Böyük yaradıcılıq imkanları olan şairə

Xalidə Qələndər qızı İsmayılova (Xalidə Nuray) 1962-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Oğlanqala kəndində dünyaya göz açıb. 1969-1979-cu ildə orta məktəbi,1981-1985-ci illərdə Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetini bitirib. Bir neçə il orta məktəbdə müəllimə, 5 il Bağça müdiri, 2 il Ali təhsil müəsisəsində (Ali Tətbiqi Elmilər Kollecində) müəllim işləyib.

2018-ci ildən “Azad qələm” qəzetinin redaktorudur.

2018-ci ildə ”Xəyallarımın göz yaşı” adlı şeirlər və hekayələr kitabı, 2019-cu ildə Təbriz şəhərində “Ruhum sızlayır” adlı şeir kitabı işıq üzü görüb. “Vərəqlərin günahı” adlı üçüncü şeir kitabı çapdan çıxıb. Türkiyədə “Şairlerden bir demet” adlı, 2-ci və 3-cü cild antalogiyada, Azərbaycanda Nəsiminin 650 illiyinə həsr olunan “Cahana sığmazam” adlı almanaxda, “Turana açılan könüllər” -3 cildlik antalogiyasında şeirləri nəşr olunub. Xalidə Nuray Türkmen Edebiyyatçı və Yazarlar Birliginin, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2019- cu ildə Türkiyədə “Elbistan” redaksiyası tərəfindən “2019-cu ilin EN-ləri” arasında Xalidə Nuray da yer alıb. 2019- cu ildə Mərkəzi Asiyanın “YENİ AVAZ” Yazıçılar və Tarixçilər Birliyinin və Əmir-Teymur OBF-nun təsis etdiyi “TURAN BİRLİYİ” medalı ilə mükafatlandırılıb istedadlı şairəmiz. 2020-ci ildə Azərbaycan KİVİHİ-nin rəyasət heyətinin qərarı ilə “İLİN ŞAİRİ” Mediya mükafatı və 2021-ci il “Azərbaycan ziyalısı” fəxri diplomuna, 2021-ci ildə “Qızıl qələm”, “Abdulla Şaiq” adına diploma və “İlin vətənpərvər şairi” diplomuna layiq görülən Xalidə Nuray, hal-hazırda çox böyük həvəslə öz yaradıcılığını davam etdirir. Xalidə xanımın şeirləri, hekayələri, məqalələri dövrü mətbuatda tez-tez işıqlandırılir. Ona yaradıcılığında bundan sonra da böyük uğurlar arzu edib, bir neçə maraqlı şeirini çoxminli oxucuların ixtiyarına veririk. İnanırıq ki, Xalidə Nurayın bu şeirləri tələbkar oxucuların xoşuna gələcək.

Ağalar İDRİSOĞLU,
Əməkar incəsənət xadimi

XALİDƏ NURAY

Turan yürüşü

Günəş doğdu,zülmət nura büründü,
Şuşa qalam ər imzanla öyündü,
Qarabağım behiştlə tən göründü,
Turan yürüşünlə İlham-Ərdoğan!

Nur ələdin yeksan olan ocağa,
Səcdə etdik mehin dəyən torpağa.
Şəhidimin ruhu şaddı bu çağa,
Turan yürüşünə İlham-Ərdoğan!

Türk elimin birlik oldu son andı,
Yatmışlarım harayına oyandı,
Qan bahası qeyrət zəfər qazandı.
Turan yürüşünlə İlham-Ərdoğan!

Yetirmisən söz haqqına məzlumu,
Hər gedişdə sındırmısan zalımı,
Zəngəzurdan saldın nicat yolunu,
Turan yürüşünlə Ilham-Ərdoğan!

Alparslantək bozqurdların baş-başa,
Arxa oldu sən tək böyük qardaşa,
Yüz il azdır,əsirlərlə min yaşa
Turan yürüşünlə İlham-Ərdoğan!

16.06.2021-ci il

Azadlıģa çıxan məhbus
"Qarabağım"!


Zümrüdqaşlı bulaqların
zümzüməsinə,
Xarıbülbülün aşiqi,
bülbüllərin eşq nəğməsinə,
Cıdır düzündə, qonur libaslı
köhlənlərin kişnəməsinə
həsrət qaldığımız Qarabağım...
Məhbusu olduğun zülmətin
çiliklənməsini,
yağmalanmış arzularının,
qırılmış ümidlərimizdən
yandırdığımız ocaqların
hənirinə qısılıb,
dan yerinin sökülməsini
səbrsizliklə gözləyirik.
Arabir mirvari yağmur damcıları
gah içimizi göynədən yaralarımızı,
gah da günəş şəfəqlərini gözləyən
utancaq bənövşələrin
ləçəklərinə qonan şeh kimi,
çatlamış dodaqlarımı isladır.
Vətənin sinəsinə tuşlanan
güllə səslərindən yağan damcılar
özüylə həm kədəri, həm sevinci ovlayır.
Torpağın hər qarışında
şəhid olur igidlərin gözlərindəki
vətən sevdalı həsrətli gülüşlər.
Azad etdiyi torpaqlarda
otuz ilin yurd həsrətilə
titrəyən ürəklərdə gerçəkləşir
doğma ocaqlarıyla görüşlər.
Kimisi illərlə həsrətində olduğu
ata ocağında boynubükülü qalan
ağacları bağrına basır,
kimisi dizin-dizin doğmalarının,
ruhları qarşısında baş əyir,
illərdi tərk etdikləri ata-babalarının
məzarları önündə sürünür.
Kimisi şəhidlərin daģlara,
daşlara çökən naləsini,
vətən harayını nəfəsində duyur,
Kimisi qələbə sevincindən
kipriklərində intihar edən
göz yaşlarında boģulur.
Oğullarımız günahsız
qız-gəlinlərimizin,
doğulmamış körpələrin inləyən,
eşidilməyən fəryadını
qaytarır düşmənə, zəfər qoxulu
güllə yağışlarında .
İgidim bilmir ki, zəfərinə sevinsin...
Ya, əyninə geyindiyi
acı xatirələrin arxasınca sürünsün...
Ya Rəbbim, çox şükür deyərək,
öpüb gözləri üstünə qoyduğu
vətən torpağında tapır təskinliyini.
Tarixə qanla yazılan
bu vəhşətlər içərisində anlayır,
Tanrının bizə bəxş etdiyi,
heç nə ilə əvəz olunmayan,
"Vətən" sevgisinin
dəryalar tək dərinliyini.
Şükranlıqla körpə uşaq
anasının qoxusuna sığındığı kimi,
dağın-dərənin gül-çiçək qoxuyan,
vətən ətirli havasını
içinə çəkərək deyir:
Mənim Məkkəm, Mədinəm,
İslamiyyət günəşi doğan
qibləmsən Vətənim!

04.11.2020-ci il

Ana dilim

Qüdrətli Türk soyumuzun,
daş yaddaşı,
Tarixləri silkələyən, nərəsidi.
Xətaidən nəsillərə miras
qalan,
Qəhrəmanlıq səlnaməsi,
Xəlil Rza harayından,
Qopub gələn hür səsidi...
Haqsızlığı, cəhaləti, daşa basan,
Mirzə Cəlil dühasının,
Fəth olunmaz zirvəsidi...
Ana dilim!

Həsrət gözlü Təbrizimin
can yarası...
Öz dilindən ayrı düşən
Dərbəndimin, Borçalımın,
Ruhunun tək qayəsidi...
Yenilməyən bir qala tək
Heydərbaba, Xan Arazın
Hicran adlı, ürəkyaxan
naləsidi...
Ana dilim!

Anaların laylasından,
Süzülübdü ruhumuza,
Xanəminin zənguləsi,
Üzeyirin bəstəsidi ...
Bülbüllərin Xarıgülə
Eşq ətirli nəğməsi tək,
Zülmətlərə nur ələyən,
Nizaminin Xəmsəsidi...
Ana dilim!

Mavigözlü Xəzərimdə
Dalğalanan ləpələrin zümzüməsi...
Ümmanlara qucaq açan,
Diləklərin nəşəsidi...
Fidanlara gilə-gilə
Həyat verən yaz yağmuru,
söz günəşi...
Çeşməgözlü könüllərin
Dil həsrətli təşnəsidi...
Ana dilim!

17.05.2021-ci il

TÜRK OĞLU!

Zəfər qoxusu gəlir türkün ayaq səsindən,
Qeyrət, hünər boylanır türkün hər kəlməsindən,
Bir millət, iki dövlət hayqıran nəfəsinlə,
Vətəndə sədd çəkəni yandırıb- yax, Türk oğlu!

Otuz ildir Qarabağ ayaq altda inləyir,
Qəlbi səngər yurdumuz haray, imdad diləyir,
Şəhid qanlı torpaqlar səndən qisas gözləyir,
İldırım tək yağının başına çax, Türk oğlu!

Vətən sağolsun deyib torpağa qan verənin,
Vətən libası geyib, Vətənə can verənin,
Şəhidlik zirvəsinə sevərək yüksələnin,
Düşməninə silinməz çək sinədağ, Türk oğlu!

Tanrı pay eləyibdi, sarsılmaz qüdrətini,
Dünyaya bəyan etdin mərdlik, cəsarətini,
Qanınla yaz tarixə döyüş məharətini,
Qaliblik zirvəsinə bayrağı tax, Türk oğlu!

Aslan kimi düz durar, Türkün başı əyilməz,
Yağını məhv etməyə çarpışar, qorxu bilməz,
Bil ki vətən bölünməz, bil ki, şəhidlər ölməz,
Haqqın haqq dərgahına üzüağ qalx, Türk oğlu!

15.09.2020-ci il

Acgöz dünya

Dünya acgöz bir dəyirman,
Üyünərsən ələyində.
İlmə-ilmə sökülərsən,
Baş açmazsan kələyindən.

Qəm-qüssənin əzabından,
Min yol ölüb, dirilərsən.
Kükrəyərsən dəniz kimi,
Öz içinə çəkilərsən.

Dərd yedirər gülə-gülə,
Sərvətilə ovundurar .
At oynadan harınların,
Zər libasın soyundurar.

İnsan gələr bu dünyaya,
İstəmədən yetər sıra.
Sirlə dolu son gedişi,
Günahlar çox, üzüqara.

Anlamaza verər cəza ,
Quyu qazar öz diliylə.
Halal ruzi qapısına
Kilid vurar öz əliylə.

Hərdən çaşıb doğrulara,
Haqlı deyib sevindirər.
Şər işlərə əl qoyanı,
Dizin-dizin süründürər.

Görünməz o biri üzü,
Bir kimsəyə sirrin verməz.
Çiçək açmış günahları,
Sənlə gömər, birin dərməz.

Gözü doymur bu dünyanın,
Qandan biçir al donunu.
Qılınclayır haqlı-haqsız,
Görən bilir öz sonunu?

Dünya, zalım olduğunu,
Son məqamda anacaqsan.
Sındırdığın məzlumlar tək,
Haqq önündə sınacaqsan.

25.03.2021-ci il

İntizar nəğməsi

Qəmdən zər-zibalı yazılan bəxtim.
Rüzgarı telimə hey sığal oldu.
Uşaqkən yıxıldı atalı təxtim,
Bu nisgil qəlbimə qara xal oldu.

Duyduqca kövrəldim ata nəğməsin,
Həsrətin sazağı göynətdi məni
Dindi xatirəmdə dərd için-için
Biçib qəm köynəyin inlətdi məni.

Zamanın ovcunda sıxılıb qaldım,
Xəzana büründü ömür çiçəyim.
Üzdüm əllərimi haqsız dünyadan,
Töküldü ömrümün küsən ləçəyi.

Sevgi ümmanında uçan duyğular,
Dalğalar qoynunda çırpıldı daşa.
Hicran şərbətini süzdü badəmə.
Bil sənsiz yaşadım səninlə qoşa.

Azdı eşq yuxulu xəyallarımda,
Gənclik illərimin qoxusu itdi.
Cavab tapmadığım suallarıma,
Ruhumda bir həsrət nəğməsi bitdi.

03.01.2021-ci il

Azərbaycan əsgəri

Yoğrulub öz qanıyla,
Ağrısına tən oldu.
Can verib torpağına
Müqəddəs Vətən oldu!

Qeyrətimin sipəri,
Azərbaycan əsgəri!
Gül bitirdi şəfəqdən ,
Ləkəli dan üzünə.

Əsdirdi zəfər mehi,
Zülmətli gündüzünə.
Elimin cəngavəri,
Azərbaycan əsgəri!

Dədə-baba yurdunu,
Soy-kökünü qorudu.
Bir ölüb,min dirildi ,
Yağıya gözdağ oldu.

Qürur yeri səngəri,
Azərbaycan əsgəri!
Allahu-Əkbəriylə,
Haqq səsinə güvəndi.

Ulu Türk nərəsiylə,
Hər an düşməni yendi.
Güvən oldu hünəri,
Azərbaycan əsgəri!

Döyüşdə cəsarəti,
Bəllidi yad ellərə.
Şuşada savaşıyla,
Düşdü dildən-dillərə.

Oğuz,Türk nəvələri,
Azərbaycan əsgəri!
Boz qurdlar oylağında,
Şimşəyə dönüb çaxdı,

Ən hündür zirvələrə
Zəfər bayrağı taxdı
Tarixin daş əsəri,
Azərbaycan əsgəri!

12.01.2021-ci il

Bütün xəbərlər Facebook səhifəmizdə