Müstəqilik günü: Tariximizə baxış - TARİXÇİ DANIŞDI

"Azərbaycan dövlətinin müstəqillik əldə etməsində çrox böyük çətinliklər, böhranlar, qarşıdurmalar, regional güclər tərəfindən təhdidlər baş verdi. XX əsrin əvvəllərindən etibarən Çar Rusiyasında ictimai-siyasi böhranın yaranması ilə imperiyaya aid olan ərazilərdə də milli oyanış baş verdi. Rusiyada 1905-1907-ci illər inqilabından sonra Cənubi Qafqazda baş verən milli oyanışın qarşısını almaq üçün, bir tərəfdən yaranmış siyasi böhran, digər tərəfdən isə planlı şəkildə müstəqilliyə gedən yolu bağlamaq, milli nifaq salaraq xalqlar arasında qarşıdurmanı gücləndirmək, yaranmış vətəndaş qarşıdurmasından istifadə edərək milli qüvvələri məhv etmək siyasəti yürüdülürdü. Məhz 1905-1906-cı illər ermənilərin təxribatı nəticəsində Azərbaycan ərazisində toqquşmalar baş verdi ki, bu məsələdə də Çar hökumətinin “parçala-hökm sür” siyasəti öz təsirini göstərirdi". Bu sözləri SİA-ya açıqlamasında AMEA A.A. Bakıxanov adına Tarix İnstitutunun “Ümumi tarix” şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d. Ədalət Mustafayev deyib.

Onun sözlərinə görə, bundan sonra Azərbaycanın neft mərkəzi, sənaye şəhəri olan Bakının ələ keçirilməsi siyasəti işə düşdü: "Çar hökuməti ermənilərə şərait yaratmaqla, ələlxüsus neft gəlirlərinin azərbaycanlıların əlindən alınması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir.

Dünya geosiyasətində baş verən dəyişikliklər, Birinci Dünya müharibəsində Çar Rusiyasının məğlub olaraq müharibədən çıxması, ictimai-siyasi gərginliyin yaranması, Rusiyada yeni inqilab dalğasının baş verməsinə gətirib çıxardı. Nəticədə 1917-ci il fevral burjua-demokratik inqilabı baş verdi. Hakimiyyət bolşeviklərin əlinə keçdikdən sonra onlar Çar Rusiyasının siyasətindən də təhlükəli addım ataraq periferiyalara qarşı amansız davranmağa başladılar. Bakıda hakimiyyətin idarəçiliyi də bolşeviklərin əlinə keçdi. Bakı sovetinə milliyyətcə erməni olan, hər addımında müsəlmanlara qarşı təxribat törətməyə hazır olan qatil bir şəxsin idarəçiliyi təsadüfi deyildir.Müstəqilliyə aparan yolu bağlamaq, milli qüvvələri yerindəcə məhv edilməsi üçün yenə erməni faktorundan istifadə edildi. Birinci Dünya müharibəsindən qayıtmış minlərlə silahlı erməninin Bakıya gətirilməsi, onlar arasında koordinasiyanın təşkili, neft gəlirlərindən azərbaycanlıların məhrum edilməsi planlı, düşünülmüş, sistemli bir şəkil aldı".

Tarixçi sözlərinə davam edərək bildirib ki, 1918-ci ilin əvvəllərindən etibarən Bakı şəhərindən azərbaycanlıların qovulması üçün erməni-bolşevik qüvvələrinin birliyi nəticəsində planlaşdırılan təxribat baş verdi: "Stepan Şaumyanın başçılığı altında erməni silahlı dəstələrinin hücuma keşməsi və soyqırım törətməsi nəticəsində çox böyük insan tələfatı baş verdi. Azərbaycanlılara qarşı baş vermiş soyqırım bütün Azərbaycan ərazisində həyata keçirildi. Ümumilikdə yüz minlərlə insan ziyan çəkdi. 50.000-dən yuxarı insan məhv edildi. Bu tarixi cinayətin törədilməsində məqsəd Azərbaycanı məhv etmək, neft mərkəzi kimi tanınan Bakını ermənilərin nəzarətinə vermək, yaxud beynəlmiləl bir şəhər kimi Rusiyadan asılı vəziyyətə salmaq, milli oyanışı tamamilə şüurlardan çıxartmaq, iqtisadi gəlirlərin monopoliyasını ələ keçirmək planlaşdırılırdı.. Bir məsələyə xüsusi diqqət etmək lazımdır ki, soyqırım baş verən günlərdə Azərbaycan ziyalılarının əksəriyyəti Zaqafqaziya seymində iştirak etmək üçün Tiflisə getmişdilər. Buradan da göründüyü kimi Bakıda müsəlman əhaliyə qarşı qırğınlara başlamağın vaxtı təsadüf seçilməmişdir.

Çox ağır şəraitin olmasına baxmayaraq, o dövr milli qüvvələrin fədakarlığı nəticəsində 1918-ci il mayın 28-i Tiflisdə Azərbaycanın müstəqilliyi günü elan edildi. Azərbaycan Xalq Cümhuriyyəti çox çətin, mürəkkəb bir geosiyasi şəraitdə üzərinə düşən tarixi vəzifənin şərəflə yerinə yetirilməsi, demokratik prinsiplərlə hakimiyyətin idarə olunması, demokratiyanın bəndlərinə aid olan bütün məsələlərdə uğurlu siyasətin həyata keçirilməsi istiqamətində mümkün variantlardan istifadə etdilər. Azərbaycan Xalq Cümhuriyyətinin müvəqqəti başçısı Fətəli Xan Xoyski idi. Tiflisdə elan olunan hökumət 10 gün orada işlədikdən sonra Gəncəyə köçürülməsi, daha sonra Türkiyənin hərbi və siyasi dəstəyi nəticəsində, Nuru Paşanın rəhbərliyi ilə Bakının erməni-bolşevik qüvvələrindən azad olunması və 1918-ci il sentyabrın 17-də, yəni Bakının azad olunmasından iki gün sonra cümhuriyyətin mərkəzi Bakıya köçürüldü. Elə bunun özü o dövrü təsəvvür etməyə imkan verir, nə qədər çətin, mürəkkəb, iqtisadi-siyasi böhranlı şəraitdə bu günümüzü düşünərək, həyatlarını böyük risklərə ataraq canı bahasına müstəqil dövlətin qorunmasına çalışmışlar. 1918-ci il iyunun 4-də Azərbaycan Demokratik Cümhuriyyətinin rəsmi surətdə ilk tanıyan dövlət Türkiyə oldu. Cümhuriyyət çətin .əraitdə getdikcə güclənir, dövlət atributlarının qəbulu istiqamətində addımlar atılırdı. 1918-ci il noyabrın 9-da M.Ə.Rəsulzadənin rəhbərliyi altında Azərbaycanın üçrəngli bayrağı təsis edildi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, Cəmi 23 aydan sonra bu Azərbaycan Xalq cümhuriyyətinə varlığına Sovetlər tərəfindən son qoyuldu. Azərbaycanın müstəqilliyə gedən yolun başlanmasında əsas əngəllərdən olan Stepan Şaumyan kimilərinə abidə ucaldıldı, onun adına şəhərlər salındı, soyqırıma rəhbərlik etmiş şəxsin milli qəhrəmana çevrilməsi üçün ideoloji-siyasi iş aparıldı.

XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Xalqın çox ağır bir vaxtında hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi.

Hələ 1990-cı il Azərbaycan üçün çox böyük təhlükə yarandığı anda Heydər Əliyev Moskvada ilk olaraq Azərbaycnın daimi nümayəndəliyinə gedərək Sovet hökumətinə , Qorbaçovun keçirdiyi siyasətə açıq surətdə etiraz etdi. Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri və onların havadarlarının himayəsi altında işğalından sonra respublikada ictiami-siyasi vəziyyətin daha acınacaqlı vəziyyətə düşməsi, iqtisadi böhran, xarici qüvvələrin təsirindən yaranmış vətəndaş müharibəsi təhlükəsi, müstəqilliyin itirilməsi hallarınn aradan qaldırılması istiqamətində Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi islahatlar danılmazdır. Çox böyük çətinliklərə sinə gərərək respublikada xaosun qarşısını almaq, iqtisadiyyatı qaldırmaq, düşmənin işğalçılıq siyasətinin mahiyyətini dünyaya çatdırmaq üçün bütün mümkün variantların həyata keçirilməsini təmin etmək, ideoloji-siyasi təbliğatın əsasının nəzəri və praktik həyata keçirilməsi böyük şəxsiyyətin strategiyası idi. Məhz həmin strategiyanın həyata keçirilməsi sayəsində Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ordunun NATO standartlarına uyğunlaşdırıması, “Bir millət-iki dövlət” konsepsiyasının güclü varis tərəfindən bütün sahələrdə inkişaf etdirilməsi, Cənab Ali Baş komandan İlham Əliyevin qətiyyətli tarixi fəaliyyəti nəticəsində düşmən tərəfindən işğal olunan ərazilər azad olundu. Beləliklə 1918-ci il mayın 18-də əsası qoyulan Müstəqil Azərbaycanın yenidən müstəqillik qazanaraq dünya dövlətləri sırasında yer alması, işğalda olan ərazilərin azad olunması, geosiyasi mənada dövlətin regional gücə çevrilməsində Liderin tarixi rolu danılmazdır".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə