Deputat: Dünya 44 gündə Azərbaycanın şanlı qələbəsinin şahidi oldu

“1988-ci ildə başlayan Qarabağ hadisələri kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnib. Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurub. Bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olub”.

SİA-nın məlumatına görə, bu fikirləri Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

O qeyd edib ki, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində 44 gün ərzində düşmən ordusunu məhv edərək, noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib: “Şuşa şəhərinin azad olunması ilə müharibənin taleyini həll edildi. 2020-ci ilin noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı.

44 gün ərzində Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Bu müddət ərzində Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı və peşəkarlığı ilə Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü və qüdrətini göstərdi.

Vətən müharibəsindən sonra müharibə nəticəsində Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə qənimət götürdüyü düşmənə məxsus hərbi texnika, silah və sursatların saxlanılması üçün Ölkə Başçısının tapşırığı ilə Hərbi Qənimətlər Parkı yaradılıb. Azərbaycan əsgərinin İkinci Qarabağ müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin təbliği, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən müharibəsi memorial kompleksi inşa edilib.

Azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə geniş inşaat işləri aparılır, işğal və zəfər muzeylərinin inşası planlaşdırılır. Həmçinin xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, muzeylər, hava limanları, dəmir yolları, tunellər inşa edilir, məscidlərimizin bərpası həyata keçirilir. Bir sözlə, azad edilmiş torpaqlara həyat geri qaytarılır.

Hazırda Qarabağda və Şərqi Zəngəzurda təqribən 30 min insan məskunlaşıb. Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgələrdə bərpa-quruculuq işlərinə minlərlə işçi qüvvəsi cəlb olunub. Bu gün təkcə Xankəndi şəhərində 6 mindən çox insan yaşayır. Onlardan 1300-dən çoxu Qarabağ Universitetində çalışır və təhsil alır. Daha 500 nəfər isə Nizami Gəncəvi adına Xankəndi şəhər tam orta məktəbində işləyənlər və təhsil alanlardır. Ümumiyyətlə, azad edilmiş ərazilərdə həyata keçirilən işlərdə 20 min nəfərdən çox insan çalışır.

Bu gün Azərbaycan üçün müharibə başa çatıb, Azərbaycan öz suverenliyini tam bərpa edib, bu regionun əsl və tarixi simasını və keçmiş ruhunu dirçəltmək üçün tammiqyaslı yenidənqurma və bərpa işlərinə başlanılıb.

Prezident İlham Əliyev Qarabağdan və Şərqi Zəngəzurdan olan insanların doğma torpaqlarına qayıtmasını böyük nailiyyət kimi qiymətləndirir və gələcəkdə Qərbi Azərbaycana qayıdışın da mümkün olacağını bildirir”

Bütün xəbərlər Facebook səhifəmizdə