“Azərbaycan üçün COP29-un ölkəmizdə keçirilməsi olduqca vacibdir” - POLİTOLOQ ŞƏRH ETDİ

“Dünyanın ən böyük beynəlxalq konfransı - COP29-da 100-dən çox dövlətin nümayəndəsinin və xüsusilə ətraf mühitin mühafizəsi, ekologiya, yaşıl enerji sahələrində ixtisaslaşan qurumların təmsilçilərinin, ümumilikdə 60 - 70 min arası qonağın iştirakı gözlənilir ki, bu da bir çox göstəricilərinə görə kifayət qədər yüksək səviyyəli tədbir hesab olunur”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

O bildirib ki, COP29 həm siyasi, həm enerji sektorunun, həm də miqrasiya sahələrinin inkişafı nöqteyi-nəzərindən çox vacib tədbirdir: “Təcrübə göstərir ki, iqlim dəyişmələri ilə bağlı konfransların, sessiyaların keçirildiyi dövlətlərdə sonrakı mərhələlərdə məhz həmin sahələrdə çox ciddi irəliləyişlər müşahidə olunur. Ölkəmiz onsuz da iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə aparıcı yerlərdən birini tutur. Elə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması, ölkəmizin 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsi, 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürülməsi, eləcə də işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur, o cümlədən Naxçıvan Muxtar Respublikasının yaşıl enerji zonası elan olunması da bunun bariz göstəricisidir.

Məhz elə bu istiqamətdə görülən işlərin və atılan addımların nəticəsidir ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un keçirilməsi üçün məhz Azərbaycan məkan olaraq seçilib. Özü də COP29 konfransının Bakıda keçirilməsi ilə bağlı qərar beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olub. Başqa sözlə desək ölkəmizin COP29 konfransına ev sahibliyi yekdil qərarla təsdiqlənib. Bu isə təsadüfi deyil və bir sıra amillərlə bağlıdır. Bu amillərdən biri ölkəmizin beynəlxalq tədbirlərin keçirilməsi ilə bağlı təcrübəsinin olmasıdır. Azərbaycan son illərdə beynəlxalq miqyasda bir çox siyasi, humanitar, elmi, mədəni, idman tədbirlərinə uğurla ev sahibliyi edib və kifayət qədər zəngin təşkilatçılıq təcrübəsi var. Bu mənada Bakının COP29-un tələblərinə və standartlarına da cavab verəcəyi heç kimdə şübhə doğurmayıb.

Bəzi anti-Azərbaycan qüvvələrin bizə qarşı qaralama kampaniyası apardığı və əsassız ittihamlarla suçladığı bir vaxtda belə bir mötəbər tədbirin ölkəmizdə keçirilməsi heç şübhəsiz ki, beynəlxalq ictimai rəydə Azərbaycanın mövqelərinin möhkəmləndirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edəcək. Onu da qeyd edim ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının ölkəmizdə keçirilməsi barədə qərar məhz lokal antiterror əməliyyatından iki ay yarım sonra qəbul olunub. Bu amil xüsusi olaraq ona görə qeyd olunmalıdır ki, Azərbaycan Ordusunun sentyabrda həyata keçirdiyi lokal antiterror tədbirlərindən sonra bəzi Qərb ölkələrinin, xüsusən də Fransanın Azərbaycana qarşı əsassız ittihamlar irəli sürməsi, onların Azərbaycanın qələbəsi ilə barışmaq istəməməsi COP29-un Bakıda keçirilməsini əngəlləyə bilərdi. Lakin dünya ictimaiyyəti Fransanın və digərlərinin diktəsi ilə yox, sağlam təfəkkürə əsaslanaraq Azərbaycana öz dəstəyini ifadə etdi.

Dünya birliyinin bu qərara imza atması bir daha onu göstərdi ki, bizə qarşı irəli sürülmüş ittihamların əslində heç bir əsası yoxdur və beynəlxalq birlik də bu reallığı qəbul edir. Hətta Ermənistan da artıq bu vəziyyətlə barışıb və COP29 konfransına ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycan Respublikasının namizədliyini dəstəkləməsi də bunun bariz göstəricisidir.

Ölkəmizin COP29 beynəlxalq konfransına uğurla ev sahibliyi etməsi xalqımızın növbəti böyük uğuru olmaqla bərabər, həm də malik olduğumuz potensialı bütün dünyaya göstərmək baxımından da önəmlidir. Şübhə yoxdur ki, siyasi nöqteyi-nəzərdən konfransın ölkəmizdə keçirilməsi beynəlxalq münasibətlər sistemində məhz Azərbaycanın rolunun daha da inkişafına və onun yerinin güclənməsinə gətirib çıxaracaq. Çünki bölgəmizdə yaşıl ərazilərin yaradılması olduqca önəmlidir. Vaxtilə işğal altında olan ərazilərimizin faktiki olaraq boz zonaya çevrilməsi, respublikamızın flora və faunasının məhvi indi bu ərazilərin bərpa olunması ehtiyacını vacib edib. Odur ki, Azərbaycanın həmin ərazilərdə alternativ, yaşıl enerjilər, karbohidrogen və karbon qazlarından azad olan seqmentlər üzrə inkişaf etdirməsi faktiki olaraq yaşıl enerjiyə yeni münasibətin sərgilənməsindən və həmin sahədə siyasətin formalaşmasından xəbər verir. Məhz bu səbəbdən də vaxtilə boz zona olan əraziləri yaşıl zonaya çevirmək niyyətində olan Azərbaycan üçün COP29-un ölkəmizdə keçirilməsi olduqca vacibdir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə