Azərbaycan Yazıçılar Birliyində artıq haqq dünyasına qovuşmuş Məmməd Kazımin 90 illik yubileyi keçirilirdi. Çox maraqlı tədbir idi. Orada mən də çıxış edib, cavanlıq illərindən yaxşı tanıdığım, haqqında on beşdən çox yazı yazdığım maraqlı şair, nasir, jurnalist, Azərbaycan Dövlət Televiziyasında yaratdığı və uzun illər rəhbərlik etdiyi “Hünər” televiziya verilişi, Masallıda yaratdığı respublika səviyyəli “Qala” qəzeti haqqında danışdım. Məmməd Kazım haqqında öz ürək sözlərimi dedim. İllərlə ona olan haqsızlıqlardan da danişdım. Ona sağlığında qiymət verməyənləri, fəxri adlar almasında mane olanları suçladım. Hətta Masallıda onun ev muzeyinin yaradılması ilə bağlı da təklif irəli sürdüm.

Həmin tədbirdə bir xanım da çıxış eləyib öz şeirini dedi. Qısa, amma çox mənalı və axıcı bu şeir xoşuma gəldi. Amma şairənin adını yadımda saxalaya bilmədim. Tədbirdən sonra həmin xanım mənə yaxınlaşıb, özünü təqdim etdi: “Mən Aytəkin Mehmanqızıyam. Uzun illərdir ki, şeirlər, bayatılar yazıram, amma mətbuatda çap etdirə bilmirəm. Bilmirəm neyçünsə çap eləmək istəmirlər”...

-Siz bayaq dediyiniz şeir çox maraqlı idi. Bəs niyə çap eləmirlər,- deyə mən soruşdum.

-Bilmirəm...

-Siz şeirlərinizi mənim bu emailimə göndərin, oxuyum. Xoşuma gəlsə çap olunmasına köməklik edəcəm, -deyib mən öz vizit kartımı Aytəkin xanıma verdim. Söz verdi ki, elə bu gün axşam göndərəcək. Həqiqətən də axşam evə gələndə kompüteri açanda gördüm ki, mənə bir neçə şeir göndərib və bir də özü haqqında qısa məlumat. Şeirləri oxudum. Çox sadə dildə yazdığına görə xoşuma gəldi. Baxmayaraq ki, bu şeirlərin bəziləri rəvayətə əsasən yazılıb, amma bu şeirlər məktəb uşaqları üçün də maraqlı ola bilər. Hətta bunlar dərsliklərə salınsa şagirdlərin xoşuna gələr. Mən, Aytəkin Mehmanqızını çoxminli oxucularla da yaxından tanış etmək istəyirəm.

Aytəkin xanım Bakı şəhərində ziyalı ailəsində anadan olub. Əslən Şuşadan olan Mehman adlı ziyalı bir şəxsin övladıdır. Aytəkin xanım deyir ki, “mən uşaq ikən evimizin qonaqları şairlər, yazarlar, rəssamlar, elm və incəsənət xadimləri, bir sözlə ziyalılar olurdular. Belə ziyalıları evimizdə tez-tez görmək, onların arasında böyümək məndə şeirə, ədəbiyyata uşaq yaşlarımdan xüsusi bir maraq oyadırdı. Bu da məni məktəbi əla qiymətlərlə bitirdikdən sonra Bakı Dövlət Universitetinin filologiya fakültəsinə apardı. Orada mən məşhur alimlər- Əliyar Qarabağlı, Yusif Seyidov, Nizami Cəfərov, Şamil Qurbanov, Ağa Laçınlı kimi gözəl, savadlı müəlimlərdən dərs almışam. Bugün mən nəsihət, məsnəvi, rübai, sərbəst şeirlər və bayatılar yazıram. “Qaranlıq gecənin bir sabahı var”, “Seçilmiş şeirlərim”, “Şairlik zirvəsi” adlı kitabların müəllifiyəm”.

Mən, Aytəkin Mehmanqızının şeirlərini çoxminli oxucularımıza təqdim edirəm. İnanıram ki, bu şeirlər oxucuların da xoşuna gələcək və media nümayəndələri onun şeirlərini çap edəcəklər. İstedad Allah vergisidir. İstedadlı insanlar çox vaxt mübariz olmurlar və istedadsızlar kimi israrla qapıları döyüb, məcburən öz cızma-qaralarını çap etdirmirlər. Onlar elə fikirləşirlər ki, haradansa bir ağ at gələcək və onları tərkinə alıb, ədəbiyyat dünyasına, onun zirvəsinə aparacaq. Həmin ağ at gəlməyəndə isə onlar həvəsdən düşür və öz bəxtindən gileylənir. Zaman keçdikcə isə ədəbiyyatdan, incəsənətdən uzaqlaşırlar... Mən, əlli illik ədəbiyyat və incəsənət sahəsindəki fəaliyyətim dövründə belə çoxlu insanlarla rastlaşmışam və heyifislənmişəm ki, bu insanlara vaxtında kömək edə bilməmişik...

Hətta o insanları həvəsdən salan, onlarda özünə inamı məhv edən adamlarla mübarizə də aparmışam və bu gün də mübarizə aparıram. Kimlərə kömək edə bilmişəmsə, bu gün həmin istedadlı insanlar həm ədəbiyyat, həm teatr və həm də incəsənətin başqa sahələrində böyük uğurlara imza atırlar. İstedadlı insanları qorumaq isə millətini, onun ədəbiyyatını sevən ziyalıların müqəddəs borcudur.

Beləliklə, Aytəkin Mehmanqızının bir neçə şeirini sizə təqdim edirik.

Ağalar İDRİSOĞLU,
yazıçı-rejissor, Əməkdar incəsənət xadimi

Aytəkin MEHMANQIZI

Gözəl Allahım
Əlimdən tutursan yıxılanda mən,
Qoymursan heç yerdə heç vaxt əyiləm.
Mənim ömür dostum, vəfalı şahım.
Ey böyük, ey uca gözəl Allahım!
Hər yerdə köməyim olmusan mənim,
Mənim ürək dostum, könül həmdəmim...
Səndən istəyirəm nə istəsəm mən,
Hörməti, sevgini səndən görmüşəm.
Mən necə deməyim “çox şükür” Sənə,
Baxıb sevinərkən səadətimə?!
Səni dərk etməyən bəşər yerinə,
Deyirəm: “Çox sağ ol” hər yerdə Sənə.
Bu qədər nemətlər yaratmısan Sən,
Səni dərk etmək də çətindir hərdən.
İnsan aciz qalır böyüklüyünə,
Baxanda çox şeyin gözəlliyinə...

Şah və kəniz
(Rəvayətə əsasən yazılmış şeirim)

Bir gün bir məmləkətdə zalım bir şah var idi,
Çətin sualları ilə vəziri mat edirdi.
Bir gün vəzirini o, çağıraraq yanına,
Çətin suallarını sırayla verdi ona.
Vəzir xəyala daldı, sualı çətin sandı,
Çox düşünüb beləcə, xeyli xəyala daldı.
Kənizlərdən birini dərhal yadına saldı,
Kənizlərdən birisi ağıllı kəniz idi,
Çətin suallar ona çox vaxt asan gəlirdi.
Ağıllı kənizi o, tez çağırdı yanına,
Ən çətin sualı da, düşünüb verdi ona.
Kəniz tapdı sualın cavabını beləcə,
Özü kəniz olsa da, onda çoxmuş düşüncə.
Şah çağırıb vəziri, soruşdu vəzirindən:
-Söylə görüm nə etdin, cavabları tapdın sən?
-Bəli, əziz şahımız, cavabları tapdım mən.
-Düzünü de, vəzirim, özünmü tapdım bunu,
Yoxsa kənardan sənə söylədilərmi onu?
-Kənizlərdən birisi cavabı tapdı düzü,
Özü də çox tez tapdı, düşünmədi çox özü.
Şah əmr etdi: -Qoy gəlsin, cavabı tapan kəniz!
Bu gündən etibarən vəzirimdir o kəniz!
Kəniz gəlib dayandı düz şahın göz önündə,
Vəzir olacağını düşünməzdi ömründə.
Kənizin gözlərindən yaşlar süzülüb axdı,
Şahın üzünə o, böyük təəccüblə baxdı.
Həyatda heç kim bilməz nələr gözləyir onu.
Səbirlə yaşayanın möcüzə imiş sonu.
Yetər ki, hər insanın əməli saleh olsun,
İnsanın yol yoldaşı ağılı, kamalı olsun.

Azərbaycan
Dünyada bir yer var, Azərbaycandır adı.
Ağızlardan getməz nemətlərinin dadı.
Hara getsəm belə sənsən Vətənim,
Səninlə döyünür bu təmiz qəlbim.
Sən Odlar yurdusan, gözəl diyarsan,
Tanrıdan bizlərə bir yadigarsan!
Xəzər bəzəyindir, Qarabağ gözün,
Özünə çəkirsən dünyanın gözün.
Yad gözlər dikilib sənə əzəldən,
Qoy Tanrım qorusun səni nəzərdən.
Dünyanın ən gözəl məkanısan sən,
Döyünən qəlbimsən sinəmdə Vətən!

Verməyin dəyəri dəyərsizlərə
Verməyin dəyəri dəyərsizlərə,
O zaman zərbələr dəyər sizlərə.
Dəyər də qızıltək çox qiymətlidir,
Hər yerdə, hər kəsə layiq deyildir.
Qızılı verərlər ən əzizlərə,
O da sağ ol deyər qızıla görə.

İSMƏT
Həyanı, isməti yenidən dəbdə,
Görmək istəyirəm qızda, gəlində.
Həya donu geysin insanlarımız,
Kişili, qadınlı, elə hamımız.
Həya bəzəyidir qızın, gəlinin,
Böyükdən kiçiyə elə hər kəsin.
Həyaya bürünüb gəzsək hamımız,
Daha da saflaşar bu gün dünyamız.

El qınağı
“El qınağı” adlı bir əmmamız var,
Neçə taleləri qınaq sındırar.
Qınamaq özgəni daha asandır.
Ən böyük günah da elə qınaqdır.
İnsanın yoluna tikanlar düzən,
Məni qınamayın, elə qınaqdır.
Qınaq atəşində yanan talelər,
Deyin, indi sizi kimlər güldürər?
Kim sizin ayağı sıxan başmağı,
Geyinib sizin tək bu yolu gedər?
Qınaq atəşinə tuş gələn insan,
Həmin o qınaqdan görməzmi ziyan?
“Camaat nə deyər?” – deyərək hər an,
Çox şeylər itirər zamanla insan...
El qınağı adlı həmin məsələ,
Neçə taleləri qırmışdır yaman.
Ömrünü çox xoşbəxt, şən yaşamağa,
Bilin ki, həyatda layiqdir insan.

Oğul çörəyi
Oğul böyüdərkən elə böyüt sən,
Oğul çörəyini yeyə biləsən.
Oğul çörəyinin dadı başqadır,
Hər oğul çörəyi sanki bal dadır.
Oğullar böyüsün, bir igid olsun,
Bütün oğulları Allah qorusun.
Oğul çörəyini dadmaq bizlərə,
Gözəl analara, qoy nəsib olsun.
Qoy Allah qorusun, mərd oğulları!
Ana üçün, el üçün yaşayanları.
Bu gül balaları, gül oğulları,
Tanrım, özün qoru mərd oğulları!
Nə dadlı çörəkdir, oğul çörəyi?
Hər ana dadmışmı oğul çörəyin?
Elə analar var dadmayıb onu,
Beləcə çatıbdır ömrünün sonu.
Belə analara qoy rəhmət olsun,
Gözəl oğulları Allah qorusun.
Mən arzu edirəm bütün analar,
Oğul çörəyini hər an dadsınlar.
Oğullar qazansın, analar yesin,
Bacılar qardaşla daim fəxr etsin!

Deməyin pula siz əl çirki heç vaxt
Deməyin pula siz əl çirki heç vaxt,
Parasız qoymasın heç kəsi Allah.
Hər şey olmasa da, çox şeydir para,
İnsanın üzünü etməyər qara.
Paradır insanın üzün ağardan,
Para ilə qara da seçilmir ağdan.
Qatığa qara desə, parası olan,
Deyərlər “qaradır” qatıq doğrudan...

Bahalı incilər
Dənizin üzündə tez ələ keçən,
Tullantılar olar, bilirəm ki, mən.
Bahalı incilər xəzinələrtək,
Suyun üzərində üzməsin gərək.
Qiymətli incilər dərya dibində,
Orda üzə bilməz ən aciz bəndə,
Bahalı bir inci istəyərsən sən,
Dəryanın dibinə gərək gedəsən.

Səadət nədir?
Məndən sorsaydılar, səadət nədir,
Deyərdim sevgidir, hörmətdir, səmimiyyətdir.
Əgər sorsaydılar başqa nələrdir?
Yenədə deyərdim saf məhəbbətdir.
Desələr onu sən söylədin artıq,
Məncə əsas olan can sağlığıdır.
Deyərdim, canın sağlığı da, ondan asılıdır.
İsrarla sorsalar, başqa nələr var?
Söylərdim, dünyada hər şeydən üstündür onlar.
Harda sevgi vardır, mərhəmət vardır,
Səadət bilin ki, elə ordadır...

Ağıl
Ağıldır insanın şöhrəti, şanı,
Ağılsız qoymasın Tanrı insanı.
Yalnız ağlı ilə ucalar insan,
Zəka hədiyyədir uca Allahdan.
Ağıl naxış ilə əlbir olanda,
İnsan xoşbəxt olar doğrudan onda.
Tanrı əsirgəməz sevdiyi quldan,
Ağılı, kamalı vaz keçməz ondan.
İnsana hər yerdə ağıl gərəkdir.
İnsan, zəkası ilə yüksələcəkdir.

Sultan Süleymanın nəsihəti
Bir gün bir şah var imiş, adı Süleyman imiş.
Çağırıb vəzirini, vəsiyyət etdi ona:
-Mən öləndə əlimi çıxararsız tabutdan,
Həkimlərin çiynində köçəcəyəm dünyadan.
Paylayın insanlara qızılları da ordan!
Hikməti anlamayan vəzir soruşdu şahdan:
-Nədir bunun mənası, düşünürəm bayaqdan?
Axı anlamadım mən, varislərin var ikən,
Həkimlərin çiynində neyçün köçməlisən sən?
Şah düşünüb beləcə, xeyli xəyala getdi,
Sanki bir an, bir anlıq bu dünyanı tərk etdi.
Açıqlayıb hikməti, vəzirə belə dedi:
-Qoyun görsün insanlar, şah da əliboş getdi!
Həkimlər ola-ola, bu dünyanı tərk etdi...

Şairlik zirvəsi
Vicdanım ələndi Allah yanında,
Qələm mükafatı aldım o anda.
Onu almaq üçün məni sınadı,
Bu gözəl qələmə o layıq sandı.
Sanmayın asandır onu qazanmaq,
Bu qədər sınaqdan üzü ağ çıxmaq
Qarşına çıxacaq hər bir sınaqdan
Tanrı xatirinə üzü ağ çıxmaq.
Şairlik zirvəsi böyük zirvədir,
O zirvəyə qalxan seçilmişlərdir.
Tanrı vəh göndərir seçilmişlərə,
Hər kəs qalxa bilməz o zirvələrə.
Çox şükür Tanrıya, şairəyəm mən,
Allahım vermişdir əlimə qələm.
Hikmətlər yazıram yazan zaman mən,
Oxuyanlar desinlər doğrudan "Əhsən!"
Yüz il ötsə belə ölməz şairlər,
Onlardan qalacaq gözəl şeirlər.
Oxuyub onları düşünəndə siz,
Böyük hörmət ilə yad edərsiniz...

Yenidən gəlsəydim bir də dünyaya...
Yenidən gəlsəydim bir də dünyaya,
Bənzəmək istərdim daşa, qayaya.
Bəzi insanlarçün əlçatmaz olub,
Dönərdim göylərdə ulduza, aya.
Daşlar, qayalartək olardım möhkəm,
Olmazdım çoxuyçün yaraya məlhəm.
Gəlsəydim dünyaya bir də təzədən,
Əziyyət çəkməzdim ipəkliyimdən.
Yetər, yetər artıq ey qoca dünya,
Gəl məni bənzətmə ipək parçaya!
Hərdən sərt üzüm də qoy olsun mənim,
Qoy hərdən ipəkdən mən də fərqlənim.
Daştək möhkəm olsa mənim ürəyim,
O zaman qədrim də bilinər mənim.
Şahin quşa layiq yaranmışam mən,
Fərqim də bundadır digərlərindən.

Həyasın qoruyar aqil bir insan...
Nahaqq qarşısında sussa birisi,
Sanma aciz biri həmin o kəsi.
Sussada susmuşdur, aqilliyindən,
Sanmayın susmuşdur acizliyindən.
Həyasın qorumuş aqil bir insan,
Sanmaki qalıbdır nahaqq o zaman.
Gülsədə nadana o, öz qəlbində,
Xoş sözlər söyləyər ona dilində...
Çünki o arifdir, cahil deyildir,
Qəlb qırmaq onunçün asan deyildir.
Mərhəmət gəzdirər o, öz qəlbində,
Hər kəslə danışar onun dilində.
Belə insanlarıTanrı qorusun,
Hər yerdə, hər zaman onlar var olsun.

Bakı şəhəri

Bütün xəbərlər Facebook səhifəmizdə