Rusiyasayağı “QABAQDANGƏLMİŞLİK”, PARADOKS VƏ TRAGİKOMEDİYA – TƏHLİL

Rusiyaya məxsus mətbuat səhifəsində, daha dəqiq desək, "Komsomolskaya pravda" qəzetində Azərbaycan əleyhinə olan materialın təəssüf, həmçinin, təəccüb doğurması tamamilə məntiqidir. İki ölkə arasında olan hazırki münasibətlərin, eləcə də əlaqələrin inkişafında müşahidə edilən müsbət meyillərin fonunda ölkəmizə qarşı olan əsassız, ucuz və mənasız kampaniya hətta ikrah belə doğurmaya bilməz. Azərbaycanın məhz Rusiya ilə qonşuluq münasibətlərinə xüsusi həssaslıqla yanaşması, bütün “olanların” qarşılığında bu qədər təmkinli, səbirli və ədalətli davranması fonunda bizə qarşı ədalətsiz kampaniyanın aparılması hansısa müstəviyə sığışan deyil və haqlı olaraq qınanılmaqdadır.

Təyyarənin ekipajının dispetçerlərlə danışıqlarını dərc etmək və bunu əsas gətirmək heç bir məntiqə sığışmır

Dekabrın 25-də qəzaya uğramış Azərbaycan təyyarəsinin ekipajının dispetçerlərlə danışıqlarının dərc olunmasını “məqsədyönlü şəkildə” planlaşdırmaq və bundan “hansısa” kampaniya aparmaq üçün istifadə etmək nəinki bir mətbuat səhifəsi üçün utancvericidir, bütövlükdə, Rusiya mediasının imicinə xələl gətirən məqamdır. Danışıqların yayılmasında məqsədin məhz məsuliyyəti tamamilə Rusiyanın üzərindən götürmək olduğu bəllidir. Amma qəzaya uğrayan Azərbaycan təyyarəsinin ekipajının dispetçerlərlə danışıqlarının dərc olunması və bununla da hansısa kampaniya aparmaqla məsuliyyətdən “yaxa qurtarmaq” mümkün deyil. Çünki bu şəkildə məsuliyyətdən yayınmaq, bu qədər etirafların, xüsusən də, Rusiya prezidentinin üzr istəməsi fonunda absurddur. Görünür, bunu məhz sözügedən mətbuat səhifəsi qətiyyən nə nəzərə, nə də hesaba almayıb, lakin bununla bağlı nəzərə çatdırılacaq bir çox məqamlar kifayət qədərdir.

İstər “oksigen balonunun partlaması”, istərsə də “quşlarla toqquşma” barədə təyyarə heyətinin dilindən çıxan ifadələrə “istinad etmək” həm peşəkarlıqdan uzaqdır, həm də sui istifadə sayılır. Əvvəla, ona görə ki, stress vəziyyətində olan, xəsarət almış təyyarəni çətin durumda idarə etmək məcburiyyətindən qalan təyyarə heyətinin dedikləri heç də “əsas” götürülə bilməz və arqument də hesab olunan deyil. Digər tərəfdən də, “deyəsən oksigen balonu partladı” ifadəsində olan “deyəsən” sözü axı əminlik ifadə edə bilməz və təyyarə heyətinin baş verənləri “qiymətləndirmələri” də hələ heç nə demək deyil. Əgər təyyarə heyətinin “qiymətləndirməsi” əsas götürülürdüsə, niyə ekspertlər bu işlə məşğul olmaq üçün cəlb olunurdu? Bax elə absurd dediyimiz bu məqamlardır və həqiqətən də, qəzaya uğramış Azərbaycan təyyarəsinin ekipajının dispetçerlərlə danışıqlarını dərc etmək və bunu əsas gətirmək heç bir məntiqə sığışmır.

Ortada olan faktların fonunda “qabaqdangəlmişik” etmək, başqalarında günah axtarmaq paradoksal yanaşmadır

Maraqlıdır, bu qədər “tanınmış olan” həmin o “komsomolskaya pravda” nəşrinin belə bir “yanaşma” sərgiləməsinə niyə rəsmi Moskva tərəfindən bir “cavab” verilmir? Heç olmasa, münasibət belə bildirilməli idi axı. Araşdırmaların sona çatmasını gözləmədən, nəticə ilə bağlı birmənalı şəkildə bildirilmədən bu qədər “tələskənliyə” nə ad qoymaq olar və heç olmasa, Rusiya rəsmiləri tərəfindən bu barədə həmin o mətbu orqanından nə isə bir sual edən oldumu? Olmadı. Amma biz həmin sualla müraciət edirik ki, sözügedən nəşr bu yanaşmasına özü nə ad qoymaq fikrindədir? Məqsəd nə idi bu şəkildə, yəni, “tələskənliklə” belə bir “mövqe” sərgiləməkdə? Buna, bu “tələskənliyə” məhz “qabaqdangəlmişlik” desək, daha doğru olmazmı? Əlbəttə ki, doğru olar, çünki ittiham olunan tərəfin mətbu orqanının əsassız mülahizələrə “istinad etməsi”, xüsusən də, “cavab vermək” əvəzinə zərərçəkən tərəfi ittiham etməsi ən yaxşı halda, “qabaqdangəlmişlikdir”.

“Qabaqdangəlmişlik” edənlər görəsən fərqində deyillərmi ki, Azərbaycan məhz sağ qalan sərnişinlərin, ekipaj üzvlərinin söylədiklərinə, yəni, faktlara, sübutlara istinad edir? Fərqində deyillərmi ki, təyyarənin gövdəsində olan və bayırdan içəriyə doğru açılan dəliklər əsaslı arqument sayılır və biz bütün bunları haqlı olaraq əsas hesab edirik? Məgər həmin o bayırdan içəriyə doğru açılan dəliklərdən keçən bərk cismin sərnişinləri, ekipaj üzvlərini yaralaması arqument sayılmalıdır, yoxsa, qəzaya uğramaqda olan təyyarənin stress vəziyyətində və çətin durumda olan heyətinin dispeçerlə danışıqları zamanı işlətdiyi ifadələr əsas götürülməlidir? Təyyarədə olan zədələr, xüsusən də bayırdan içəriyə doğru açılan dəliklər, sərnişinlərin və ekipaj üzvlərinin hansısa bərk cismlə yaralanmaları həmin təyyarənin yerdən açılan atəş nəticəsində qəzaya uğramasını təsdiqləmirmi? Bütün bunların, daha dəqiq desək, ortada olan faktların fonunda Rusiyaya məxsus hansısa mətbuat səhifəsinin absurd yanaşması, qabaqdangəlmişik edərək, başqalarında günah axtarması paradoks deyilmi? Paradoksdur, özü də xalisindən.

Zərər çəkmiş tərəfdə “günah axtarmaq” və yalanı dövriyyəyə buraxmaq dünya tarixində görünməmiş haldır

Faktlar təsdiq edir ki, təyyarə məhz kənardan, özü də yerdən olan “müdaxilə” ilə zədə alıb, idarəetməni itirib və qəzaya da səbəb budur. Bunu da unutmaq lazım deyil ki, təyyarənin zədələnməsi də məhz Rusiya hava məkanında baş verib və bu heç də nəzərdən qaçan, eləcə də hesaba alınmayan məqam deyil. Elə hesaba alınmaması mümkün olmayan həmin məqam olduğu halda, Rusiyanın heç bir rəsmi reaksiyası, açıqlaması olmadığı bir yana, üstəlik zərər çəkmiş tərəfdə “günah axtarmaq” və həqiqətə uyğun olmayan “versiyanı”, yalanı dövriyyəyə buraxmaq dünya tarixində görünməmiş haldır. Məsələ burasındadır ki, həqiqətə uyğun olmayan, yalan olduğu dərhal öz təsdiqini tapan yanaşmanı “komsomolskaya pravda” adında və tərcümədə “komsomol həqiqəti” kimi “yaddaşlarda qalan” nəşr sərgiləmiş oldu. Görəsən, budan sonra ümumiyyətlə, “komsomol həqiqəti” nə üzlə çapdan çıxacaq? Axı həqiqət sözünü utanmadan öz adında daşıyan mətbu orqan həqiqəti həyasızcasına təhrif edirsə, bundan sonra ən azından adını dəyişməlidir, çünki bu nəşr həqiqəti heç hesaba belə almır.

Sərnişinlər və ekipaj üzvləri arasında sağ qalanların dediklərinə görə, qəzaya uğramaqda olan təyyarəni Rusiya ərazisində yerə endirmək mümkün olmayıb. “Komsomolskaya pravda” nəşri isə iddia edir ki, guya Qroznıya eniş etməsi üçün qəzaya uğramış təyyarəmizə icazə də verilib. Bu fikirlər bir-birini tamamilə təkzib edir. Əgər eniş üçün təyyarəyə icazə verilmişdisə, niyə həmin təyyarə eniş etmək üçün fır-fır fırlanırdı? Bir də axı təyyarənin vurulduğu yerə eniş etməsinə icazə vermək nə dərəcədə inandırıcı, nə dərəcədə məntiqli sayıla bilər? Təyyarəni vurmaqla, həmin təyyarəyə emiş etmək icazəsi verildiyi barədə iddialar, daha doğrusu, fərziyyələr qətiyyən üst-üstə düşə bilməz və bunun özü belə paradoks deməkdir. Bütün bunların özü də dünya tarixində görünməmiş haldır, çünki təyyarəyə əvvəlcə hücum etmək, sonra da enişinə icazə vermək heç də inandırıcı deyil. Ən gülünc məqam isə bütün bu olanların ardınca media və sosial platformalar üzərindən Azərbaycana qarşı intensiv hücumlar edilməsi, yalanla, böhtanla dolu kampaniyalara başlanılmasıdır. Eniş etmək icazəsinin verildiyini iddia edən və bununla da özünü “dost” kimi qələmə verən sonra niyə zərərçəkən tərəfə “hücuma” keçməli olur axı? Bax elə dünya tarixində görünməmiş halın biri də budur.

Qərəzli kampaniyanın iki qonşu ölkə arasında olan münasibətlərə ən azından “soyuqluq” qatmış olduğunu “komsomolskaya pravda” dərk etməli idi

Həqiqətləri təhrif etməyə çalışdığına görə, məhz adından da olsa utanmalı olan nəşrə bir sual da ünvanlamaq istərdik ki, əgər Rusiya prezidenti Azərbaycandan, Azərbaycan Prezidentindən üzr istəyibsə və “günahkarlığı” qəbul edibsə, həmin mətbu orqanın “yuyulmamış qaşıq kimi” ortaya atılmağını necə başa düşək? Həmin o “komsomolskaya pravda” öz ölkəsinin üzrxahlıq edən prezidentinin “tərzini” bəyənmir, yoxsa, onu məhz məsələni dərk etməyən, həqiqəti bilməyən “axmaq” hesab edir? Bəlkə həmin o nəşr məhz xüsusi xidmət orqanlarında “yetişmiş”, faktlara istinad olunan informasiyanın nə olduğunu hamıdan yaxşı bilən və kəşfiyyatçılığı ilə tanınan zabitdən də təcrübəli, “daha ağıllı” olması iddiasındadır? Məgər həmin mətbu orqanda bircə dənə də “ağıllı adam” yox idi ki, reallığın nədən ibarət olduğunu görə bilsin? Yəni, Vladimir Putin kimi təcrübəli bir dövlət başçısının ortada olan təkzibedilməz faktlar qarşısında üzr istəməkdən başqa çarəsinin qalmadığını da həmin nəşr dərk edə bilməyib? Əgər dərk edə bilibsə, Azərbaycana qarşı məkrli, qərəzli kampaniya nəyə lazım idi?

“Komsomolskaya pravda”, yəni, “komsomol həqiqəti” heç olmasa ən sadə bir həqiqəti belə başa düşməli idi ki, həqiqəti nəzərə almadan, yalanı rəhbər tutaraq belə bir məkrli, qərəzli kampaniya aparmaqla iki qonşu ölkə arasında olan münasibətlərə ən azından “soyuqluq” qatmış olur. Ən azından ictimaiyyət arasında bir narazılıq yaratmış olur. Məgər bunu Putin kimi təcrübəli bir dövlət başçısının nəzərə aldığının da həmin o nəşr fərqində olmayıb? Görünür, həqiqətən də fərqində olmayıb və “həqiqətləri” də həmin o “komsomol həqiqəti” görə bilməyib. Əks halda, Rusiya prezidentinin məhz Azərbaycanla münasibətləri körlamaq istəməməsini də olsa görərdi. Görərdi ki, Rusiya lideri ölkəmizlə münasibətləri qoruyub saxlamağa çox həssas yanaşır. Sözsüz ki, bunun da məlum səbəbləri var və geosiyasi müstəvidə izahı da bəllidir. Amma belə çıxır, bunu məhz həmin mətbu orqana, “komsomolskaya pravda” nəşrinə xatırlatmaq lazımdır ki, heç olmasa adında olan “həqiqət” nə demək olduğunu bundan sonra da olsa başa düşsün və düz yolda, həqiqət yolunda olsun...

Rusiyanın indiki durumunda ona dost kimi davranan ölkəyə qarşı qərəzli kampaniya aparmaq tragikomediyaya bənzəyir

Adında olan “həqiqət” sözünü fəaliyyətində heç də nəzərə almayan nəşrə bir çox həqiqətləri, bir çox reallıqları çatdırmaq isrətdik ki, yerini bilmiş olsun və tragikomik durumunu da olsa dərk etsin. Məsələn, Rusiyanın məhz Ukrayna ilə apardığı müharibə fonunda Rusiyanın dünyada “yeri” barədə həmin mətbu orqana bir xatırlatma etmək, eləcə də həmin ölkəyə kimin “dost”, kimin “düşmən” olduğunu xatırlatmaq yerinə düşər. Xatırladaq ki, Rusiya indi demək olar ki, bütün dünyanın hədəfinə çevrilib və əksər ölkələr “həmin hədəfə yaxın düşməkdən” çəkinirlər.

Ən azından dünya ölkələrinin əksəriyyətinin sanksiya hədəsi qorxusunun təsirini görməmək mümkün deyil. Həmin ölkələrin bəhanələrini də xatırlatmaq yerinə düşərdi ki, ruslar məhz ukraynalılara qardaş olaraq “etdikləri” fonunda “etibarsız” kimi qələmə verilirlər. Bu məqamdan, bu düşüncə və yanaşma tərzindən elə ermənilər də sui istifadə edirlər və mövcudluqlarına görə belə ruslara borclu olan haylar bunu bir bəhanə sayaraq, Rusiyadan uzaqlaşmağa çalışırlar və bacaqdıqları qədər də buna nail ola biliblər. Çoxdandır ki, Rusiyadan uzaqlaşmaq üçün “dəridən-qabıqdan çıxan” haylar məhz rusların əzəli və əbədi rəqibi olan amerikalılarla strateji tərəfdaşlıq barədə Xartiya imzalamaqla, öz “böyük qardaşlarına”, özlərinin bu vaxta qədər himayəsinə sığındıqlarına ən böyük xəyanətkarlıq edirlər və bunu da olsa sözügedən nəşr görmürmü? Onu da görmür və başa düşmürmü ki, çırtdan ölkə, hər zaman asılı dövlət olan Ermənistan bir yana, Çin kimi, Hindistan kimi dost hesab olunan ölkələr də ABŞ və Qərb sanksiyalarından çəkinərək, hətta qorxaraq, Rusiyadan “uzaq durmağa” çalışırlar? Məgər həmin ölkələrin Rusiyadan neft almaq istəməməsi bunun təsdiqi deyilmi və bunu da, bu həqiqəti də “komsomolskaya pravda” nəşri başa düşmür? Başa düşmür ki, Rusiyanın indiki durumunda ona dost kimi davranan ölkəyə qarşı qərəzli kampaniya aparmaq sadəcə, tragikomediyaya bənzəyir? Görünür bəzi həqiqətləri yenə də həmin mətbu orqana xatırlatmaq gərəkir ki, adında olan, amma fəaliyyətində olmayan həqiqətləri gec də olsa başa düşmüş olsun.

Rusiya üçün dünyaya açılan cəmi iki “nəfəslik” varsa, onun birinin məhz Azərbaycan olduğu nəzərə alınmalı idi

Bəli, dünyanın əksər ölkələri özlərini sanksiyalardan qorumaq üçün Rusiyadan uzaqlaşmağı doğru yol hesab etdiyi halda, reallıqda da uzaqlaşdığı halda, Azərbaycan məhz bir ölkə olaraq, qonşuluq münasibətlərinə zərrə qədər də olsa xələl gəlməməsi üçün əlaqələrə həssas yanaşır, qətiyyən digər dövlətlər kimi davranmır. Beynəlxalq Cinayət Məhkəməsinin orderi ilə həbs olunma təhlükəsi reallığı fonunda Rusiya prezindenti hansısa ölkəyə deyil, məhz Azərbaycana ardıcıl olaraq səfərlər edirsə, nəinki rəsmi nümayəndə, hətta qonaq kimi qarşılanırsa, bu, ölkəmizin qonşu dövlətlə, Rusiya ilə münasibətlərə səmimi və həssas yanaşmasının göstəricisidir. Bax elə əsl reallıq və həqiqət budur və bu həqiqəti də məhz həmin o sözügedən nəşr komsomol həqiqəti kimi yox, reallıq olaraq başa düşməli idi. Ən azından başa düşməli idi ki, Rusiya üçün dünyaya açılan cəmi iki “nəfəslik” varsa, onun biri məhz Azərbaycandır və məhz bizim cəmiyyətimiz təyyarə qəzası ilə bağlı bu boyda faciədə qonşuluq münasibətlərinə, əlaqələrə xələl gəlməməsi üçün öz təmkinini qorudu, müdriklik və mənəvi ucalıq nümayiş etdirdi. Bax bu həqiqəti, bu reallığı təkcə hansısa mətbu orqan deyil, həmin orqanın işinə nəzarət edən qurum da, ümumiyyətlə, rəsmi Moskva da nəzərə almalı və həmin nəşrin “cavabını verməli” idi. Ən kəskin “cavab” sözsüz ki, faciənin baş verdiyi zaman, həmin o ağır günlərdə, matəm olaraq qeyd olunan gündə belə ölkəmizin və ölkə ictimaiyyətinin özünün obyektiv, ədalətli, təmkinli davranışı, qonşuluq münasibətlərinə xələl gəlməməsi üçün həssas yanaşması sayılır və bu həqiqəti nəşrin diqqətinə çatdırmaq indi yerinə düşür.

Bu qədər şəffaf, bu qədər aydın həqiqətlər fonunda, istər qonşu ölkəmizlə olan münasibətlərə həssas yanaşılması, istərsə də ölkəmizin məhz qonşu ölkə üçün dünyaya açılan bir “nəfəslik” olması fonunda Rusiya hökumətinə və hakimiyyətinə yaxın olan bir mətbu orqanın Azərbaycana qarşı aramsız qərəzli kampaniya aparması öz “nəfəsliyini” öz əli ilə qapatmağa bənzəyir. Əgər həqiqətən də rəsmi Moskva bu “nəfəsliyi” bağlamaq istəmirsə, o zaman ölkəmizə qarşı bu cür hücumların qarşısını almalı, ən azından kəskin reaksiya verməlidir. Azərbaycana “dost” ölkə, “etibarlı tərəfdaş” kimi baxmaq bir yana, heç olmasa öz “nəfəslikləri” naminə belə bir reaksiya olmalıdır. Məhz “komsomolskaya pravda” nəşrinin timsalında hansısa mətbu orqanın fəaliyyətinin Rusiya kimi bir dövlətdə “nəzarət altında” olmaması mümkünsüzdür və xüsusi xidmət orqanlarının belə “müdaxilə imkanları” təkzib edilə bilməz. Deməli, öz “nəfəsliyi” üçün də olsa Rusiya tərəfinin “komsomolskaya pravda” ilə bağlı hansısa sərt şəkildə “tədbir” görəcəyi gözləniləndir. Daha doğrusu, cəmiyyətimiz bunu Rusiya tərəfindən gözləyir.

ABŞ tərəfini ədalətsizlikdə günahlandıranlar ədalətsizliyi məhz həqiqəti təhrif edərək özləri də edirlərsə, rəqiblərindən qətiyyən fərqlənmirlər

Rusiya tərəfi məhz əzəli və əbədi rəqibi olaraq qəbul etdiyi ABŞ kimi bir ölkədən ya fərli olduğunu, ya da eyni olduğunu bax elə indi göstərə bilər. Əgər indi Kreml məsələyə “doğru” yanaşmasa, “kömsomol həqiqəti” ilə əsl həqiqəti “müqaisə” etməsə, özünü elə həmin o “rəqiblərinin yerində” görməlidir. Ərazilərimizin Ermənistan tərəfindən işğal edilməsi, saysız-hesabsız azərbaycanlının qətlə yetirilməsi, girov götürülməsi, milyondan artıq vətəndaşımızın öz yurd-yuvasından didərgin salınması fonunda bizim özümüzü günahkar bilərək Amerika Konqresinin məhz “Azadlığı müdafiə aktı” kimi sırımağa çalışdığı akta 907-ci düzəliş etməsi, işğalçını, cinayətlərə imza atanı deyil, işğala məruz qalanı, cinayətlərə məruz qalanı cəzalandırmaq yolunu tutması Rusiya üçün bir “dərs” olmalıdır. İndi də ruslar bilməlidirlər ki, həmin o qondarma aktı yenidən bərpa edən amerikalılardan “fərqlənmək” istəyirlərsə, mütləq zərərçəkəni deyil, cinayəti törədəni hədəfə almaq yolunu tutmaq gərəkir. Əgər Rusiya mediası bir tərəfdən Co Bayden adminstrasiyasını, ABŞ tərəfini ədalətsizlikdə günahlandırırsa, digər tərəfdən də bu ədalətsizliyi məhz həqiqəti təhrif edərək özü də edirsə, o zaman rəqiblərindən qətiyyən fərqlənmir.

Araşdırmaların nəticələri artıq ortada olduğu halda, daha dəqiq desək, tədqiqatların bəzi nəticələrinə görə, qəzaya uğrayan təyyarəmizdə olan zərərçəkənlərin yaralarında “Panitsir” hava hücumundan müdafiə sisteminin raketinə məxsus qəlpə qalıqları olduğu halda, həmin təyyarəyə zərbənin Rusiya hava məkanında yetirildiyi halda, Azərbaycanı, zərərçəkəni günahlandırmaq başqalarının ədalətsizliyindən nə ilə fərlənə bilər? Axı Azərbaycan tərəfinin istəyi və tələbi hadisənin ədalətli şəkildə araşdırılmasıdır və “komsomolskaya pravda” kimi “başqa bir niyyət” yoxdur. Bu həqiqəti Rusiya tərəfi başa düşmür, yoxsa, “komsomol həqiqəti” adında nəşrin həqiqətə yaxın belə gəlməyən yalanını, eləcə də məkrli kampaniyasını görmür? Yaxşı başa düşür və görür də. Amma hələ də “cavab” ləngiyir. Azərbaycan tərəfi təyyarə qəzası ilə nəticələnən bu boyda faciəni törədən tərəfdən “hesab sormaq” hüququna sahib olduğu halda, hansısa nəşrin həyasızcasına qabaqdangəlmişlik etməsi həqiqətən də paradoksal təzahürdür. Xüsusən də, bu gün Rusiya ilə qonşuluq münasibətlərinə, əlaqələrinə, əməkdaşlıqlarına yeganə sadiq qalan ölkə olan Azərbaycanı hədəfə almaq da tragikomediyadır. Əgər bu gün Rusiya tərəfi öz təklənmiş durumunda olduğunun fərqindədirsə, yəni bunun bir ölkə üçün əslində tragediya olduğunu dərk edirsə, bu durumda ondan digərləri kimi “imtina etmək” fikrində olmayan Azərbaycana qarşı qərəzli kampaniyaya göz yumursa, münasibətlərinə xələl gələcəyini nəzərə belə almadan gülünc duruma sürüklənirsə, bu elə Rusiya üçün tragikomediyadır...

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə