Diaspor quruculuğu, lobbiçilik və həmrəyliyimizin qorunması prioritetdir – TƏHLİL

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra həmvətənlərimizin xarici ölkələrə köçməsi və məskunlaşması daha çox müşahidə edilməyə başladı və 1920-ci ildən başlayaraq Türkiyəyə, Avropa ölkələrinə eləcə də Amerikaya köçənlər arasında cümhuriyyət qurucuları çoxluq təşkil edirdi, hansı ki, onlar məhz Sovet İttifaqının repressiyalarından canlarını qurtarmaq üçün köçmək məcburiyyətində qalmışdılar. Bununla belə, həmvətənlərimizin xarici ölkələrə köçməsi, həmin ölkələrdə məskunlaşması növbəti dəfə daha çox əsrin sonuna, müstəqilliyimiz bərpa edildiyi dövrə təsadüf etdi, amma bu dəfə xarici ölkələrə köç, həmvətənlərimizin xarici ölkələrdə məskunlaşması, həyat və fəaliyyətini həmin ölkədə davam etdirməsi, bütün dünyada miqrasiyanın sürətləndiyi vaxtda, qloballaşma dövründə, təbii olan prosesin tərkib hissəsi kimi qiymətləndirlir və əsrin əvvəlində həmvətənlərimizin köçüb getməsindən köklü surətdə fərqlənir.

Əsrin əvvəllərində köç edib xarici ölkələrdə məskunlaşanlar repressiyalardan xilas olmaq niyyəti ilə gedənlər idi və həmin dövrdə, ardınca da 70 il ərzində artıq Azərbaycan Sovet İttifaqının hakimiyyəti, güclü təsiri altında olduğundan, eləcə də həmin imperiyanın dünyada böyük güc, söz sahibi olduğundan həmvətənlərimizin təşkilatlanması mümkünsuz oldu. Müstəqilliyimiz bərpa olunduqdan sonra, qloballaşma dövründə həmvətənlərimizin dünyanın müxtəlif ölkələrində məskunlaşması isə tamamilə başqa tələbləri ortaya qoyurdu və həmvətənlərimizin təşkilatlanması artıq lazım idi. Xüsusən də, müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda xaosun, hərcmərcliyin, səriştəsiz hakimiyyətin, idarəsizliyin olmasından istifadə edərək ölkəmizə, xalqımıza qarşı məkrli niyyətlərin ortaya çıxdığı bir dövrdə həmvətənlərimizin məhz təşkilatlanmasına ciddi ehtiyac duyulurdu və diaspor quruculuğu, lobbiçilik fəaliyyəti, eləcə də həmrəyliyimiz labüd idi və ən vacib məsələ sayılırdı. İstər sosial-iqtisadi böhran, istər daxili çəkişmələr, istərsə də xarici müdaxilələr, ələlxüsus işğalçı Ermənistanın fürsətdən istifadə edərək torpaqlarımıza göz dikməsi, təcavüz etməsi müstəqilliyimiz üçün təhdid hesab olunurdu və belə bir zamanda, belə bir şəraitdə həmrəyliyimizə daha çox ehtiyac duyulmağa başladı və bəlli idi ki, birliyimiz sayəsində çətinliklərin öhdəsindən gəlmək mümkündür. Bəlli idi ki, təkcə hərbi mənada deyil, eləcə də informasiya müharibəsində Ermənistanın ölkəmizə qarşı həmlələr etdiyi, dezinformasiyalarla, yalan, təhrif olunmuş məlumatlarla haqlarımızı tapdalamağa çalışdığı zaman dünya azərbaycanlılarının həmrəyliyi sayəsində bütün bunların qarşısını almaq olar. Ermənistanın, eləcə də xarici havadarlarının, erməni təəssübkeşlərinin çirkin planlarının qarşısını almaq, vəziyyəti xeyrimizə dəyişmək və haqq səsimizi dünyaya çatdırmaq üçün güclü dövlətlə yanaşı güclü lobbinin yaradılması, diaspor quruculuğu qaçılmaz idi. Bir sözlə, birliyimizin təmin olunması, çətinliklərin öhdəsindən gəlmək, məkrli düşmənin hər bir istiqamətdə hücumunu dəf etmək, zərərsizləşdirmək, vəziyyəti milli maraqlarımıza uyğun olaraq dəyişmək, uğurların, qələbələrin bünövrəsi üçün də diaspor quruculuğu, lobbiçilik ön planda idi, hansı ki, bunun da öhdəsindən layiqincə gəlindi və birliyimiz, həmrəyliyimiz sayəsində əldə etdiyimiz qələbələr, uğurlar göz önündədir.

Heç şübhəsiz ki, hər bir xalqın taleyində müstəsna rol oynayan, daha dəqiq desək, milli, eləcə də mənəvi birliyə xidmət edən, həmrəyliyi, birliyi təmin etməklə xalqını qələbələrə, işıqlı gələcəyə aparan tarixi şəxsiyyətlər yaddaşlarda əbədi yaşayırlar və bu heç də səbəbsiz deyil. Həmin tarixi şəxsiyyətlər xalqı öz ətrafında birləşdirməklə, milli ideyalar uğrunda səfərbər etməklə ən çətin vəziyyətdən çıxmaq üçün düzgün, doğru yolu göstərirlər, cəmiyyətin inkişafına böyük tövhələr verirlər və onlar heç zaman unudulmurlar. Məhz Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı, cənab Prezident İlham Əliyev öz xalqını qələbələrə, işıqlı gələcəyə aparan, cəmiyyətin inkişafına saysız-hesabsız tövhələr verən şəxsiyyətlərdir.

Ötən əsrin sonlarında öz müstəqilliyini yenicə bərpa edən, hələ möhkəmlənməyən Azərbaycana qarşı düşmən qüvvələrin baş qaldırdığı, ölkəmizi parçalamaq üçün müxtəlif istiqamətlərdə öz çirkin niyyətlərini ortaya qoyduqları bir dövrdə, vəziyyətin az qala vətəndaş müharibəsi həddinə gəlib çatdığı bir zamanda, erməni separatçıları, Qarabağ klanı öz çirkin niyyətlərini həyata keçirmək üçün münbit şəraitdən istifadə etdikləri bir məqamda xalqımızın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev xilaskar lider olaraq, ilk növbədə parçalanmaların, toqquşmaların qarşısını aldı, həmrəyliyimizi, birliyimizi bərpa etməklə problemli məsələlərin köklü şəkildə həllinə nail oldu. Xalqımızın öz Liderinin ətrafında birləşməsi, birliyimiz, həmrəyliyimiz sayəsində ən çətin problemlərin öhdəsindən gəlindi və davam etməkdə olan erməni işğalının qarşısı alındı, sabitlik bərpa edildi, bugünkü qələbələrimizi təmin edəcək iqtisadi inkişaf yolunun təməli qoyuldu, cəmiyyətimizin bütün sahələr üzrə inkişafı istiqamətində əsaslı addımlar atıldı. Ümummilli Lideri Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev məhz Ulu Öndərin ideyaları, milli birlik, həmrəylik sayəsində bütün istiqamətlərdə uğurlara imza atdı və torpaqlarımız məhz birlik, həmrəylik sayəsində işğaldan azad edildi.

Ümummilli Lider Heydər Əliyev milli birliyimizin, xalqımızın həmrəyliyinin nə dərəcə əhəmiyyətli olduğunu çox yaxşı bilir və bunu yüksək qiymətləndirirdi. Dahi rəhbər təkcə ölkə daxilində yaşayan həmvətənlərimizin deyil, ölkə hüdudlarından kənarda məskunlaşan azərbaycanlıların da birliyinə, həmrəyliyinə çalışırdı və bu istiqamətdə də öz tövhələrini verdi. Təsadüfi deyil ki, Ulu Öndər xarici ölkələrə səfəriləri zamanı həmin ölkələrdə yaşayan azərbaycanlılarla görüşür, söhbətlər aparır, harada yaşamasından, harada məskunlaşmasından asılı olmayaraq onların bir-birləri ilə əlaqəni kəsməsini, hətta təşkilatlanmalarını da onlara tövsiyyə edirdi. Məhz dahi liderin bu tövsiyyələri, göstərişləri dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar tərəfindən xoş qarşılandı və diaspor quruculuğuna başlanıldı, diasporumuz yaranmağa başladı. Bu baxımdan da cəsarətlə deyə bilərik ki, diaspor quruculuğu, lobbiçilik Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır və bu gün dünyanın bir çox ölkələrində yaşayan azərbaycanlıların təşkilatlanması ideyasının müəllifi, Azərbaycan diasporlarının yaradıcısı və banisi elə məhz Ümummilli Lider Heydər Əliyevdir. Bu gün artıq Azərbaycan diasporlarının fəaliyyəti qənaətbəxş hesab olunur və ölkə rəhbərimiz, cənab Prezident İlham Əliyevin qayğısını da bizim xarici ölkələrdəki diasporlarımız duyurlar. Nümunə üçün qeyd edək ki, erməni lobbisi Ermənistana maddi yardımlar göndərdiyi halda, Azərbaycan dövləti diasporlarımıza, lobbilərimizə maliyyə dəstəyi göstərir və bu da onların daha sürətli inkişafını şərtləndirir. İnkişaf etmiş diaspor, lobiçilik isə ölkəmizə, xalqımıza hər zaman lazımlı hesab olunur, çünki erməni təbliğat maşını heç də dayanmayıb və onlar Azərbaycanı bütün dünyada nüfuzdan salmaq üçün var qüvvələri ilə çalışdıqları zaman, bunun qarşısının alınması istiqamətində diasporlarımızın, lobbilərimizin, ümumiyyətlə, həmrəyliyimizin rolu danılmazdır.

Azərbaycan diasporunun, lobbisinin rolunu 44 günlük müharibə dönəmində də, torpaqlarımızın işğaldan azad olunduğu vaxt da müşahidə etmiş olduq. Dünyanın bir çox ölkələrində, ələlxüsus həmin ölkələrin səfirlikləri qarşısında Azərbaycan əleyhinə aksiya keçirən erməni təşkilatlanmasının da qarşısına məhz Azərbaycan diasporu çıxdı, onlarla mübarizə apardı, onları yerindəcə susdurdular və bizim haqlı tərəf olduğumuzu bütün dünyaya bəyan etdilər. Erməni hədsizliyinin, erməni yalanlarının yerindəcə, yubanmadan qarşısının alınması və ölkəmizin ədalətli mövqeyinin, haqlı mübarizəsinin dünya ictimaiyyətinə çatdırılmasında diaspor fəaliyyətinin, lobbiçiliyin, həmrəyliyin nə qədər vacib olduğunu hər birimiz müşahidə etdik, gördük. Bu baxımdan, Ali Baş Komandan, cənab prezident İlham Əliyevin diasporlarımızın fəaliyyətini yüksək qiymətləndirməsi heç də təsadüfi deyil. Ölkə rəhbərimizin, dövlətimizin diaspor quruculuğuna, lobbiçilik fəaliyyətinə hansı səbəbə görə önəm verdiyini və qayğı ilə yanaşdığını hər kəs çox yaxşı başa düşür. Eyni zamanda onu da başa düşürük ki, qloballaşan dünyamızın reallıqları diaspor quruculuğu sahəsində qarşıya yeni vəzifələr qoymaqdadır və bilirik ki, hazırda diaspor anlayışının beynəlxalq münasibətlərin vacib elementinə çevrilməsi də təsadüfi deyil, qarşıya qoyulan həmin yeni vəzifələrdən irəli gəlir. Xüsusən də xalqlar arasında sürətli inteqrasiya prosesləri gedtdiyi zamanda diaspor təşkilatlarının beynəlxalq siyasətdə rolunu artır etiraf etməmək mümkün deyil. Çünki məhz diaspor təşkilatlarının rolunun artması onların genişmiqyaslı fəaliyyət göstərilməsini tarixi zərurətə çevirib və deməli, getdikcə diaspor quruculuğunun, lobbiçiliyin və həmrəyliyimizin daha da gücləndirilməsi öz aktuallığını qoruyur, prioritet olaraq qalır.

Müəllif: İnam Hacıyev

6.3.14. - "Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi"

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə