Aşqarlar Kimyası İnstitutunda beynəlxalq seminar keçirilib - FOTOLAR

Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda Bakıda keçiriləcək COP29 konfransına və Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan onlayn beynəlxalq seminar təşkil edilib. SİA xəbər verir ki, tədbirdə elmi müəssisənin baş direktoru akademik Vaqif Fərzəliyev noyabrın 11-dən 22-dək keçiriləcək COP29 tədbirinin əhəmiyyəti, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində institutda aparılan tədqiqatlar haqqında məlumat verib. O, qlobal ekoloji problemlərin həllinə yönələn elmi işlərin müzakirəsi üçün mütəmadi olaraq seminarlar təşkil edildiyini vurğulamaqla, budəfəki tədbirin bitki esktraktları üzrə müştərək tədqiqatların nəticələrinin müzakirəsinə həsr edildiyini bildirib.

İcraçı direktor professor Əfsun Sucayev Aşqarlar Kimya İnstitutu ilə Türkiyənin Bartın Universiteti arasında əməkdaşlığın cari vəziyyəti və perspektivləri haqqında məlumat verib. O, Türkiyənin Atatürk və Bartın universitetlərinin əməkdaşlıq baxımından Aşqarlar Kimyası İnstitutuna daha çox önəm verdiklərini qeyd edib. Professorun sözlərinə görə, müştərək aparılan beynəlxalq səviyyəli tədqiqatların nəticələri nüfuzlu jurnallarda 50-yə yaxın məqalə şəklində dərc edilib.

Ə.Sucayev adıçəkilən universitetlərlə Qarabağ və Şərqi Zəngəzurun zəngin florasına daxil olan dərman potensiallı bitkilərin ekstraktları üzrə dərinləşdirilmiş elmi tədqiqatlar aparılmasının nəzərdə tutulduğunu söyləyib.

Sonra Bartın Universitetinin Fənn fakültəsinin Tibbi biotexnologiya şöbəsinin dosenti Parham Taslimi “Bitkilər üzrə bəzi in vitro çalışmalar” mövzusunda geniş təqdimat edib. O bildirib ki, müştərək beynəlxalq tədqiqatlar çərçivəsində bitki ekstraktlarından alınan potensial dərman maddələrinin antioksidant və enzim-izoenzim xüsusiyyətinə geniş yer verilir. Alim bu istiqamətdə Türkiyədə tədqiqatlar aparıldığını, mühüm nəticələr əldə olunduğunu, həmin nəticələrin nüfuzlu xarici jurnallarda çap edildiyini və xüsusən dünya alimlərinin diqqətini cəlb etdiyini vurğulayıb.

P.Taslimi tədbirdə magistrant və doktorantların iştirakını nəzərə alaraq bitki ekstraktların hazırlanmasından başlayaraq funksional xassələrlə bağlı müxtəlif ölçmələrin aparılması texnologiyaları haqqında ətraflı məlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə