"Qərb dövlətləri Türkiyədə müxalifətin hakimiyyətə gəlməsini arzulayır" - DEPUTAT ŞƏRH ETDİ

"Tarixdə Türkiyə və Azərbaycan hər zaman bir-birinə dost və qardaş münasibətində olan, ən çətin anlarda bir-biri üçün əllərindən gələni edən dövlətlər olub. XX əsrin əvvəllərində Avropa, ümumilikdə Qərb dövlətləri Osmanlıya səlib yürüşü edəndə onun yanında dili və dini bir olan Azərbaycan olub. Bu qardaşlıq köməyinin ən yüksək zirvəsi Çanaqqala döyüşü oldu. Məlumdur ki, Çanaqqala döyüşündə Osmanlı tərəfi 250 mindən çox şəhid verdi. O şəhidlərin 10000-ə qədəri azərbaycanlı idi. Bu, Osmanlı və Azərbaycan qardaşlığının zirvəsidir. Həmin dövrün ikinci ən böyük hadisəsi 1918-ci ildə öz müstəqilliyini elan edən cümhuriyyətə Osmanlı ordusunun köməyə gəlməsi idi. Həmin ordunun mübarizəsi Gəncədən Bakıya qədər davam etdi və 1300-dən çox şəhid verdi. Bu gün Şəhidlər Xiyabanında həmin şəhid olan Osmanlı əsgər və zabitlərinin isimləri var. Lakin 70 illik sovet dövrü bu qardaşlığa son qoydu". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov deyib.

Onun sözlərinə görə, Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdikdən sonra müstəqilliyimizi tanıyan ilk dövlət Türkiyə Cümhuriyyəti oldu: "Blokadada olan Naxçıvanın qorunmasında və erməni işğalının qarşısının alınmasında Türkiyə Cümhuriyyətinin böyük xidmətləri oldu. Sonrakı illərdə də Ermənistanın işğalçı qüvvələri Azərbaycan torpaqlarını işğal etdiyinə görə bugünkü günədək Türkiyə Cümhuriyyəti Ermənistan ilə diplomatik münasibətləri və sərhədləri açmaqdan imtina etdi. 30 ilə qədər davam edən Qarabağ münaqişəsində Türkiyə həmişə yanımızda olub və Azərbaycanın haqqını müdafiə edib. Vaxtilə Mustafa Kamal Atatürk "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" deyirdisə, Ümummilli Lider Heydər Əliyev də iki xalq arasında olan bu münasibətləri "Bir millət, iki dövlət" kimi ifadə edib. Nəhayət, 44 günlük müharibədə Türkiyə Azərbaycanın yanında oldu. Azərbaycan düşməni darmadağın edərək qələbə qazandı. Bu qələbəni möhkəmləndirmək üçün 2021-ci il 15 iyun Qurtuluş günündə Azərbaycan və Türkiyə Cümhuriyyəti arasında Şuşa bəyannaməsi imzalandı. İki xalq müttəfiqlik mərhələsinə gəlib çatdı. Tarixdən məlumdur ki, bəzən xalqlar yaxın olsa da, dövlət siyasəti uyğun gəlmir, bəzən də dövlət rəhbərləri yaxın olur, amma müəyyən məsələlər münasibətlərin inkişafına imkan vermir". Deputat sözlərinə davam edərək bildirib ki, Azərbaycan və Türkiyə münasibətində xalqlar da, dövlətlər də, dövlət başçıları da bir-birinə qardaşdır: "Bu da dünyada analoqu olmayan bir münasibətdir. Azərbaycanın Türkiyədəki son seçkilərə münasibəti belədir ki, doğrunu türk xalqı seçməlidir. Amma bir dövlət olaraq bütün Azərbaycan Türkiyədə günümüzdə bizə dost olan Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi partiya hakimiyyətdə qalmasını arzulayır. Çünki bu hakimiyyət dövründə bizə qarşı ancaq dost və qardaş münasibəti görmüşük. Bu vaxta qədər bütün rəy sorğularında belə bir iddia var idi ki, guya Ədalət və Qalxınma Partiyası bu seçkilərdə uğur qazana bilməz. Amma bu deyilənlərin yanlış olduğu ortaya çıxdı. Çünki Ədalət və Qalxınma Partiyası parlamentdə çoxluğu əldə etdi.

Prezident seçkilərində də altı partiyanın birləşməsinə və Qərb dövlətlərinin bu məsələyə yaxından və uzaqdan müdaxiləsinə baxmayaraq türk milləti öz sözünü dedi. Təbii ki, dünyanın böyük dövlətlərinə güclü, öz sözünü deyə bilən və dünyanın hər yerində haqqını müdafiə edən Türkiyə lazım deyil. Ona görə də Qərb dövlətləri Türkiyədə hakimiyyətə müxalifətin gəlməsi üçün əlindən gələni edirlər. İnanıram ki, onların bu arzuları ürəklərində qalacaq.

Türkuyədəki seçkilər ikinci tura qaldı. Bu isə mayın 28-nə təsadüf edir. Mən əminəm ki, biz həmin gün həm müstəqilliyimizi, həm də Ərdoğanın yenidən prezident seçilməsini bayram edəcəyik. Desəm ki, bütün Azərbaycan bu arzudadır, heç də yanılmaram".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə