Onlar Şuşadan danışırdılar... JURNALİSTİN QEYDLƏRİ

Nədənsə Şuşanın adı gələndə adamın damarlarında qanı coşur, desəm, hamının bu fikirdə olduğunu söyləyəcəyinə əminəm. Hələ Şuşadan söhbət düşəndə isə, necə deyərlər, əlində yağın daşsa belə, ta durub gedə bilmirsən, həmin söhbəti sevə-sevə sonadək dinləyirsən. Elə ötən həftənin bazar günü televizorun idarəetmə pultu ilə kanalları gəzərkən ölkəmizin televiziya kanallarından birində-atv kanalında Şuşa ilə bağlı bir verilişin yayımlandığını gördüm və ta o kanaldan ayrıla bilmədim. Şuşa fatehləri-hərbçilərimiz Şuşanı necə azad etmələrindən danışırdılar. Söhbətlər o qədər maraqlı idi ki, mənə elə gəlirdi ki, nəfəs almadan dinləyirəm. Televizor otağın pəncərəsinə yaxın bir yerdə yerləşdiyindən qalxıb pəncərəni də bağladım ki, bayırdan gələn səs bu gözəl söhbətin rayihəsini qaçırar birdən.

Onlar Şuşadan danışırdılar, Şuşanı düşmənin caynaqlarından necə azad etdiklərindən, Şuşa yolunda çəkilən cəfalardan, Şuşa uğrunda döyüşən qəhrəmanlardan, Şuşa fatehlərindən, Şuşa şəhidlərindən, Şuşa möcüzələrindən danışırdılar...

Şuşa qüruru

Hərbçilərimiz Şuşanın azad olunmasından danışarkən yaşadıqları qürur hissini tez-tez vurğulayırdılar. Niyə də vurğulamasınlar ki? Axı Şuşa Azərbaycanın göz bəbəyidir. Şuşa Qarabağın tacıdır. Şuşasız Qarabağı təsəvvür etməkmi olar? Bu ulu Yaradanın xalqımıza bəxş etdiyi gözəlliklər diyarı, sözün həqiqi mənasında, bir möcüzədir. Təbiətin bütün gözəlliklərinin cəmləşdiyi bir məkandır. Dumanı çiskininə qarışan, dağlarla qoyun-qoyuna olan Şuşa Azərbaycanın ən dilbər guşələrindən biridir. Dağları, şiş qayaları ilə yaşıl, allı-güllü çəmənləri sanki igid oğullarla nazlı qızlarımızın təcəssümüdür. Xarıbülbülü kimi. Bülbüllə gülün sevdasından yaranan xarıbülbül kimi. Şuşanın rəmzi olan, ancaq Şuşada yetişən, bitən, bənzəri olmayan xarıbülbül kimi.

Onlar Şuşaya yaxınlaşdıqca onun təbiətinə vurğunluqlarından danışırdılar. Axı Şuşanı görməmişdilər. Onların ata-babaları Birinci Vətən Müharibəsində Şuşa uğrunda döyüşəndə, lakin o dövrkü bədnam rəhbərlərin bütün Qarabağ kimi, Şuşanı da düşmənə satmaları səbəbindən onu azad edə bilməyəndə bu fatehlər uşaq, yeniyetmə idilər. Onlar Şuşa haqqında o döyüşlərdən sağ-salamat qayıda bilən atalarından eşitmişdilər. Bir də Şuşa haqqında kitablardan oxumuş, Şuşanı yalnız televiziya kanallarından görə bilmişdilər.

Onlar Şuşanı ilk dəfə onu azad edərkən görürdülər. Onlar bu möcüzəli təbiət, bu füsunkarlıq qarşısında heyran qaldıqlarını bildirirdilər. Hələ Şuşa azad olunanda payız idi, gör onun baharı necə olur... Lakin Şuşa 30 ilə yaxın idi ki, baharı özünə yaxın buraxmırdı. O payızla, qışla sirdaş, yoldaş olmuşdu. Şuşa özünə söz vermişdi ki, doğması gələndə bahara qoynunu açacaq. Övladları, oğulları gələndə, onu düşməndən geri alanda qara yaylığını başından açıb, xarıbülbüllü kəlağayısını salacaq başına. Əynindən qara libasını çıxarıb yaşıl ətəyini, qırmızı köynəyini yenidən geyinəcəkdir.

Şuşanın dağlarının dumanı da ərşə çəkilmişdi. Çünki Şuşa gözəl görünmək istəyəndə dumanını endirirdi. 30 ilə yaxın idi ki, bu çən, bu dumanı da bağrına çəkib gizlətmişdi Şuşa. Göstərmirdi düşmənə. Hüsnünün bütün gözəllikləri kimi, duman-çənini də gizlətmişdi.

Şuşanın möcüzəli dumanı

Hərbçilərimiz danışırdılar ki, biz Şuşaya yaxınlaşarkən düşmən artıq bu gözəl məkanın əlindən getdiyi üçün vəhşiyə çevrilmişdi. Bütün variantlardan istifadə edib Şuşanı əldən verməməyə çalışırdılar. Hərbçilərimiz Şuşaya girəndə qəfildən onlar olan əraziyə duman çöküb. Bu, sanki bir möcüzə olub. Və bu duman onlara son əməliyyatı uğurla həyata keçirməyə şərait yaradıb. Artıq duman çəkiləndə Azərbaycanın üçrəngli bayrağı Şuşada dalğalanırmış.

Bəli, bir vaxtlar Şuşanın dumanını da qısqanıb bu dumanı başqa səmtə yozanlar, Şuşanın dumanlı dağları ilə bağlı yazılan mahnının sözlərini dəyişdirməyə belə çalışanlar bu dumanın təbii duman, heç kimin istəyi olmadan yaranan duman olduğunu dərk etməmişlər bəlkə də. Bəlkə də çox yaxşı dərk etmişlər. Lakin duman sözü onları yaman qorxudubmuş, bu səbəbdən də ondan bəhs edilməsini istəməmişlər. Çünki onlara görə bu duman başqa dumanların mənasını təzahür etdirirmiş özündə.

Lakin duman Şuşanın gözəlliyinin örpəyidir, onun yaşmağıdır. Hüsnünü lazım olan anlarda yadlardan gizlətməsi üçün ən gözəl vasitəsidir əlində. Bu duman sən demə həm də bir mübarizə imiş. İkinci Vətən Müharibəsində hərbçilərimizin əməliyyatına yardım edən mübariz duman. Dumanın bir anda gəlməsini haqqın dərgahından haqq tərəfində olanlara göndərilən bir kömək kimi də dəyərləndirmək olar. Çünki o, bir anın içində gəlmiş, çökmüş və əməliyyat başa çatandan sonra çəkilib getmişdir ki, Azərbaycan bayrağı görünsün, Şuşanın azadlığı elan olunsun.

Onlar danışırdılar ki, ən böyük arzuları həm də Şuşada azan vermək imiş. Bu da bir təsadüf olub ki, Şuşanın azad olunması günorta saatlarına təsadüf edib. Şuşa ordumuzun əlində olanda günorta namazı vaxtı olub və onlar bu namazın azanını verməyə nail olublar.

Bir-birindən maraqlı söhbətlər, necə deyərlər, elə bil adamı televizor qarşısına kilidləyirdi. Həqiqətən də Şuşa əməliyyatı çox böyük, çətin, lakin bir o qədər də şərəfli bir əməliyyat olub. Əlbəyaxa döyüşlərdən, yoldaşlarının şəhid olmasından, yarlılara göstərilən yardımlardan danışan hərbçilərimiz bu söhbətləri bəzən gözləri yaşla dolmuş halda, bəzən nəfəslərinin boğazlarında düyünləndiyi vəziyyətdə, bəzən isə tez-tez köks ötürməklə danışırdılar. Danışılanlardan gün kimi aydın olurdu ki, Şuşa əməliyyatı dünya tarixində baş verən azsaylı hadisələrdəndir.

Şuşa əməliyyatı hərbçilərimizin adını tariximizin şanlı səhifələrinə yazdı. Onların qəhrəmanlığı qarşısında ermənilərin qorxaqlığı, dabanlarına tüpürüb qaçmaları Azərbaycan igidlərinin gücü ilə yanaşı, onların ötən illər ərzində yetişdirilməsi, hərbin sirlərinə yaxından bələd olmalarının da göstəricisi idi. Ölkəmizdə gənclərin vətənpərvər ruhda böyüdülməsi, onların idmanın müxtəlif növlərinə cəlb edilməsi, hərb sahəsinin inkişafına ayrılan vəsait, hərbçilərimizin təhsilinə göstərilən qayğı, onların xüsusi kurslarda təlimlər keçməsi Şuşa əməliyyatında özünü açıq şəkildə göstərdi. Bu barədə ölkəmizin başçısı deyir: “Şuşa qalasına dırmaşmaq, təkcə Daşaltıdan Şuşaya piyada getmək, necə deyərlər, böyük sınaqdır. Amma sənin üzərinə avtomatlardan, pulemyotlardan, tanklardan atəş yağdırılırsa, mənəvi və fiziki ruh yüksəkliyi lazımdır. Bu, mənəvi və fiziki ruhun birliyidir. Bəs əgər bizim gənclər hazırlıqsız olsaydı, əgər onlar fiziki cəhətdən zəif olsaydı, bacarardılarmı? Bacarmazdılar. Ona görə idman bu deməkdir. Dinc həyatda da hökmən lazımdır, hökmən”.

Bəli, ötən illərdə ölkəmizdə yetişdirilən gənclərin tərbiyəsində vətənpərvərliyin xüsusi xətt təşkil etməsini, onlara torpaq, Vətən sevgisinin yetərincə aşılanmasının nəticəsini Vətən müharibəsində bütün dünya gördü. Gördü ki, Vətəni, torpağı canından əziz tutan gənclər necə böyük fədakarlıqla Ali Baş Komandanın əmrlərini yerinə yetirib, namus və şərəfimiz olan torpaqları düşməndən azad etdilər.

Şuşa hədiyyəsi

Hərbçilərimizin böyük coşqu, həyəcan, məhəbbət, hünər və cəsarət dolu söhbətləri bir anda Şuşanı gətirdi gözlərim önünə. Onların söhbətində Şuşanın gözəl təbiəti, uca dağların sinəsinə pərçimlənmiş hüsnü, gözəlliyi, əyilməzliyi o qədər heyrətamiz ifadə olunurdu ki, adam özünü sanki bir filmə baxırmış kimi təsəvvür edirdi.

Həqiqətən də çox maraqla danışırdılar onlar Şuşadan. Bir anlığa düşünəndə ki, bu barədə bir film çəkilib, bu filmə insanlar baxır, hərbçilərimizin hünəri, vətənpərvərliyi ilə böyüklü-kiçikli hər kəs tanış olur, bunu çox arzu etdim. Onların söhbəti əsasında gözəl ssenarilər yazıla, filmlər çəkilə bilər.

Hərbçilərimizin söhbətində Şuşanın necə böyük əziyyətlə, zəhmətlə xalqımıza yenidən bəxş edildiyi ehtiva olunurdu. Həqiqətən Şuşa-coğrafi mövqeyinə görə xüsusilik təşkil edən bu təbiət gözəli alınmaz qaladır. 1990-cı illərdə düşmən onu ala bilməzdi, əgər o, satılmasaydı. 2020-ci ildə isə onu düşməndən almaq da asan məsələ deyildi. Çünki onlar 30 ildə Şuşanın bütün coğrafiyasını yaxından öyrənmiş, onu necə müdafiə etməyin, əldə saxlamağın sirlərini mənimsəmişdilər. Lakin ordumuzun böyük bacarığı qarşısında görünür ki, düşmən dərsini yaxşı öyrənməyibmiş.

Şuşa 2020-ci ildə xalqımıza Ali Baş Komandanımızın və ordumuzun yenidən bəxş etdiyi ərməğan oldu. Yəni bir xalq üçün bundan böyük hədiyyə ola bilməzdi. 30 il Şuşasız qalan, qaçqın, köçkün, didərgin statusu ilə ölkəmizin müxtəlif ərazilərində məskunlaşan, Birinci Vətən Müharibəsindən sonra - köçkünlüyün ilk illərində olmazın əzab-əziyyəti ilə qarşılaşan, torpaq həsrəti, yurd hicranı yaşayan şuşalılar üçün bundan böyük hədiyyə ola bilməzdi. Uzun illər yurd həsrətlindən alışıb-yanan ata-analarını elə bu səbəblə itirən insanlar üçün Şuşa yenidən dünyaya gəlmiş, yaranmış bir şəhər oldu. Çünki onların əzizlərinin ruhu şad oldu. Həm şəhərdən silah gücünə çıxarılarkən qəbiristanlıqlarda uyuyan, həm də köçkünlükdə dünyasını dəyişənlərin hər birinin ruhu şad oldu.

Şuşa sevinci

Hərbçilərimiz Ali Baş Komandanımızın Şuşanın azadlığı ilə bağlı xalqa müraciətinin qürurunu necə yaşadıqlarından da danışırdılar.

8 noyabr 2020-ci il. Qarabağın döyünən ürəyi Şuşanın azadlıq müjdəsini xalqına çatdıran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları! Mən bu günlərdə dünya azərbaycanlılarından və Azərbaycanda yaşayan insanlardan minlərlə məktub alıram. Hər gün minlərlə məktub. Sadəcə olaraq, heyfsilənirəm ki, bütün bu məktubları oxuya bilmirəm. Sadəcə olaraq, vaxt çatmır. Nə qədər gözəl sözlər, nə qədər böyük dəstək göstərilir. Bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! Biz yenilməz xalqıq! Biz döyüş meydanında düşmənə yerini göstəririk!

Bəli, həm hərbçilərimiz, həm də hər birimiz üçün qürur, böyük sevincdir ki, 28 il əvvəlki 8-in üzərindən 28 il sonrakı 8 xətt çəkdi. Şuşa əbədiyyən Azərbaycana-öz doğma anasına qaytarıldı. Artıq qovuşub iki doğma. Onlar indi Azərbaycan bayrağını çiyinlərinə salıb Şuşanın ən uca zirvəsində oturub bir-biri ilə ötənlərdən söhbət edir, biçib-tikəcəkləri yeni qırmızı köynəklərdən, yaşıl ətəklərdən, mavi kəlağayılardan danışırlar.

Şuşanın azadlığından sonra Cıdır düzündə “Xarıbülbül” Musiqi Festivalının keçirilməsi düşmənin bağrına dağ çəkdi. Azərbaycan musiqisinin heyrətamiz səsi dağlarına-daşlarına yayıldıqca elə bil oyandı, təşnəsi olduğu bu səslə sanki özünə qayıtdı Şuşa. Azərbaycan musiqisinə göylərdə quşlar dayanıb qulaq asırdı. Axı onlar da bu səsə həsrət idilər. Bu səs düşmənin qulağına yara oldu. Bu səs Cıdır düzündən düşmənin murdar ayaqlarının izlərini sildi.

Daha sonra Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin açılışı, “Vaqıf Poeziya Günləri” nin keçirilməsi, Natəvanın bulağının bərpası, Şuşaya yol çəkilməsi, elektrik enerjisi ilə təminatının yaxılaşdırılması, Şuşanın Dünya Azərbaycanlılarının V Qurultayına ev sahibliyi etməsi və digər tədbirlərin hər biri yaxınlıqdakı düşmənin göz dağına çevrildi.

Şuşanın Azərbaycanın Mədəniyyət Paytaxtı elan edilməsi, bu ilin onun ili olması bizim qürurumuz, düşməninsə ölümüdür.

Ey Qarabağın baş tacı, bundan sonra ta sən hər zaman qürurla yaşayacaqsan. Çünki bu gün dünyanın bəhs etdiyi Azərbaycanın bir yurdusan. Çünki sənin arxanda Ali Baş Komandanımız və Milli Ordumuz dayanır. Nə qədər ki, Azərbaycan var, sənin hər zaman üzün güləcək, Şuşa. Çünki bütün torpaqlarımız qalib ölkənin qoruması altındadır.

Mətanət MƏMMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə