Fransa üçün ənənəvi olan SİYASİ ƏXLAQSIZLIQ - TƏHLİL

Fransanın mövqeyi artıq çoxdan bəllidir və hətta göründüyü kimi, Azərbaycana qarşı bu əks mövqe, düşmən münasibət heç dəyişilən də deyil. Biz bu qənaətə artıq çoxdan gəldiyimiz üçün və bunun, yəni, bizə qarşı rəqib mövqeyin, düşmənçiliyin Fransa üçün çoxdan qəbul olunduğunu bildiyimiz üçün iqtisadi gücümüzü, hərbi gücümüzü, ümumiyyətlə bütün imkanlarımızını artırmalı, daim ölkəmizin daha qüdrətli olmasına çalışmalıyıq və sevinirik ki, belə də edilir. Məhz ölkəmizin qüdrətinin durmadan artması, gücümüz, qüdrətimiz bizə imkan verir ki, heç bir ölkənin mövqeyini nəzərə almadan öz siyasətimizi, özü də müstəqil şəkildə yürüdək və indi bütün dünya ictimaiyyəti görür ki, Azərbaycan tam suveren ölkə olaraq, beynəlxalq hüquqlar çərçivəsində öz milli mənafelərini müdafiə etmək əzmindədir. Bütün dünya ictimaiyyəti görür və əmindir ki, hansısa bir ölkənin həyasızlıq nümayiş etdirməsi, qanunsuz, haqsız, ədalətsiz davranışı zərrə qədər də hesaba alınmır.

Rəsmi Paris nəinki sülh istəmir, əksinə, müharibə arzusundadır

Bəli, həqiqətən də rəsmi Paris dönə-dönə, dəfələrlə sübut etdi ki, bir ölkə, bir dövlət olaraq, sülhün əleyhinədir. Dəfələrlə Fransanın sülhə mane olmaq cəhdlərini hamı, bütün dünya ictimaiyyəti müşahidə edib və yenə də etməkdədir. Hər kəs dəfələrlə gördü və əmin oldu ki, rəsmi Paris nəinki sülh istəmir, əksinə, müharibə istəyir. Bunun daha çox biz azərbaycanlılar çoxdandır ki, fərqindəyik. Fərqindəyik ki, Fransa hər addımda sülhün bərqərar olmaması üçün, Azərbaycanla Ermənistan arasında sülh danışıqları baş tutmaması üçün bütün mümkün addımları atır. İndi artıq sirr deyil ki, Fransa hökuməti regionda müharibənin yenidən qızışması, alovlanması üçün əlindən gələni əsirgəmir, iki qonşu ölkə arasında münasibətlərin gərginləşmi üçün hər vasitədən istifadəni məqbul hesab edir. Rəsmi Paris çoxdandır ki, revanşist əhval-ruhiyyədə olanlara, bir sözlə, müharibə çağırışı edənlərə silah da verir, dəstək barədə vədlər də. Bu da o deməkdir ki, revanşistlər, müharibə istəyənlər birbaşa olaraq, həvəsləndirilir və savaşa təhrik edilir. Çoxdandır ki, Fransanın mövqeyində bunun nəzərə çarpdığını kimsə təkzib edə bilməz və bunu heç rəsmi Parik də təkzib etmək istəmir. Hətta başda həmin ölkənin prezidenti Emmanuel Makron olmaqla, Fransa rəsmiləri də açıq-aşkar şəkildə işğalçılara dəstək vəd etdiyini hamımız yaxşı bilirik. Çünki onlar bu dəstək barədə gizli deyil, açıq şəkildə də bəyan ediblər və beynəlxalq hüquqa məhəl belə qoymadan tərəflərdən birini silahlandırmaq vədi ilə dəstək nümayiş də etiriblər, yeri gələndə, keyfiyyətsiz də olsa, haylara silah təminatı da edilib.

Həyasızlığın və hətta siyasi əxlaqsızlığın əsl nümunəsi

Bilirik ki, İrəvan və Paris Fransanın SEZAR özüyeriyən silahlarının tədarükünə dair müqavilə imzalayıb. Hətta Fransanın müdafiə naziri Sebastyan Lekornu X sosial şəbəkəsində də bu barədə bildirib. “Biz Ermənistanla müdafiə əlaqələrimizi gücləndirməyə davam edirik. Həmkarım Suren Papikyanla səmimi və məhsuldar söhbətim oldu. Yeni mühüm mərhələ SEZAR silahlarının alınması üçün müqavilənin imzalanmasıdır”, - deyə Lecornu həyasızcasına və utanmazlıqla qeyd edib. Bununla yanaşı, Fransaya işgüzar səfəri çərçivəsində Ermənistanın müdafiə naziri Suren Papikyan iyunun 18-də EUROSATORY beynəlxalq sərgisinin pavilyonları ilə tanışlığı davam etdirib. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti də açıq şəkildə məlumat yayıb. Bu xəbərə görə, Papikyan bir sıra hərbi sənaye şirkətlərinin nümayəndələri ilə görüşlər keçirib. Hətta qeyd olunur ki, razılaşmalar da əldə olunub, müqavilələr də imzalanıb. Bunlara nə ad vermək olar? Yəqin ki, nə ad verilməsi məsələsi ilə bağlı öhdəlik məhz Ermənistanın və ilk növbədə də Fransanın boynundadır, çünki hər iki ölkə məhz sülh danışıqları fonunda silahlanmaya maraq nümayiş etdirir. Ən dəhşətlisi odur ki, bir ölkənin, ələlxüsus da, humanizmdən dəm vuran, insanpərvərlik çağırışı ilə özünü göstərən Avropanın düz ortasında yerləşən bir ölkənin “başbilənləri”, daha dəqiq desək, qabaqda gedən siyasətçiləri məhz işğalçı ölkənin silahlandırılması, işğalçılara dəstək verilməsində maraqlı olduqlarını gizlətmirlər. Bu isə həyasızlığın, hətta siyasi əxlaqsızlığın əsl nümunəsi hesab oluna bilər.

Ünvanladıqları məktub açıq-aşkar olaraq, ikiüzlü yalanlarla doludur

Diqqətə çatdıraq ki, Fransanın bir sıra siyasətçiləri və ictimai xadimləri prezident Emmanuel Makrona açıq məktub imzalayıblar və onu Ermənistana “sülhməramlı” kontingent göndərməyə çağırıblar. Bu barədə informasiyanı Fransanın mətbuat səhifələri də gizlətmirlər. Məsələn, “Le Point” nəşri bu barədə açıq şəkildə məlumat yayıb. Məlumatda qeyd olunur ki, məktubu Parisin meri Ann İdalqo, Fransanın keçmiş xarici işlər naziri Bernard Kuşner və digər “məşhur” şəxslər imzalayıblar. Həmçinin qeyd olunur ki, məktub müəllifləri Ermənistanın təhlükəsizliyinin təmin edilməsinin və onun suverenliyinin qorunub saxlanılmasının vacibliyini vurğulayırlar. Onlar “müdafiə” proqramlarında, o cümlədən silahların tədarükü və erməni hərbçilərinin təlim proqramlarında Ermənistanı dəstəkləmək təşəbbüsünə görə prezidentə minnətdarlıqlarını bildiriblər. Bir sözlə, Ermənistana və erməni bacılarına olan təəssübkeşliklərini, ədalətsiz mövqelərini açıq-aşkar şəkildə həmin məktubda göstəriblər. Ona görə ədalətsiz mövqe deyərək cəsarətlə bildiririk ki, Fransa siyasətçiləri heç bir əsası olmadan, həm də heç bir məntiqi bağlılığı belə olmadan ittihamlar və iddialarla öz yaltaq mövqelərini, ikiüzlülüklərini ortaya qoyduqları gün kimi aydındır və həmin məktubda da özünü biruzə verir.

Maraqlıdır ki, sülh danışıqları fonunda Ermənistanın hansı təhlükəsizliyindən danışılır? Bir halda ki, rəsmi İrəvan öz qonşu ölkələri ilə normal və mehriban qonşuluq münasibətləri yolunu seçəcəyi təqdirdə, sülh müqaviləsini imzalayacağı təqdirdə hansısa təhlükədən söhbət belə gedə bilməzsə, o zaman Fransanın bu üzdəniraq siyasətçiləri nə çağırışı edirlər? Yaxud da ki, onların çağırışlarının adını nə qoymaq olar? Nəzərə alsaq ki, onların ünvanladıqları məktub açıq-aşkar olaraq, ikiüzlü yalanlarla doludur, deməli, özlərinin etdikləri də siyasi əxlaqsızlıqdır. Ələlxüsus da, Azərbaycanı “Qarabağda etnik təmizləmə” adı ilə ittiham etmək, üstəlik, ölkəmizin hərbi eskalasiyaya hazırlaşdığını bildirmək siyasi əxlaqsızlığın son həddidir. Ona görə ki, əvvəla, Azərbaycan heç bir etnik təmizləmə aparmayıb və belə bir niyyəti də olmayıb, əksinə, erməni əsilli Qarabağ əhalisinə Azərbaycan vətəndaşlığını qəbul edərək, həmin ərazilərimizdə qalıb yaşamaq təklifi edilib. Bundan imtina edən, qalmayıb ərazilərimizi tərk etmək qərarına gələnləri də sivil şəkildə yola salıb və hətta azərbaycanlıların məhz onların getdikləri zaman problemlərinin də həll edilməsində yardımçı olduqlarını təsdiq edən kadrlar da var. Digər tərəfdən də axı hansısa eskalasiyadan da söhbət gedə bilməz və öncədən hansısa bir tərəfi eskalasiya edəcəyində günahlandırmaq siyasi təcrübədə görünməmiş haldır. Çünki bu hal ancaq siyasi əxlaqsızlıq adlandırıla bilər və hansısa bir tərəfi, ölkəni etmədiyi və edəcəyi barədə sərsəm fikirlər səsləndirənlər tərəfindən hədəfə almaq siyasi əxlaqsızlıqdan başqa bir ad ala bilməz. Həm də bu tərz, Fransa siyasətçilərinə məxsus bu ənənə isə həmin o məktub adlandırdıqları kağız parçasına imza atanların niyyətlərinin təxribatçılıq olduğunu, özlərinin isə hiyləgər mahiyyətini, siyasi əxlaqsız olduqlarını anlamaq, ümumiyyətlə, belə bir qənaətə gəlmək üçün kifayət edir.

Qaradərililərə qarşı vəhşiliklər Fransanın alnında qara bir ləkə olaraq qalır

Azərbaycanı gələcək eskalasiyada həyasızcasına ittiham edərək özlərinə oxşar olan öz prezidentlərinə məktub ünvanlayan madam və müsyölər Fransanın müstəmləkəçiliyi prosesində Afrika ölkələrinin nə qədər sakininin məhv edildiyini xatırlamırlarsa, bunun adını nə qoymaq olar? Digərlərinin, digər bir ölkənin deyil, məhz afrikalılara qarşı vəhşiliklər edən bir ölkənin siyasətçilərinin başqa bir ölkəni gələcək eskalasiyada ittiham etmələri, günahlandırmağa qalxmaları və bunu prezidentə məktubunda belə qeyd etmələrinə siyasi əxlaqsızlıqdan başqa ad vermək olmur. İndi hər kəs bilir ki, qaradərililərə qarşı vəhşiliklər Fransanın alnında qara bir ləkə olaraq qalır. Bəs bu ləkə ilə hansısa ölkəni etmədiyi əmələ görə ittiham etmək siyasi əxlaqsızlıq deyilmi? Yəni, buna həyasızlıq da demək olmur, çünki həmin məktubu imzalayan fransız siyasətçiləri həyasızlıq həddini də bununla aşmış sayılırlar və bəşər tarixində görünməmiş simasızlığa, siyasi əxlaqsızlığa yol vermiş olurlar.

Məktub ünvanlayan fransız siyasətçilərin erməni diasporuna satılması, onların çaldığına oynaması özü siyasi əxlaqsızlıqdır

Məktubda fransız siyasətçilərinin Azərbaycanla Türkiyənin əlaqələrinə ehyam vurulması da həyasızlığın son həddidir. Əvvəla ona görə ki, Türkiyə ilə Azərbaycanın qardaş ölkə olduğunu hamı kimi, fransızlar da yaxşı bilirlər. Ələlxüsus da bizim köklərimizin, dinimizin, dilimizin, adət-ənənəmizin bir olduğunu hər kəs yaxşı bilir. Bir millət iki dövlət sözünün də əbəs yerə işlənilmədiyini hər kəs yaxşı anlayır. İndi qondarma fransız siyasətçilərinin Makrona müraciət məktubunda bu kontekstdə iki qardaş ölkə barəsində vurğulaması da həyasızlıqdan daha artıq bir şeydir axı. Bəli, həqiqətən də ölkələrimiz qardaş ölkədir, biz bir millətik və bizim bir-birimizə dəstəyimiz də, mənəvi dayaq olmağımız da tamamilə məntiqidir. Türkiyə həmişə Azərbaycanın, eyni zamanda, Azərbaycan da həmişə Türkiyənin yanındadır və bundan sonra da belə olacaq. Eyni zamanda, hər iki qardaş ölkə həm də beynəlxalq hüququn yanındadır, çünki bizim ölkələrimiz beynəlxalq hüququn norma və prinspləri ilə hərəkər edirlər.

Bəs sual oluna bilər ki, əvvəla, rəsmi Paris, Fransa siyasətçiləri, həmin o məktubu ünvanlayanlar kimin yanındadırlar, beynəlxalq hüququ pozan işğalçılarınmı? Digər tərəfdən də sual oluna bilər ki, bizdən fərqli olaraq, Ermənistanla Fransanı birləşdirən nədir axı? Bir-birindən uzaqda yerləşən, həmsərhəd olmayan, ortaq keçmişi olmayan və ortaq və ya oxşar dili olmayan ölkələri və xalqları birləşdirən nədir ki, belə çanfəşanlıq edilir? Deməli, açıq-aşkar şəkildə meydana çıxır, bəlli olur ki, həmin o məktub ünvanlayan fransız siyasətçiləri Fransadakı erməni diasporuna satılıblar və onların çaldığına oynamaqdadırlar. Bəs bunun adını da siyasi əxlaqsızlıq qoymayaqmı? İyunun 30-da Fransada növbədənkənar parlament seçkiləri keçiriləcəyi fonunda, Emmanuel Makron partiyasının Avropa Parlamentinə seçkilərdəki uğursuzluğundan sonra indi dondan-dona girməsinin, səs qazanmaq naminə erməni diasporuna yaltaqlanmasının da başqa bir adı varmı? Seçkilər öncəsi yalan danışmağa və ikiüzlü olmağa öyrəncəli olan Fransa siyasətçilərindən çoxlu ermənipərəst və anti-Azərbaycan bəyanatları səsləndirilməsinin adı elə siyasi əxlaqsızlıqdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə