Yevgeni Mixaylov: Azərbaycan hakimiyyəti düzgün yol seçib - MÜSAHİBƏ

Cənubi Qafqaz Strateji Araşdırmalar Mərkəzinin direktoru Yevgeni Mixaylov “Moskva-Baku” portalına müsahibəsində Bakı ilə Qarabağ erməniləri arasında birbaşa təmaslar barədə danışıb. Müsahibəni ixtisarla oxucularımıza təqdim edirik.

- Azərbaycan Prezident Administrasiyası Qarabağın erməni icmasının nümayəndələrini ikinci görüş üçün Bakıya dəvət edib. Qeyd olunur ki, məqsəd “reinteqrasiya ilə bağlı təmasları davam etdirmək, o cümlədən Qarabağda infrastruktur layihələrinin həyata keçirilməsini müzakirə etməkdir”. Məlum olduğu kimi, bundan əvvəl Azərbaycan Qarabağın erməni icması ilə danışıqlar üçün rəsmi nümayəndəsini təyin edib və artıq ilk görüş keçirilib. Bakının belə bir addım atmasını necə qarşılayırsınız?

- Azərbaycanın bu yanaşmasını dinc erməni əhalisi ilə birbaşa danışıqların başlanğıcı olaraq Bakının güclü addımı hesab edirəm. Azərbaycan davamlı diplomatiyasını və sülh arzusunu nümayiş etdirir. Azərbaycan hakimiyyətinin Bakıda görüşü təşkil etməsi isə əlamətdardır. Erməni əhalisi ilə təmasların yaradılması məsələsi, Azərbaycanın bu istiqamətdə siyasətini açıq şəkildə nümayiş etdirməsi İkinci Qarabağ müharibəsindən sonra Bakı üçün ən çətin məsələlərdən və çağırışlardan biri olub və qalır. Bakı isə mütəmadi olaraq Azərbaycan vətəndaşı olmağa hazır olduqlarını bildirən ermənilərin həyatını yaxşılaşdırmağa, onlara ölkənin digər vətəndaşları ilə bərabər bütün hüquqlarla təmin etməyə hazır olduğunu nümayiş etdirir.

Son vaxtlar, bildiyiniz kimi, bir çox sadə ermənilər Azərbaycan hakimiyyətinə məktub yazır, vasitəçilərlə onlara müraciət edirlər ki, onlara kömək etsinlər. Azərbaycana üz tutan insanlar, görünür, anladılar ki, Ermənistan hakimiyyətinə bunlar lazım deyil və həyatlarını yaxşılaşdırmayacaqlar. Axı Ermənistanda Qarabağ ermənilərinin bəyənilmədiyi məlum faktdır, sosial şəbəkələrin erməni seqmentinə, müsahibələrə baxın.

Uzun müddət Ermənistanda hakimiyyətdə olan “Qarabağ klanı” nə ölkəyə, nə də xalqa heç bir xeyir vermədi, ancaq respublikanın monoetnik cəmiyyəti daxilində Qarabağ münaqişəsini və millətçiliyi qızışdırdı.

Elə bu günlərdə Prezident İlham Əliyev Azərbaycanın tərkibində Qarabağ ermənilərinin yaşayışının Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi vaxtdan, indi yaşadıqlarından daha yaxşı olacağını söylədi. Prezident erməni əhalisinə layiqli həyat təklif edir. Azərbaycan işğaldan azad edilmiş ərazilərinə külli miqdarda vəsait qoyur, onu ölkənin “vitrininə” çevirir, burada insanlar işlə təmin olunur. Ona görə də Azərbaycan tərəfinin verdiyi vədlərin gerçəkləşəcəyinə şübhəm yoxdur. Azərbaycan prezidenti nəsə deyirsə, sözünü tutur, vədini yerinə yetirir. Ona görə də Azərbaycan Qarabağ ermənilərinin hüquqlarının müdafiəsi üçün əlindən gələni edəcək. Rəsmi Bakı azərbaycanlılarla ermənilər arasında uzun müddətdir davam edən qarşıdurmanı aradan qaldırmağa çalışır. Və bu düzgün taktikadır. Mən həmişə Rusiya ilə Almaniyanın münasibətlərini nümunə götürürəm. Axı biz Sovet xalqının yaşadığı belə bir dəhşətli faciədən sonra münasibətləri yaxşılaşdıra bildik.

Azərbaycan Qarabağın çiçəklənməsində maraqlıdır və bütün dünya görür ki, yalnız vəd verən Ermənistan rəhbərliyindən fərqli olaraq Azərbaycan hakimiyyəti öz sözlərinə görə məsuliyyət daşıyır.

Azərbaycan Ermənistan tərəfinin Qarabağ münaqişəsi zamanı və ondan əvvəl dinc azərbaycanlı əhaliyə münasibətdə həyata keçirdikləri əməliyyatlar vasitəsilə keçmişin ağrı-acısını aşmağa hazırdır - bu, diplomatiyanın və mərhəmətin ən yüksək səviyyəsidir. Sülh əldə etmək üçün keçmiş şikayətlərin üzərindən keçməyə hazırsınız.

Azərbaycan Qarabağ münaqişəsinin bütün ağırlığını çəkmiş, Ermənistanla sülhün zəruriliyini daha kəskin anlayan ölkədir. Münasibətlərin bu normallaşması bütün region üçün sülh və qarşılıqlı fəaliyyət şansı verəcək. Amma vacibdir ki, burada ikitərəfli hərəkat olsun ki, Azərbaycan vətəndaşı olmağa hazır olan erməni icmasının nümayəndələri də dinc həyata hazır olduqlarını göstərsinlər. Sovet dövründə azərbaycanlılarla ermənilər arasında millətlərarası nikahların necə olduğunu xatırlayırıq. Və hesab edirəm ki, Azərbaycan hakimiyyəti düzgün yol seçib. Başqa bir yol yalnız müharibə yoludur, xüsusən də belə bir ssenaridə maraqlı tərəflər olduğu üçün. Axı biz Ermənistandan ardıcıl təxribatları görürük.

Bəli, Azərbaycanın Qarabağ erməniləri ilə birbaşa əlaqələr qurmağa belə hazır olması çoxlarının xoşuna gəlmir. Düşünürəm ki, Azərbaycan və Ermənistan çoxdan barışa bilərdi. Sadəcə olaraq, buna mane olan qüvvələr var.

İndi Rusiyada çoxlu erməni, azərbaycanlı deyir: “Amma nə vaxta qədər döyüşmək olar?! Ermənilər “daşlar” uğrunda “mübarizələrini” davam etdirirlər. Ondansa razılaşıb birlikdə yaşayardıq. Amma bu, çoxları üçün sərfəli deyil, çünki bunun arxasında böyük siyasi oyun dayanır.

Fikrimcə, daha çox sülhsevər təşəbbüsləri irəli sürmək, danışıqlar aparmaq istəyini nümayiş etdirmək lazımdır, bunu Azərbaycan daim edir.

Düşünürəm ki, Azərbaycanın Qarabağ erməniləri ilə təmasları məsələsində də Rusiyanın vasitəçiliyi gücləndirilə bilər. Erməni icmasının nümayəndələri də Azərbaycanla təmaslarını təşkil etmək üçün Rusiya tərəfinə müraciət edə bilərdilər.

Düşünürəm ki, gələcəkdə Azərbaycanın necə inkişaf etdiyini görmək üçün müxtəlif ölkələrdən ermənilərin Bakıya gəlməsi mümkün olacaq.

- Maraqlıdır ki, vaxtilə müasir Ermənistan ərazisini tərk etməyə məcbur olmuş azərbaycanlılar Azərbaycan hakimiyyəti ilə Qarabağ erməniləri arasında birbaşa təmasların başlanmasına müsbət reaksiya vermiş və İrəvanı Ermənistana qayıtmaq məsələsində onlarla təmaslara başlamağa çağırmışlar.

- Təbii ki, bir vaxtlar Ermənistanı tərk etmək məcburiyyətində qalan azərbaycanlıların ora qayıda bilməsi məntiqli olardı. Çətindir, amma zəhmətlə mümkündür.

- Bu arada İrəvan Azərbaycanla Qarabağ erməniləri arasında danışıqlar prosesinin rəsmi beynəlxalq mexanizm (görünür, BMT və ya ATƏT) vasitəsilə tənzimlənməsinin zəruriliyi ideyasını təbliğ etməkdə davam edir. Rəsmi Bakı yenə bəyan etdi ki, bu mümkün deyil, yalnız birbaşa dialoq mümkündür, çünki Qarabağ məsələsi Azərbaycanın daxili məsələsidir. Və İrəvanın belə mexanizmdə israr etməsi İrəvanın separatizmdən əl çəkmək istəməməsinin, birbaşa danışıqları pozmaq cəhdinin göstəricisidir.

- Xatırlayırıq ki, Azərbaycan ərazilərinin işğalı fonunda Ermənistan həmişə “ikinci erməni dövlətinin olmasını” istədiyini, beynəlxalq ictimaiyyətin Azərbaycan ərazilərindəki separatçı qurumun tanınmasını istədiyini bəyan edib. Amma tanınma olmadı.

- Ermənistan Bakı ilə Qarabağ erməniləri arasında dialoqa qarışa bilməz. Amma prosesə daxil olur. Beynəlxalq mexanizm yalnız prosesi uzatmaq üçün lazımdır.

- Amma mən hesab edirəm ki, bu, Ermənistan hakimiyyətinin, revanşistlərin sadə Qarabağ ermənilərinə təzyiqləri olmadan keçə bilməz.

- Qarabağ ermənilərinin nümayəndələri Azərbaycan hakimiyyəti ilə nə qədər çox əlaqə saxlasa, erməni icması onun qarşısında açılan imkanları bir o qədər dərk edəcək. Təsəvvür edin ki, Qarabağ erməniləri onları öz qanadları altına almaq üçün Azərbaycan hakimiyyətinə müraciət edir. Mən bunda ancaq müsbət cəhətləri görürəm.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə