Elşən Musayev: “ATƏT niyə özünə əl qatıb?”

"ATƏT (DTİHB)- nin Azərbaycanda keçirilmiş son Prezident seçkiləri ilə bağlı açıqladığı yekun rəy özündə heç bir reallığı və adekvatlığı əks etdirmir. Əksinə, ortalıqda lüzumsuz və mənasız prinsipiallıq meylləri var. Hansı ki, ilk növbədə ATƏT-in öz nüfuzuna sarsıdıcı zərbə vurur". SIA xəbər verir ki, bu fikirləri politoloq Elşən Musayev ATƏT DTİHB–nin 2013 - Prezident seçkiləri ilə bağlı açıqladığı son hesabata münasibət bildirərkən söyləyib.

"Həmin sənəddə toplaşma və birləşmə azadlığına qoyulan məhdudiyyətlərdən bəhs olunur. Absurddur, deyilmi? Niyə? Çünki, müxalif qüvvələrin təmsil olunduğu "Milli Şura" təbliğat-təşviqat dövründə, şəhərin düz mərkəzində dəfələrlə aksiya keçirdilər və hətta onların özü belə eyni adlı mövzuda nə seçki boyunca nə də sonrakı mərhələdə irad bildirmədilər. Yaxşı bəs o zaman( bir az da kobud desək) ATƏT niyə özünə əl qatıb? Olmayan şeyləri, yalnız öz xəyal və təxəyyüllərində qurub yaratdıqlarını, bərbad utopiyalarını görəsən nə səbəbə mövcud hakimiyyətə sırımaq istəyirlər, onun boynuna qoymağa çalışırlar?

Bir başqa məqam: Məlum sənəddə qeyd olunur ki, DTİHB-nin Seçki Komissiyalarının formalaşdırılması ilə bağlı verdiyi tövsiyyələrə əməl olunmayıb.

Bu yerdə isə artıq ATƏT təmsilçiləri(eyni zamanda həmin hesabatı ərsəyə gətirən mirzələr) əmrlə tövsiyyə arasındakı jarqon, təyinat fərqini unudurlar. Həm də anlamazdan keçirlər ki, həmin tövsiyyələr "qeyd-şərtsiz"xarakterdə deyil, müstəqil olan bir dövlət üçün alilik, əlahiddəlik statusu daşımır!

Və nəhayət... DTİHB-nin bənd-bənd sadaladığı yekun rəyin bütün istinadları və sitatları radikal müxalifətdəndir, seçkini biabırcasına uduzan qüvvələrdəndir. Oysa, onlar nə deməli idilər? Seçkini bəh-bəhlə tərifləməlimi idilər? Əlbət ki, xeyr. Səbəb də sadədir: Həmin müxalif qüvvələr Azərbaycanda bütün dayaqlarını itirib. Həm də çoxdan itirib. Son ümid isə yalnız ona qalıb ki, ATƏT kimi "fitə gedən" təşkilatlardan yetərincə, qədərincə bəhrələnsinlər.. Və nə təəssüf, bəzən bunu bacarırlar...", - deyə politoloq fikirlərinə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...