılmış cavablar verilmişdir. Bunu vətəndaşların əksər müraciətlərində müşahidə etmək mümkündür. Bəzi hallarda isə xahişlərin yerinə yetirilməsinin imkan xaricində olması barədə vətəndaşa yazılı və şifahi izahatlar verilmişdir.
Ümumiyyətlə, Prezident Administrasiyasına daxil olan müraciətlərin mövzuları çox müxtəlifdir. Müəyyən edilmiş təsnifat üzrə aparılan təhlillər göstərir ki, 2015-ci ildə vətəndaşlardan sosial müdafiə, əmək mübahisələri, işdən çıxarılma, ixtisar olunma, məhkəmə, milli təhlükəsizlik orqanlarının fəaliyyəti, maliyyə və bank, məişət, sənaye, sahibkarlığın inkişafı, səhiyyə, kənd təsərrüfatı məsələləri barəsində müraciətlər əvvəlki ilə nisbətən artmışdır. Bəzi mövzular, o cümlədən şəhər və rayon icra hakimiyyətlərinin və bələdiyyələrin, polis və prokurorluq orqanlarının fəaliyyəti, nəqliyyat, ekologiya və təbii sərvətlər, torpaq, təbii fəlakət hadisələri, şəhərsalma və tikinti, evlərin, mənzillərin sənədləşdirilməsi, mənzil məsələləri barədə müraciətlərin sayı nisbətən azalmışdır. Ekoloji problemlərlə bağlı müraciətlərin sayının xeyli azalması ölkədə bu problemlərin müntəzəm həll olunmasından xəbər verir.
Prezident Administrasiyasına daxil olan müraciətlərin sayının təhlili göstərir ki, bir sıra şəhər və rayonlardan əvvəlki illə müqayisədə müraciətlərin sayı müəyyən qədər artmışdır. Bu baxımdan Bakı şəhərinin bəzi rayonlarını, Yevlax, Ağcabədi, Ağstafa, Balakən, Bərdə, Göygöl, Laçın, Lerik, Neftçala, Salyan, Tovuz, Yardımlı, digər şəhər və rayonları göstərmək olar.
Müraciətlərin sayının əvvəlki ilə nisbətən azaldığı rayonlar isə Bakı şəhərinin ayrı-ayrı rayonları, Cəbrayıl, Füzuli, Kəngərli, Kürdəmir, Ordubad, Sədərək, Şahbuz, Şuşa, Zaqatala, Zəngilan, başqa şəhər və rayonlardır.
Respublikanın şəhər və rayonlarından daxil olan müraciətlərin sayı öyrənilərkən, bir qayda olaraq, hər 1000 nəfərə düşən müraciətlərin sayı maraq doğurur. Çünki bu göstərici real mənzərəni daha yaxşı əks etdirir. Bu baxımdan əhalinin hər 1000 nəfərindən Prezident Administrasiyasına daxil olan müraciətlərin sayı orta respublika göstəricisinə nisbətən 2015-ci ildə Bakı şəhəri və onun Xəzər, Qaradağ rayonlarından, Mingəçevir, Naftalan, Beyləqan, Bərdə, Gədəbəy, Göygöl, Kəlbəcər, Laçın, Lerik, Yardımlı, Zəngilan, digər şəhər və rayonlardan yüksək olmuşdur.
Eyni zamanda, qeyd etməliyik ki, 2015-ci ildə şəhər, rayon icra hakimiyyətlərinə yuxarı dövlət orqanlarından və bilavasitə daxil olan müraciətlərin faiz göstəriciləri müvafiq olaraq 43,8 və 56,2 faiz təşkil etmişdir. Qeyd etmək lazımdır ki, bəzi şəhər və rayonların sakinləri yuxarı dövlət orqanlarına daha çox müraciət edirlər. Məsələn, Bakı şəhərinin bəzi rayonları, Mingəçevir, Ağdaş, Astara, Beyləqan, Gədəbəy, Kəlbəcər, Kürdəmir, Masallı, Neftçala, Şabran, Tovuz, Yardımlı, digər şəhər və rayonların icra hakimiyyətlərinə bilavasitə daxil olan müraciətlərin sayı həmin rayonlardan yuxarı orqanlara göndərilən müraciətlərə nisbətən daha az olmuşdur.
Mərkəzi icra hakimiyyəti orqanlarına isə il ərzində daxil olmuş müraciətlərin 27,1 faizi yuxarı dövlət orqanlarından və digər qurumlardan, 72,9 faizi isə bilavasitə vətəndaşlardan daxil olmuşdur. Vətəndaşlardan bilavasitə daxil olan müraciətlərin sayı Mərkəzi Bank, "Azərişıq", "Azərenerji", "Azneftkimyamaş" ASC-lərdə, "Aqrarkredit" QSC Bank Olmayan Kredit Təşkilatında daha az olmuşdur.
2015-ci ildə dövlət orqanlarının mərkəzi aparatlarına daxil olmuş müraciətlər 2014-cü illə müqayisədə 4,8 faiz azalmışdır. Həmin müraciətlərin 70 faizi ərizə, 29,5 faizi şikayət, 0,5 faizi təkliflərdən ibarətdir.
2015-ci ildə mərkəzi icra hakimiyyəti orqanlarına daxil olan müraciətlərin 33,6 faizi müsbət həll olunub, 28,6 faizi aidiyyəti üzrə baxılmaq üçün göndərilib, 24,9 faizinə müvafiq izahat verilib, 9,1 faizi əsassız sayılıb, 3,8 faizi icradadır. Yerli icra hakimiyyəti orqanlarında isə daxil olan müraciətlərin 34,5 faizi müsbət həll olunub, 45,7 faizinə müvafiq izahat verilib, 9,6 faizi isə aidiyyəti üzrə baxılmaq üçün göndərilib, 6 faizi əsassız sayılıb, 4,2 faizi icradadır.
Bütün xəbərlər Facebook səhifəmizdə