Müstəqil və Bütöv Azərbaycan ilk Prezidentini seçəcək! -TƏHLİL

2020-ci ilə kimi artıq 29 il idi ki, xalq olmazın əzab-əziyyətindən sonra Azərbaycanın dövlət müstəqilliyini bərpa etmişdi. Lakin bu sevinci doyunca yaşamadan bədnam qonşumuz ermənilər havadarlarının dəstəyi ilə sərhədlərimizdə ixtişaşlar yaratmağa başladı, ardınca isə Azərbaycanın baş tacı olan Qarabağı işğal etdi. Müstəqilliyimiz Qarabağa qədəmlərini qoya bilmədi. Bu qədim yurd başı üzərindən sovet imperiyasının bayrağını endirdi, lakin üçrəngli dövlət bayrağımızı da dalğalandıra bilmədi. Münaqişələr, qarşıdurmalar, qan-qadalar Qarabağın qara bəxti oldu. Üçrəngli bayrağımız dalğalanmayan yurdlarımız erməni tapdağına tuş gəldi. Və onları müstəqillik və bayrağımızdan 2020-ci ilə qədər düz 30 illik zaman kəsiyi ayırdı.

2020, 2023, 2024-cü illər

2020-ci ilin 10 noyabrı Azərbaycan tarixinin səhifələrinə düşmən Ermənistan üzərində Böyük Zəfəri qırmızı xətlə yazdısa, 2023-cü ilin 20 sentyabrı Böyük Zəfərin davamı olaraq lokal anti-terror tədbirləri ilə ərazi bütövlüyümüzün və süverenliyimizin tam bərpası ili oldusa, 2024-cü ilin 7 fevralı isə şanlı tariximizə müstəqil və Bütöv Azərbaycanda ilk Prezident seçkilərinin keçirildiyi gün kimi yazılacaq.

2020-2023-cü illərdə torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyünün tam təmin olunması kimi tarixi hadisələr ölkə vətəndaşları tərəfindən necə qürur və sevinclə qarşılandısa, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında" 7 dekabr 2023-cü il tarixli Sərəncamı eyni hisslərlə qarşılandı. Çünki ilk dəfə Bütöv Azərbaycanda seçki keçiriləcək ki, bu da hər bir vətəndaşın uzun illərdən bəri gözlədiyi andır.

Müstəqillik illərində ölkəmizdə bir neçə dəfə seçkilər keçirilib. Həm Prezident, həm parlament, həm də bələdiyyə seçkiləri. Lakin xalq bu seçkilərə müstəqil Azərbaycanda getsə də, Bütöv Azərbaycanda getməyib. Elə bu səbəbdən də ötən illərin hər birində ürəklərdə bir sıxıntı olub: Qarabağ kimi gözəl yurdumuzun işğal altında olması, soydaşlarımızın məcburi köçkün həyatı yaşaması, başımızı dik tuta bilməməyimiz kimi dərd-sərimiz...

Qarabağ probleminin dinc yolla həlli istiqamətində illərlə iş aparılsa da, lakin bu sahədə uğurlu nəticə əldə olunmamışdı. Çünki Azərbaycanın illərlə sülh səsinə beynəlxalq aləm cavab vermədi. Ermənistan respublikası isə nəinki torpaqlarımızı sülh yolu ilə qaytarmaq istəmədi, hətta yeni işğalçılıq siyasətini davam etdirdi.

Dövlətimizin başçısı isə xalqa bütün müraciətlərində, hətta beynəlxalq kürsülərdə çıxışlarında belə vurğulayırdı ki, torpaqlarımızın sülh yolu ilə qaytarılması mümkün olmasa, bu, hərb yolu ilə olacaq.

2020-ci il torpaqlarımızın işğalda qaldığı son il oldu. Həmin il sentyabrın 27-də Ermənistan hərbi birləşmələrinin yeni torpaq iddiaları ilə sərhədlərimizə hücumu milli ordumuzun tutarlı cavabı ilə dayandırıldı. Və həmin gün ölkəmizdə ikinci Vətən müharibəsinin başlandığı gün oldu.

43 gün davam edən müharibənin 44-cü günü millətimizə qələbə bəxş etdi. Qarabağ torpaqlarında şiddətli döyüşlər getdi. Şəhidlər verdik, qazilərimiz oldu. Lakin bir-birinin ardınca torpaqlarımızı erməni nankorlarından geri aldıq. Azərbaycan Milli Ordusu Ali Baş Komandanımızın rəhbərliyi ilə dünyanı heyrətə gətirən döyüş taktikası həyata keçirdi. Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Şuşa işğaldan azad edildi. Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli bəyannaməyə əsasən Ağdam, Kəlbəcər və Laçının boşaldılması üçün düşmənə vaxt verilməsi isə dövlətimizin başçısının humanistliyini dünyaya bəyan etdi. Həmin ilin sonunadək həmin üç rayonumuz da erməni tapdağından xilas edildi, azadlığına qovuşdu. Beləliklə, 30 il ərzində ev-eşiyindən, doğma yurdundan erməni qəsbkarları tərəfindən silah gücü ilə çıxarılan minlərlə məcburi köçkünümüzün tapdanmış hüquqları bərpa olundu.

Onların yurduna-evinə qayıtması üçün hələ müharibə bitməmiş, torpaqlarımız bir-bir azad olunduqca quruculuq və bərpa işlərinə dərhal başlandı ki, bu da dövlətimizin qüdrətini göstərməklə yanaşı, həm də hər bir qaçqın, köçkünə, ümumilikdə Azərbaycan vətəndaşına qayğının, ölkədə insan amilinə verilən dəyərin təzahürü idi.

Biz sülhü müharibə ilə gətirdik

2020-ci ilə qədər ötən 18 il ərzində torpaqlarımızın azad edilməsi üçün dövlətimizin başçısı tərəfindən mühüm işlər həyata keçirildi. Ən əsası ölkə iqtisadiyyatı inkişaf etdirildi, ordu quruculuğu sahəsində yüzilliklərə sığan işlər görüldü. Qarabağ probleminin dinc yolla həlli istiqamətində illərlə iş aparılsa da, lakin bu sahədə uğurlu nəticə əldə olunmadı. Çünki Azərbaycanın sülh səsinə beynəlxalq aləm cavab vermədi. Ermənistan respublikası isə nəinki torpaqlarımızı sülh yolu ilə qaytarmaq istəmədi, hətta yeni işğalçılıq siyasətini davam etdirdi.

Dövlətimizin başçısı isə xalqa bütün müraciətlərində, hətta beynəlxalq kürsülərdə çıxışlarında belə vurğulayırdı ki, torpaqlarımızın sülh yolu ilə qaytarılması mümkün olmasa, bu, hərb yolu ilə olacaq.

2018-ci ildə növbəti Prezident seçkilərində Ümummilli Liderimiz Heydər Əliyevin siyasi və mənəvi varisi cənab İlham Əliyev yenidən Prezident seçildi və qarşıda duran ən mühüm problemin- ərazi bütövlüyümüzün bərpası prosesinin son mərhələsinə start verdi. Və bu mərhələ müharibə ilə ölkəmizə və regiona sülh gətirmək mərhələsi oldu.

Ötən il dekabrın 6-da "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" Forumunda iştirak edən Prezident İlham Əliyevin Links Avropa Fondunun direktoru niderlandlı Denis Sammutun "Cənab Prezident, tarix sizi 2020-ci il Qarabağ müharibəsində qalib gəlmiş Lider kimi xatırlayacaq. Həmin Qələbə bir çox cəhətdən Sizin prezidentliyinizin dəst-xəttini müəyyənləşdirdi" ifadələrinə cavabı dövlət başçısının nəinki 5 il əvvəl, ötən 20 ilin başlanğıcındakı iradəsinin tərənnümü oldu: Müsahibələrin birində demişdim ki, əraziləri azad etmək mənim siyasi həyatımın əsas məqsədini təşkil edir və fəxr edirəm ki, bu məqsədlərə nail olunub. Necə xatırlanacağım bir çox amillərdən asılı olacaq. Düzünü desəm, bu barədə düşünməyə belə vaxtım yoxdur. Bu barədə düşünsəm də, buna təsir etmək mənim iradəmdən asılı deyil. Sülhlə bağlı onu deyə bilərəm ki, düşünürəm, biz sülh gətirmişik. Biz sülhü müharibə ilə gətirdik. Düşünürəm ki, bu, Qafqazda lokal vəziyyətdən daha geniş şəkildə qiymətləndirilməli olan bir məsələdir. Hərbi yolla sülhə necə nail olmaq olar? Uzun illər danışıqlar və işğal zamanı mən Minsk qrupunun həmsədrlərindən eşidirdim, onlardan üçü bir ağızdan qeyd edirdilər ki, münaqişənin hərbi yolla həlli yoxdur. Belə məlum oldu ki, onların hər üçü səhv edirdi. Dövlətçilik tarixinə, geniş beynəlxalq təcrübəyə, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmasına baxmayaraq, onlar yanılırdılar. Düşünürəm ki, ya sadəcə, yanlış qiymətləndirdiklərinə görə yanılırdılar, ya da bu, Azərbaycana bir növ mesaj idi ki, siz sülh ssenarisindən başqa ssenariyə əl atsanız, uğur qazana bilməyəcəksiniz. Biz sübut etdik ki, münaqişənin hərbi yolla həlli var. Beləliklə, münaqişə həll olundu.

Müstəqil Azərbaycan həm də Bütöv Azərbaycan oldu

Müstəqil Azərbaycan 2020 və 2023-cü illərdəki Vətən müharibəsindən və anti-terror əməliyyatından sonra həm də Bütöv Azərbaycana çevrildi. Qarabağ və Şərqi Zəngəzurun əraziləri düşməndən azad edildi. Bu ərazilərdə böyük quruculuq və bərpa işlərinə başlandı.

270 il zaman fasiləsindən sonra ilk dəfə ərazi bütövlüyü uğrunda mübarizəyə başlandı və nəticə olaraq Azərbaycan bütövləşdi, tam oldu. Lakin bütün bunlara heç də asanlıqla nail olmadıq. Həm birinci, həm də ikinci Vətən müharibəsində minlərlə şəhidimiz, qazimiz, itkinimiz oldu. Lakin qan tökülmədən torpağın azad edilməyəcəyinin də şahidi olduq.

Bütöv Azərbaycan Prezident İlham Əliyevin uzun illər praqmatik fəaliyyətinin nəticəsidir. O nəticə ki, həm də Azərbaycanın güclü, eyni zamanda sülhsevər dövlət olduğuna dünyanın şahidliyidir. Ən əsası isə Azərbaycan vətəndaşının qürur yeridir. Ona görə qürur yeridir ki, Qarabağ Zəfəri ilə azərbaycanlılar torpaqlarını düşməndən azad etməklə yanaşı, həm də şərəflərini xilas etdilər.

Budur, müstəqil və Bütöv Azərbaycanda ilk Prezident seçkilərinə sayılı günlər qalır. Azərbaycan vətəndaşı ilk dəfə ərazi bütövlüyü təmin olunmuş ölkəsində seçki məntəqələrinə yaxınlaşıb ölkə başçısını seçəcək. Bunun özü böyük qürur hissidir.

Bu seçkilərdə həm də gənclər iştirak edəcək. O gənclər ki, İkinci Vətən müharibəsində şücaətinin, vətənpərvərlik hissinin şahidi olduq. Ön cəbhədə ordu sıralarında gənc zabit və əsgərlərimiz necə qəhrəmanlıqla döyüşürdüsə, arxa cəbhədə gənclərimiz Ali Baş Komandanın əmrini gözləyirdi ki, Vətənin müdafiəsi üçün Qarabağa yollansınlar.

Bax, 7 fevralda həmin gənclər onlara müharibədə sərkərdəlik edib namus və şərəf məsələsini həll edən Prezidentə yenidən səs vermək üçün seçki məntəqələrinə yollanacaq. Yollanacaq ki, tarixin də, zamanın da tələbinin nə olduğunu bir daha öz səsləri təsdiq etsinlər. Xalqa, torpağa, insan amilinə verilən dəyər qarşılığında yeni dövlət başçısının kim olduğunu müəyyən etsinlər.

Beləliklə, qarşıdakı növbəti Prezident seçkilərində ümumilikdə xalq öz düzgün seçimi ilə dövlətini, millətini bütün dəyərlərdən üstün tutan namizədinə səs verməklə, Azərbaycan tarixində yeni bir səhifəni açmış olacaq.

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə