Azərbaycanda “Rəqəmsal ekologiya” informasiya sistemi (REİS) yaradılıb. SİA xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
“Rəqəmsal ekologiya” informasiya sistemi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə rəqəmsal texnologiyalardan, o cümlədən informasiya-kommunikasiya texnologiyalarından istifadə yolu ilə nazirliyin fəaliyyətinin, habelə digər fiziki və hüquqi şəxslərlə əlaqələrinin operativliyini, səmərəliliyini, şəffaflığını, eləcə də göstərilən xidmətlərin əlçatanlığını təmin edəcək.
REİS-in sahibi funksiyalarını nazirlik, operatoru funksiyalarını isə nazirliyin tabeliyindəki “Geodeziya və Kartoqrafiya Agentliyi” publik hüquqi şəxs həyata keçirəcək.
Maliyyə Nazirliyinə REİS-in formalaşdırılması, aparılması və saxlanılması xərclərinin ETSN-in sərəncamında olan məqsədli büdcə fondları vasitəsilə maliyyələşdirilməsi ilə bağlı zəruri tədbirlər görmək, Nazirlər Kabinetinə isə Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
REİS-in fəaliyyətinin təşkili, onun saxlanılması, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər ETSN-nin sərəncamında olan məqsədli büdcə fondları və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdiriləcək.
Fəaliyyətinin dayanıqlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə REİS, o cümlədən REİS-də toplanılan məlumatlar, eləcə də REİS-in və həmin məlumatların ehtiyat nüsxələri “Hökumət buludu”nda saxlanılacaq.
REİS-ə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi məlumatları (şəxsin soyadı, adı, atasının adı, doğum tarixi, qeydiyyat ünvanı, fotoşəkli, FİN-i), ov silahından istifadəyə dair icazə sənədinin məlumatları (icazə sənədinin nömrəsi, qeydiyyat tarixi, etibarlılıq müddəti, silahın markası, nömrəsi, kalibri, istehsal tarixi), vergi ödəyicisi barədə məlumatlar (VÖEN, hüquqi şəxsin adı), şəxsin pensiya və qüvvədə olan əmək müqaviləsi üzrə məlumatlar (şəxsin pensiyaçı olub-olmaması barədə məlumat, şəxsin qüvvədə olan əmək müqaviləsi üzrə cari iş yeri barədə məlumat) ötürüləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə