Dini və milli tolerantlıq, millətlərarası münasibətlər diqqət mərkəzindədir - TƏHLİL

Bəşər tarixi yarandığı gündən etibarən insanların müxtəlif dini inancları mövcud olub. Dünyanın müxtəlif yerlərində xalqlar, hətta etnoslar özlərinə məxsus dini inancları ilə fərqləniblər. Buna baxmayaraq heç bir toplumun digərinin dini inancına hörmətsizliklə yanaşması yolverilməz hesab olunub və indi də belə qəbul olunur. Hətta bir ölkə daxilində yaşayan müxtəlif etnosların, xalqların dini inancına belə hörmətlə yanaşılması bütün səmavi dinlərdə öz əksini tapmaqdadır.

Azərbaycan müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant ölkə olaraq tanınır. Ona görə ki, ayrı-ayrı etiqad və inanclara malik etnosların min illər boyunca ölkəmizdə əmin-amanlıq şəraitində yaşaması, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanması bütün dünya ictimaiyyətinə bəllidir. O da bəllidir ki, bu münasibət Azərbaycan xalqına xas olan humanizmdən, eləcə də başqalarının inanclarına, dəyərlərinə hörmət prinsplərindən qaynaqlanır. Həmçinin burada islam əxlaqının rolu da danılmazdır. Xüsusilə qeyd etmək yerinə düşərdi ki, dünyəvi dövlət olan Azərbaycan İslamın mənəvi dərkinə əsaslanaraq nəinki dini tolerantlıq ənənəsini möhkəmləndirə bilmiş, hətta onu bir dövlət kimi öz imicinə çevirərək beynəlxalq miqyasa çıxarmağa da nail olub.

Tarixə nəzər salsaq görərik ki, ölkəmizdə istər demokratik intibah dövründə, istər vahid totalitar rejimdə, istərsə də hərhansı bir dövrdə müxtəlif xalq və dinlərin dinc yanaşı yaşamasına maneçilik olmayıb. Əksinə, Azərbaycanın ilk növbədə coğrafi mövqeyi, həmçinin tarixi inkişafının xüsusiyyətləri, əhalisinin etnik tərkibi lap qədimdən burada müxtəlif dinlərin mövcudluğuna şərait yaradıb. Buna görə də Azərbaycan ərazilərində müxtəlif dövrlərdə bütpərəstlik, zərdüştilik, yəhudilik, xristianlıq, islam və bir çox başqa dini inanclar nəinki yayıla bilib, biri-birinə qarşılıqlı təsir də göstərib, hətta hörmətlə də qarşılanıb. Odun müqəddəs sayılması ilə ona sitayiş edənlərin də inancına hörmətsizlik edilməyib, büdpərəstliyə meyl edənlərin də. Doğrudur, islam dini bu kimi inancları qəbul etmir, amma heç bir kəsə məcburi şəkildə islamı qəbul etmək də qəbulolunmazdır.

Göründüyü kimi Azərbaycan zəngin mədəni-mənəvi irsə, çoxəsrlik tolerantlıq ənənələrinə malikdir. Hətta tarix boyu nümunəvi dövlət-din münasibətləri modelinə sahib olduğu da bəllidir. Fərqli sivilizasiyaların qovşağında yerləşən Azərbaycanın tarixən belə ənənələrinin olması bugünkü günə də siraət edib və təsirsiz ötüşməyib. Beləki, müasir dünyada baş verən müharibələrin motivlərinə nəzər salsaq görərik ki, bir çox hallarda katalizator rolunu oynayan məhz etnik-dini anlaşmazlıqlar olduğu halda ölkəmizdə hələ də dini mənsubiyyətindən asılı olmayaraq heç kimə qarşı dözümsüzlük nümayiş etdirilmir. Hətta bəzən dnyanın müxtəlif ölkələrində eyni dinə mənsub təriqətlər arasında belə qanlı çaxnaşmalar müşahidə edildiyi halda Azərbaycanda bununla rastlaşmaq mümkün olmayıb. Hal-hazırda dünyanın 21 ölkəsində məhz etnik təmizləmə siyasətinə görə 12 milyonadək insan qaçqın və məcburi köçkün şəraitində yaşadığı halda, Azərbaycana bu mənfi halların heç birini şamil etmək mümkün deyil.

Bir halda ki, dünyada müxtəlif dini inanclara mənsub olan insanlar var, onların sayı olduqca çoxdur və toqquşmalara da səbəb olan amillərdən sayılır, deməli, bəşəriyyətin, dünyamızın gələcəyi də məhz mədəniyyətlərarası münasibətlərdən bilavasitə asılıdır. Daha dəqiq desək, dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi günümüzün ən aktual məsələsidir və diqqət mərkəzində olmalıdır. Dünyada bütün insanlar, xalqlar bir-birinin varlığını qəbul etməli, bir-birinə, bir-birinin dini inancına hörmətlə yanaşmalı və müasir dünyanın birgəyaşayış prinsiplərinin məsuliyyətini anlamalıdırlar. Tarixi faktlar və müasir dövrün ənənələri təsdiq edir ki, Azərbaycan bu sahədə dünya dövlətlərinə uğurlu model, örnək hesab olunur. Ona görə ki, Azərbaycanda hər zaman bütün dinlərə hörmətlə yanaşılıb və indi də bu ənənə davam etdirilir.

Azərbaycan vətəndaşları dini inanclarına, etiqadlarına, məzhəblərinə görə bir-birindən fərqləndirilmir, hətta bu məsələlər müvafiq qanunvericilik çərçivəsində tənzimlənir. Azərbaycan Respublikası Konstitusiyasının vicdan azadlığı ilə bağlı müddəalarının həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dini etiqad azadlığı ilə əlaqədar qanunvericilik aktlarına riayət olunmasına nəzarətin təmin edilməsi, dini qurumların qeydiyyata alınması Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən müvəffəqiyyətlə həyata keçirilir. Etnik dini tolerantlığın bütün dünyada mütərəqqi demokratik dəyərlərdən biri kimi qəbul edildiyi bir zamanda bu tolerantlıq forması Azərbaycan cəmiyyətinin nümunəvi normalarına çevrilib. Azərbaycan Respublikası bu gün çoxmillətli və çox konfessiyalı dövlət kimi dünya birliyinə hərtərəfli inteqrasiya siyasəti həyata keçirir və bu siyasətin məntiqi nəticəsi olaraq hazırda ölkəmizdə bütün dini icmalar bərabər hüquqlara malikdirlər.

Xalqımızın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra ölkəmizdə dinlər və etnik qruplar arasında münasibətlər daha da möhkəmlənib və bu sahə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Ulu Öndər milli-dini dəyərlərimizin qorunmasında, islam dininə hörmətin, ehtiramın göstərilməsində, xalqımızın dini əqidəsinin möhkəmləndirilməsində öz əməli fəaliyyəti ilə müstəsna rol oynayıb, əvəzsiz tövhələr verib və bu zamana qədər bu ali dəyər qanunla qorunur. Xüsusilə qeyd etmək, vurğulamaq yerinə düşər ki, Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev hazırda ölkədə dini etiqad azadlığının və multimədəni harmoniyanın təminatçısı və himayəçisidir. Azərbaycan hökumətinin din siyasəti demokratik dövlət quruculuğu kursuna, eləcə də dövlət-din münasibətlərinin milli-mənəvi, həmçinin hüquqi müstəvidə tənzimlənməsi prinsipinə əsaslanır və ölkəmizdə mövcud ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi və etnik-dini dözümlülük mühiti mütərəqqi tarixi ənənələrdən bəhrələnən milli siyasətin məntiqi nəticəsidir.

Əlbəttə ki, tolerantlığın Azərbaycanda çox möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi-mədəni kökləri olduğu hamıya bəllidir. O da bəllidir ki, Azərbaycan xalqı hər zaman bu bölgədə yaşayan insanlar arasında sülh və əmin-amanlıq şəraitinin yaradılmasına əvəzsiz tarixi töhfələr verib. Dözümlülük, başqa dinlərin nümayəndələrinin inanclarına hörmətlə yanaşmaq, dinc yanaşı yaşamaq xalqımızın milli mentalitetinin əsas xüsusiyyətlərindən olduğu da sirr deyil və bunu bütün dünya ictimaiyyəti yaxşı bilir. Yaxşı bilir ki, tarix boyu islam dini ilə yanaşı, ölkəmizdə xristianlıq, yəhudilik dinlərinə mənsub insanlar qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşayıblar və yenə də yaşamaqdadırlar. Yüksək tolerantlıq yüksək mədəniyyətin təzahürüdür”, deyən Ulu Öndər xalqımızın tolerantlıq ənənələrini yüksək qiymətləndirib.

Müəllif: İnam Hacıyev

6.3.15. “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə