Fransada maskası cırılan SİYASİ RİYAKAR - TƏHLİL

Ermənistanın baş naziri Nikol Paşinyan Fransada olduğu zaman yeni ağasının gücünə və himayəsinə güvəndiyindən başını tamamilə itirib. Özü də elə itirib ki, “France 24” telekanalına müsahibə verərkən öz müttəfiqi, bundan əvvəl ağası bildiyi Rusiyaya ünvanlanmış təxribat xarakterli bəyanatlar da səsləndirib və üstəlik, Azərbaycanı əsassız olaraq müharibəyə və təcavüzə hazırlaşmaqda belə ittiham edib. Paşinyanın təxribat xarakterli həmin bəyanatlarından, əsassız ittihamlarından belə məlum olur ki, rəsmi Parisin, eləcə də Emmanuel Makronun öz erməni bacılarına vəd etdiyi dəstəkdən özünü itirən erməni baş nazir fərqinə belə varmadan iç üzünü açıb ortaya qoyub.

Fransada olduğuna görə öz ağasının qanadları altına sığındığını düşünən Nikol Paşinyan əvvəlcə KTMT-də ölkəsinin iştirakının dondurulduğu barədə ağız dolusu danışmaqla, əvvəlcə özünü qəhraman kimi göstərmək qərarına qəlib. Hətta bunun ardınca da erməni baş nazir Moskvanı İrəvanda hökuməti devirmək cəhdində ittiham da edib. Bir qədər də irəli gedən Nikol sonra da utanmadan Rusiyanı hədələməyə belə özündə cəsarət tapmış kimi davranıb. “Arxalı köpək qurd basar” zərb məsəlində deyildiyi kimi, Fransa prezidenti Makronu öz arxasında görən, yeni ağasının ağuşunda özünü hiss edən Paşinyan, əvvəlki ağasına dil uzatmağa da cəsarət edib. Şübhəsiz ki, o bununla Rusiyaya qarşı qərəzli mövqedə olan böyük bacısının sadiq köpəyi olduğunu göstərməyə çalışıb və hadisələrin gedişindən belə məlum olur buna nail olub da. “Biz öz ərazimizdə qeyri-qanuni, qanunsuz hərəkətlərə dözə bilmərik” deyən erməni baş nazir hansı qanunsuzluqlardan danışdığını heç özü də bilmir, amma bununla belə sərsəm fikirləri ilə sülh niyyətində olmadığını bir daha göstərmiş və ilk növbədə özünü ifşa etmiş olur. Görünən odur ki, Nikol Paşinyanın növbəti dəfə maskası Fransada cılırıldı və əsl mahiyyəti ortaya çıxdı.

“Azərbaycanın Ermənistana hücuma hazırlaşdığını” deyən baş nazir Nikol Paşinyan hətta utanmadan onu da qeyd edib ki, rəsmi Bakının “Qərbi Azərbaycan”la bağlı bəyanatları Ermənistan ərazisinin böyük hissəsinin Azərbaycan ərazisi hesab edilməsi deməkdir. “Biz tez-tez Qərbi Azərbaycanla bağlı bəyanatlar eşidirik – bu bəyanatlar həqiqətən də hansısa məna kəsb edir. Haqqında danışdıqları və nəzərdə tutduqları bu Qərbi Azərbaycan əslində, Ermənistandır. Bu o deməkdir ki, Ermənistan Respublikasının böyük hissəsinin Qərbi Azərbaycan olduğunu deyirlər”, deyən erməni baş nazir ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinin Azərbaycan tərəfindən tanınmadığı təqdirdə sülhün mümkünsüzlüyü barədə fikir səsləndirib. Guya Azərbaycan tərəfindən ciddi təhlükə ilə üzləşməsi barədə təbliğat aparmağa çalışan Ermənistan rəhbərinin riyakarcasına növbəti dəfə yalana əl atdığı dərhal bəlli olur, çünki rəsmi Bakı dəfələrlə Ermənistana qarşı ərazi iddialarının olmadığını vurğulayıb. “Bizim siyasətimiz beynəlxalq hüquqa əsaslanır. Biz Ermənistanın ərazisinə iddia etmirik və onlar öz iddialarından əl çəksinlər”, deyə fevralın 14-də andiçmə mərasimində çıxışı zamanı cənab Prezident Əliyevin bəyan etdiklərinin ardınca erməni baş nazirinin qeyd olunan şəkildə belə yalan danışması riyakarlıq nümunəsidir. Belə riyakarlıqla Nikol sülh niyyətində olmadığını bu bəhanələrlə və əsassız iddialarla göstərmiş olub. Şübhəsiz ki, Ermənistan lideri Fransada özünü göstərmək, rəsmi Parisin məlum pozuculuq planına, sülhə mane olmaq səylərinə “sadiq nökər” kimi qulluq etdiyini nümayiş etdirməyə çalışıb və bununla əslində, həqiqətən də sülh niyyətli olmadığı bir daha öz təsdiqini tapıb.

Nikol Paşinyanın Fransada səsləndirdiyi bəyanatlar sübut edir ki, Ermənistan rəsmi Parisin göstərişi ilə regionda yeni münaqişə belə törətməyə hazırdır. Hətta, erməni tərəfi Basarkeçər rayonunun Yuxarı Şorca qəsəbəsi istiqamətində yerləşən mövqelərdən Kəlbəcər rayonunun Yellidcə qəsəbəsi istiqamətində Azərbaycan Ordusunun mövqelərini iriçaplı pulemyotlardan atəşə tutması bir daha təsdiq edir ki, Ermənistan silahlı qüvvələrinin istənilən anda yenidən təxribatlara əl atması mümkündür. Diqqətə çatdıraq ki, vəziyyətin gərginləşməsinin qarşısını almaq və iki ölkənin şərti sərhədində sabitliyi təmin etmək məqsədilə Azərbaycan Ordusunun bölmələri haqqında qeyd olunan təribatlara qarşı ciddi reaksiya verməyib. Əksinə, rəsmi Bakı Ermənistanın hərbi rəhbərliyini, regionda sabitliyin qorunması naminə bu cür təxribatlara yol verməməyə çağırmaqla kifayətlənib. Lakin Ermənistan tərəfi çox yaxşı bilir ki, belə təxribatlarına Azərbaycan tərəfinin cavabı onlar üçün çox acınacaqlı nəticələr və fəlakətlər vəd edir. Bununla belə yenə də ermənilərin belə təxribatlara “cəsarət” etməsi həqiqətən də düşündürücüdür və bir çox məqamlara aydınlıq gətirmək üçün yetərlidir.

Diqqət çəkən məqam ondan ibarətdir ki, Ermənistan tərəfinin şərti sərhəddə son təxribatı məhz Fransanın müdafiə naziri Sebastyan Lekornunun başçılıq etdiyi nümayəndə heyətinin Ermənistanda olduğu vaxt ermənilər tərəfindən törədilib. Görünür, ermənilər yenə də fransız bacılarını görüb, himayə hiss edib, nə isə edə biləcəklərini düşünüblər. Onu da nəzərə çatdıraq ki, “Le Figaro” nəşrinin yaydığı xəbərə görə, fevralın 22-də Fransa silahlarının bir partiyası, o cümlədən gecəgörmə cihazları və durbinlər də daxil olmaqla Ermənistana bir sıra hərbi avadanlıqlar göndərilib. Deməli, ermənilərin növbəti təribatlar törətmələri üçün Fransa dəstək olub və təxribatçılar da bundan sui istifadə etmək qərarına gəliblər. Doğrudur, nəyə isə nail ola bilməyiblər, ola da bilməzlər, amma ən azından, erməni tərəfi öz çirkin niyyətini, sülh istəmədiyini bir daha göstərmiş olub və Fransanın da regionda vəziyyəti gərginləşdirmək niyyətləri növbəti dəfə öz təsdiqini tapıb.

Ermənistanın müdafiə naziri Papikyanla İrəvanda keçirdiyi birgə brifinqdə Lekornunun bəyan etdikləri onu deməyə əsas verir ki, Fransa hələ də bölgədə münaqişəni qızışdırmaq niyyətindədir. O, açıq şəkildə, özü də növbəti dəfə bəyan edib ki, Fransa Ermənistana “himayədarlıq” etməyə davam edəcək. “Daha ciddi, Thales radarları kimi texnologiyalar da var. Hər dəfə müdafiə silahlarından danışırıq, amma hava hücumundan müdafiə sistemlərindən istifadə etməməyin yeganə yolu heç kimin heç kimə hücum etməməsini təmin etməkdir. Bu, əməkdaşlığımız üçün çox vacibdir. Bizim prioritetimiz Ermənistana kömək etməkdir”, deyən Lekornu, Fransanın işğalçı ölkəyə kömək edəcəyini açıq şəkildə bildirib. “Ermənistanın yaxın və orta mənzilli raketlərə ehtiyacı olarsa, onlar da təmin ediləcək”, deyə bildirən Fransanın müdafiə naziri Sebastyan Lekornunun sözləri erməniləri bir daha təxribatlar törətməyə sövq edib. Fransa tərəfi belə “himayədarlıq” etməklə, vəziyyəti gərginləşdirəcəyinin fərqindədir, amma qətiyyən niyyətindən əl çəkmək istəmir. Əksinə, Lokornunun açıqlamalarından da görünür ki, Fransa Cənubi Qafqazda möhkəmlənmək üçün İrəvanı əslində, heç də “müdafiə” üçün nəzərdə tutulduğu deyilən silahlarla yox, Azərbaycana qarşı hücum məqsədləri üçün istifadə oluna bilən silahlarla doldurmağa hazırdır və buna da çalışır. Görünür buna görə də başda elə baş nazir Paşinyan özü olmaqla, ermənilər bu vəziyyəti öz təxribatlarını törətmək üçün münbit şərait hesab ediblər. Yəqin ki, Vovayeviç də digərləri kimi fransız bacılarının dəstəyindən “cəsarətlənərək”, ağlına gələni sayıqlamağı özünə rəva bilib.

Fevralın 17-də cənab Prezident İlham Əliyev və Ermənistanın lideri Nikol Paşinyanın Münxen Təhlükəsizlik Konfransı çərçvəsində keçirilən görüşündə, erməni baş nazirin sülh sazişi üzrə müzakirələrin davam etdirilməsi razılığına gəldiyini göstərməsinin, görüşü konstruktiv hesab etməsinin ardınca, daha dəqiq desək, sözügedən görüşdən cəmi dörd gün sonra Fransaya səfəri zamanı bütün konstruktiv yanaşmaları və razılaşmları bir kənara ataraq, Azərbaycana qarşı yeni iddialar irəli sürməyə başlaması onun siyasi riyakarlığını göstərir. Doğrudur, belə fərqli mövqenin Paşinyan tərəfindən nümayiş etirilməsi hansısa bir təəccüb doğura bilməzdi, çünki onun bir-birini təkzib edən bəyanatları fonunda qeyri-ciddi siyasətçi kimi tanındığını hər kəs qəbul edir. Amma bununla belə, onun sülh prosesində maraqlı olduğuna dair yaratdığı görüntü növbəti dəfə ifşa olundu və məhz Nikol Paşinyan “Frans24” telekanalının tribunasından səsləndirdiyi iddiaları fonunda riyakarlığı ilə özü-özünü ifşa etmiş oldu. “Danışıqlar zalında çox şeyin konstruktiv və faydalı olduğu hallar olub, lakin biz onların həyata keçirilməsini görmürük”, deyə Fransa telekanalının kameraları önündə sayıqlayan Paşinyan bununla da Münhen görüşünün əhəmiyyətini kiçiltməyə çalışıb, eləcə də həmin görüşün mənasız olduğu mesajını da verib. İkitərəfli danışıqlarda “konstruktiv siyasətçi” obrazını yaradan Paşinyan bir növ həmin masadan qalxan kimi siyasi riyakarlığını ortaya qoyub.

Sözsüz ki, Nikol Paşinyanın irəli sürdüyü gündəliyinin heç bir konstruktiv tərəfi olmadığı bəllidir. Çünki göz önündədir və bəlli olan odur ki, o, faktiki olaraq sülh sazişi üzrə razılaşmaq və ortaq məxrəc tapmaq niyyətində görünmür. Görünən odur ki, erməni baş nazir Azərbaycanın mövqeyini nəzərə almadan, “sülh sazişi” adı altında bölgədə üstünlük qazanmaq niyyətindədir və qarşılıqlı anlaşma prinsipləri onun heç yadına da düşmür, onu hem maraqlandırmır da. Əksinə, “Frans24” kanalına müsahibəsindən bəlli olur ki, onun yadına düşən və onu maraqlandıran hiyləgərlik, yalançılıq etməklə sülhdən uzaq olmaq, üstünlük baxımından nə isə əldə etməkdir. Bu isə hazırda qətiyyən mümkün görünmür və onun özünün də, ölkəsinin də mümkün təxribat planları mövcud hərbi və siyasi şərtlər daxilində Azərbaycanın mövqeyinə qətiyyən təsir edə bilməz. Ümumiyyətlə, erməni baş nazir Nikol Paşinyan hansı ölkənin qanadı altına girməsindən asılı olmayaraq, yenə də Azərbaycanın mövqeyinə zərrə qədər təsir etməyi ağlına belə gətirməsin və bir dəfəlik dərk etsin ki, onun növbəti dəfə Parisdə maskası cırıldığı zaman qazandığı siyasi riyakar adı olub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə