Gender bərabərliyinin təminatı öz aktuallığını qoruyur - TƏHLİL

Sağlam ailə institutunun inkişafı birinci növbədə cəmiyyətdə qadın və kişilərin hüquqi, sosial, mənəvi baxımdan bərabərliyindən asılıdır. Məhz ictimai həyatın siyasi, iqtisadi, mədəni və digər sahələrində kişi və qadınların bərabərliyi elə gender bərabərliyidir. Gender bərabərliyinə nail olmaq üçün dünyada çoxlu sayda qanunlar qəbul olunub, beynəlxalq norma və prinsplər mövcuddur və hələ də müvafiq addımlar atılmaqdadır, amma gender bərabərliyinin təminatı problemli məsələlər sırasındadır və bu baxımdan da öz aktuallığını qoruyur.

Bəşər tarixində qadınlara əsrlər boyu cəmiyyətdə ikinci dərəcəli kimi baxılmasını hər kəs çox yaxşı bilir. Hətta qabaqcıl fikir adamlarının belə baxışların əleyhinə olduğu barədə də tarixi məlumatlar var. Dünyanın ən qabaqcıl, inkişaf etmiş ölkələrində əsrlər boyu qadınlara ictimai həyatın siyasi, iqtisadi, mədəni və digər sahələrində yer verilmədiyi, kişi və qadınlar arasında bərabərliyin olmadığı barədə dünya tarixindən öyrənmişik və bilirik. Onu da bilirik ki, bu gün dünyanın ən inkişaf etmiş ölkələrindən olan Fransada, Avropa ölkələri arasında ən sonuncu olaraq qadınlara seçki hüququ verilmiş oldu.

Gender bərabərliyinin təminatı istiqamətində bütün dünyada normativ hüquqi sənədlər, müvafiq qanunlar mövcuddur və bu bərabərliyin təmin olunması, eləcə də mühafizə edilməsi həmin qanunlarla reallaşdırılır. Məsələ burasındadır ki, müsəlman dünyasında qanunlar olmadan, islam əxlaqı prinsplərinə uyğun olaraq, qadınlara xüsusi diqqət və qayğı ilə yanaşılıb, islam dininin yenicə təşəkkül tapdığı dövrdən başlayaraq qadınların fikirləri, mövqeyi nəzərə alınıb. Bir zamanlar insanların qız övladlarını arzulanmadıqları dövrdə, onların körpə vaxtında tələf edikləri zamanlarda islam dini buna qarşı çıxıb və bunun qarşısı qətiyyətlə alınıb. Əslində, islam əxlaqı bəşəriyyəti xilas edib desək belə haqlıyıq, çünki bu gün elmin inkişafı, innovasiyalar sayəsində dünyanın ən inkişaf etmiş ölkələrində reproduktiv əməliyyatlar aparılaraq, ailə planlaşdırması edilərək arzulanan cinsdən olan uşağın dünyaya gətirilməsinin mümkünlüyü fonunda, övladlar arasında fərq qoymayan həmin o islam əxlaqı əsl nümunəyə çevrilib. Məhz bu nümunə övladlar arasında fərq qoyulmasının, kişi və qadın arasında bərabərsizliyin qarşısının alınmasında kifayət qədər təsirli oldu, amma etiraf etmək lazımdır ki, hələ də dünyada gender məsələlərinin həlli, bərabərliyin təminatı baxımından problemlər mövcuddur və bu məsələnin öz aktuallığını qoruması da bu səbəbdəndir.

Azərbaycanda gender bərabərliyinin təminatı baxımdan hər birimizin fəxr etməyə haqqımız çatır. Çünki ölkəmizdə gender bərabərliyi ənənəsi digər ölkələrlə, hətta inkişaf etmiş ölkələrlə müqaisədə daha qədim dövrə təsadf edir. Azərbaycan qadınının savadlanması, ictimai həyata xeyriyyəçi kimi qatılması 19-cu əsrə təsadüf edir. Bunun ardınca isə 20-ci əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə qadınlara seçki hüququ verən ilk respublika olaraq tarixə yazılıb və bu mənada Azərbaycan qadını hətta avropalı və amerikalı həmcinslərini qabaqlamış olub. Çünki həmin dövrdə belə bir bərabərlik nəinki Şərq, hətta Avropa ölkələrinin qadınları üçün əlçatmaz sayılırdı və bizdə olan bərabərliyə həsəd aparmaları da başadüşüləndir.

Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdikdən sonra, xüsusilə də, xalqımızın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından etibarən ölkəmizdə sabitliyin bərqərar olunması qadınların da ictimai-siyasi həyatda fəaliyyətinin artırılmasına geniş spektrda yol açmış oldu. 1998-ci ildə Ümummilli Lider Heydər Əliyev, indiki Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq fəaliyyət göstərən Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması barədə "Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” Sərəncamlar, 2000-ci ildə isə "Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərman imzalayıb, hansı ki, bu fərman bütün dövlət strukturlarında qadınların təmsil olunma faizinin kişilərlə eyni səviyyədə olmasını nəzərdə tutur. Məhz qadınların, Azərbaycan qadınının ictimai-siyasi həyatda fəaliyyətinin artırılması üçün dövlət səviyyəsində ölkəmizdə bir sıra qanun və qərarlar qəbul edildiyi hamıya məlumdur. Bütün dünya ictimaiyyətinə də bəllidir ki, Azərbaycanın Konstitusiyası kişilərə və qadınlara eyni hüquqları verib və gender bərabərliyinin təmin olunması üçün ölkəmizdə hüquqi əsas mövcuddur. O da sirr deyil ki, gender bərabərliyinin təmin olunması üçün Azərbaycan 1995-ci ildə BMT-nin "Qadınlara qarşı ayrıseçkiliyin bütün növ formalarının ləğv edilməsi haqqında” konvensiya kimi bir sıra beynəlxalq konvensiyalara da qoşulub.

İstər idarəçilik, istər qanunvericilik, istər hüquq-mühafizə, istər ədliyyə orqanları olsun, ən məsul vəzifələr daşıyan Azərbaycan qadını bu gün ölkəmizdə elə bir fəaliyyət sferası yoxdur ki, orada təmsil olunmasın. Ötən əsrin əvvəllərindən etibarən bütün ictimai proseslərdə qadınların kişilərlə bərabər çalışmaq ənənəsi yenə də davam edir, hansı ki, həyatın bütün sahələrində biz bunu müşahidə etməkdəyik. Hətta istənilən vəzifədə, dövlət qulluğunda və hərhansı sahədə desək, kişilərlə bərabər çalışan qadınlar bu vəzifələrin, tapşırıqların, üzərlərinə düşən işin öhdəsindən layiqincə gəlirlər. Bu gün Milli Məclisdə belə çoxlu sayda qadın millət vəkillərimiz, deputatlarmız var ki, onlar öz fəaliyyətləri ilə kişilərdən geri qalmırlar və dövlətimiz də bunun üçün şərait yaradır.

Sözsüz ki, qadınların cəmiyyətdə rolunun artmasında, onların kişilərlə bərabər ictimai həyatın bütün sahələrində çalşmasında, bir sözlə, gender bərabərliyinin təmin olunmasında dövlətimizin rolu danılmazdır. Əvvəla ona görə ki, Azərbaycan dövləti buna şərait yaradıb, imkanları genişləndirib və hansısa bir sahədə qadınların çalışması üçün qadağa yoxdur. Digər tərəfdən də, ölkəmizdə gender məsələlərinə olduqca həssas yanaşıldığı göz önündədir və kişilərlə qadınların bərabərliyi hər zaman diqqət mərkəzindədir. Azərbaycan qadınının təhsil ocaqlarında çalışması, elmi kəşflər etməsi, elmin, mədəniyyətin inkişafına töhfələr verməsi, ölkəmizin milli maraqlarının müdafiəsində, idman yarışlarında Azərbaycanı təmsil etməsi, yetərincə diplomat qadınlarımızın olması və idmançı qadınlarımızın bayrağımızı ölkə hüdudlarından kənarda da yüksəklərə qaldırması və digər faktlar onu deməyə əsas verir ki, gender bərabərliyinin qorunması istiqamətində uğurlu nəticələrimiz var və gələcəkdə də bu bərabərliyin qorunacağı üçün əsaslı zəmin yaradılıb.

Müəllif: İnam Hacıyev

6.3.18. “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə