Qabil Hüseynli: “Türkiyənin bu addımı təhlükəlidir” PROQNOZ

"Bildiyimiz kimi, Türkiyənin bir neçə vətəndaşı İŞİD ("İslam Dövləti" - R.N) terror qruplaşmasının girovluğundadır. Yəqin ki, Türkiyə bu səbəbdən ABŞ və Ərəb Birliyi ölkələrinin ortaq sənədini imzalamağı rədd edib. Ancaq bu, ciddi bəhanə təsiri bağışlamır". Sözügedən fikirləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli Türkiyə tərəfinin "İslam Dövləti" terrorçu qruplaşmasına qarşı yaradılan koalisiya sənədini imzalamamasına münasibətini şərh edərkən deyib.

"Artıq ikinci dəfədir ki, NATO-nun üzvü hər hansı bir qərara imza atmır", - deyə qeyd edən politoloq qeyd edib ki, belə bir qərarın verilməsi qonşu ölkə üçün fəsadlar yarada bilər: "Zənnimcə, bu səhv qərardır. Məhz belə qeyri-müəyyənliyin nəticəsində də hər dəfə kürd bölgəsi və kürd silahlı qruplaşmaları Qərb qarşısında imtiyazlı mövqe qazanırlar. Mən əminəm ki, Türkiyənin bu addımı ölkəyə fəsadlar verə biləcək qədər təhlükəlidir və Qərb ölkələrinin bundan sonra kürd qruplaşmalarına, PKK-ya və s. silahlılara dəstəyi daha da gücləndirilə bilər".

Qeyd edək ki, Türkiyə "İslam Dövləti"nə qarşı savaşı nəzərdə tutan sənədi imzalamaqdan imtina edib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə