"Tədbirlər ən yüksək səviyyədə baş tutacaq" - ŞƏRH EDİLDİ

"COP29-un keçirilməsinə sayılı günlər qalıb". Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

O bildirib ki, artıq COP29-da iştirak edəcək dövlət və hökumət başçılarının, dövlət rəsmilərinin hər gün bir qədər daha bu tədbirə maraq göstərməsi əvvəlcədən tədbirin böyük uğurla başa çatacağının zəmanətidir. Artıq COP29-un keçirilməsinə çox az bir müddət qalıb və çoxsaylı dövlət, hökumət başçıları tədbirdə iştirak edəcəkləri ilə bağlı təsdiq məktubları göndəriblər. Bu, bir daha önümüzdəki mötəbər tədbirin necə böyük təntənə ilə keçəcəyinə və öz məqsədlərinə necə müvəffəqiyyətlə nail olacağına bir işarədir. Ona görə də bu, islamofob mərkəzləri, Azərbaycanı sevməyən qüvvələri daha da aqressivləşdirir. Onlar maksimum dərəcədə çalışırlar ki, bu ərəfədə heç olmasa Azərbaycandan müəyyən güzəştlər əldə etsinlər, Azərbaycana qarşı cinayət törətmiş hərbi cinayətkarların azad olunmasına nail olsunlar. COP29-a hazırlıq Azərbaycanda yüksək səviyyədə aparılır. Həm təşkilati baxımdan, həm də kommunikasiya baxımından məsələni qiymətləndirmək lazımdır.

Təşkilati baxımdan Azərbaycanda ilk dəfə bu qədər sayda qonağın iştirak edəcəyi hadisəsi baş tutacağı üçün ilk növbədə protokol xidmətlərinin üzərinə böyük vəzifə düşür. Onların yerləşdirilməsi, vaxtında təyinat nöqtəsinə çatdırılması və əlaqələndirilməsi məsələsi çox aktualdır. Artıq görürük ki, şəhərimizdə bir neçə gündür, bununla bağlı həm kommunikasiya, həm də protokolun təşkili baxımından simulyasiyalar həyata keçirilir, məşqlər aparılır. Təşkilati işlər təcrübə baxımından qiymətləndirir. Bu, çox mühümdür.

İkinci isə, əlbəttə ki, COP-un öz məqsədinə çatması üçün, həm də nümunə təşkil etməsi üçün bir sıra şərtlər var. Bu şərtlər COP tədbirlərinin keçirildiyi bütün şəhərlərə tətbiq olunur. Bunlar kommunikasiyaların, xidmətlərin, avtomobil nəqliyyat xidmətlərinin yaşıl enerji ilə təchiz olunmasıdır ki, biz artıq şəhərimizi buna da hazır vəziyyətdə görürük. Ona görə də, bəri başdan əminliklə demək olar ki, COP29 Azərbaycanın ev sahibliyi etdiyi bütün digər beynəlxalq tədbirlər kimi ən yüksək səviyyədə baş tutacaqdır".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə