KƏLBƏCƏR: Azadlıqdan abadlığa... - TƏHLİL

Prezident cənab İlham Əliyev: “Biz Kəlbəcəri bərpa edəcəyik, heç kimin şübhəsi olmasın və həyat qayıdacaq...”.

Kəlbəcərin işğaldan azad olunması ilə xalqımız iki böyük qürurlu səhifə açdı müasir tariximizdə: Kəlbəcər 27 illik işğaldan azad olundu. Azərbaycan xalqı bu yurdu 27 il əsarətdə saxlayan, sərvətlərini talayan, daşı daş üstündə qoymayan düşmənə bu torpaqdan çıxması üçün 10 gün daha vaxt verdi. Tək bu fakt 44 günlük Vətən müharibəsində Azərbaycan haqqında bəzi xoşagəlməz fikirlər yürüdən dövlətlərə çox dəyərli cavab oldu. Üçtərəfli razılaşmaya əsasən noyabrın 15-də Kəlbəcərdən çıxmalı olan düşmənə 10 gün vaxt verilməsi ölkəmizin Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyevin siyasətində xüsusi bir mərhələni təşkil edir. O mərhələ ki, bu addımla Azərbaycan xalqının kimliyini bir daha dünyaya bəyan etdi.

Kəlbəcər indi azad bir Azərbaycan bölgəsidir. Azadlığına qovuşan bir gündən isə abadlığına aparan yolda yolçuluğa çıxıb. Bu yolda isə qürur duyduğumuz anlarla qarşılaşırıq.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyev: “Biz Kəlbəcəri bərpa edəcəyik, heç kimin şübhəsi olmasın və həyat qayıdacaq. Kəlbəcərdə kənd təsərrüfatı inkişaf edəcək, xüsusilə heyvandarlıq. Bizim orada böyük otlaq sahələrimiz var. Kəlbəcərin zəngin təbii qaynaqları, təbii ehtiyatları var. Düşmən bu ehtiyatları vəhşicəsinə istismar edib. Sovet vaxtında bütün sovet məkanında məşhur olan İstisu suyu Kəlbəcərdə istehsal olunurdu. İndi İstisu da bizim nəzarətimizə qayıdır. Vaxtilə ora böyük kurort zonası idi. Mənfur düşmən hər tərəfi dağıdıb. İndi o görüntülər var, hər kəs görə bilər. Hamısını bərpa edəcəyik, Kəlbəcəri yenidən quracağıq, kəndləri, Kəlbəcər şəhərini. Tapşırıq vermişəm ki, şəhərin yenidən qurulması ilə əlaqədar baş plan hazırlansın, təkcə Kəlbəcər şəhəri yox, bütün şəhərlər üzrə həyat qayıdacaqdır”.

Ötən il Kəlbəcər rayonunun ərazisində Lev çayı üzərində 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının yenidən qurulmasına başlanılması, 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasının fəaliyyətə başlaması, Prezident cənab İlham Əliyevin sərəncamına əsasən 72,8 kilometr uzunluğunda Kəlbəcər-Laçın avtomobil yolunun tikintisinə başlanması, bu yol üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin təməlinin qoyulması, İstisuya əvvəlki şöhrətini qaytarmaq üçün 51 kilometr uzunluğunda İstisu-Minkənd yolunun azadlıqdan abadlığa gedən yolda gördüklərimiz idi.

Biz bu yolla Kəlbəcərə qayıdırıq. Ata-baba yurdumuza, əzəli torpaqlarımıza qayıdırıq. Bu xalq XXI əsrdə yazdığı qəhrəmanlıq dastanı ilə – “Qarabağ” dastanı ilə o torpaqlara qayıdır. Dövlət-xalq birliyi, lideri ilə, şücaətlə, rəşadətlə, şəhidləri, yaralı qaziləri, 30 ilədək yurd təşnəli insanları ilə erməni qəsbkarlarından geri aldığı torpaqlara qayıdır. Orada şəhidlərinin qanı axmış torpaqları qoxulamağa, o torpaqlarda azan səsini dinləməyə, öz ata-babasının məzarını ziyarət etməyə, o torpaqlara yeni həyat verməyə qayıdır. Bir də ona görə qayıdır ki, Kəlbəcər Qarabağdır, Qarabağ Azərbaycandır!

Yol gedir Kəlbəcərə...

30 ilin əvvəlində baxımsız, sonrakı illərdə daşlaşan-kəsəkləşən Kəlbəcər yolları keçilməz vəziyyətə düşüb. Dağlıq ərazidə yerləşən bu rayon üçün yol infrastrukturu olduqca əhəmiyyətlidir. Bütün bunlar isə rayon işğaldan azad olunan bir gündən diqqətdə saxlanılır və Kəlbəcərə gedən yollar abadlaşdırılır.

Görülən işlərin davamı olaraq iyunun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfəri çərçivəsində Göygöl rayonunda Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunelin tikintisi ilə tanış olub.

Dövlətimizin başçısına görülən inşaat işləri haqqında məlumat verilərək bildirilib ki, Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolu 2-4 hərəkət zolaqlı olmaqla I, II və III texniki dərəcəyə uyğun inşa edilir. Belə ki, yolun keçdiyi ərazinin sərt dağlıq və qayalıq olması nəzərə alınaraq, onun əsas hissəsinin ikizolaqlı, yoxuşlarda isə əlavə zolaq artırılmaqla tikintisi aparılır. Bu yol tunel və körpü hissələrdə dörd hərəkət zolaqlı olacaq.Hazırda yolboyu torpaq yatağının, həmçinin zəruri yerlərdə suötürücülərin tikintisi davam edir. İki hissədə mövcud kanalların köçürülməsi, həmçinin bəzi ərazilərdə suötürücülərin inşası tamamlanıb, yeni su kanalının tikintisi davam etdirilir.

Bildirilmişdir ki, layihənin 13,5-ci kilometrindən Murovdağ silsiləsi başlayır. Yüksəklik 1700 metrdən Murovdağ zirvəsinədək 3250 metrədək artır. Bu hissədə dünyanın ən uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinin inşası davam etdirilir. Artıq tuneldə gediş və gəliş istiqaməti üzrə 2,1 kilometr uzunluğunda qazma işləri tamamlanıb.Tunel müvəqqəti havalandırma sistemi ilə təmin edilib. Piyadalar və avtomobillər üçün nəzərdə tutulan iki ehtiyat keçidin tikintisi yekunlaşıb.Hazırda tuneldə partlatma və qırma prosesləri nəticəsində əmələ gələn qaya parçalarının və süxurların daşınması, lay sularının kənarlaşdırılması və tuneldaxili hissənin üzlənməsi işləri davam etdirilir.

Həmçinin məlumat verilib ki, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi layihəsi çərçivəsində Murovdağ tunelindən əlavə, daha üç tunelin inşası nəzərdə tutulur. Uzunluğu 542, eni 12 metr olan birinci və uzunluğu 607 metr olan ikinci tuneldə tikinti işlərinə başlanılıb. Artıq birinci tuneldə üst qatda qazma işləri icra olunaraq tuneldaxili hərəkət təmin edilib. İkinci tuneldə isə üst qatda qazma işləri tamamlanmaq üzrədir.

Tikintisi 2025-ci ilədək yekunlaşdırılması nəzərdə tutulan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə Kəlbəcər rayonunun ərazisindən keçir. Buna görə də yol rayonun bir çox yaşayış məntəqələri ilə yanaşı, Kəlbəcər şəhərinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişi təmin edəcək.

Kəlbəcər nura boyanır

Daşı daş üstündə qalmayan torpaqlarımızın abadlaşdırılması üçün elektrik enerjisi vacib şərtlərdən biridir. Odur ki, Zəfərdən dərhal sonra Qarabağın işıqlandırılması işlərinə başlanılıb.

İşğaldan azad edilən ərazilərin “yaşıl enerji zonası”na çevrilməsi ilə bağlı dövlətimizin başçısının tapşırığına uyğun olaraq, Vətən müharibəsində Qələbədən sonra ümumi gücü 20 meqavat olan “Güləbird”, “Suqovuşan-1”, “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyaları tikilib istifadəyə verilib. İndiyədək bu stansiyalarda 30 milyon kilovat/saat elektrik enerjisi istehsal olunub.

İyunun 26-da isə Prezident İlham Əliyev Kəlbəcər rayonunda yeni tikilmiş 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının (KSES) açılışında iştirak edib.

Dölətimizin başçısına məlumat verilib ki, Lev çayı üzərində inşa olunan stansiya işğaldan azad edildikdən sonra Kəlbəcərdə tikilərək istismara verilən ilk enerji istehsalı obyektidir.

“Yaşıl enerji zonası” konsepsiyasına uyğun olaraq, ekoloji cəhətdən təmiz enerji istehsal edəcək “Kəlbəcər-1” KSES-də maşın zalı tikilib, yeni aqreqat, generator, idarəetmə panelləri və transformatorlar quraşdırılıb. Burada 110/6 kilovoltluq yarımstansiya da inşa edilib.

Bildirilib ki, “Kəlbəcər-1” KSES Azərbaycanın ümumi enerji sisteminə qoşulub. Rəqəmsal qaydada açılıb-qoşulma, intellektual idarəetmə, operativ monitorinq və təhlil aparılması mümkün olan yeni stansiyanın işinə Kəlbəcərdən olduğu kimi, Bakıdakı Baş İdarəetmə Mərkəzindən də nəzarət və onu idarə etmək əlçatan olub. Məsafədən idarə edilən KSES-lər demək olar işçi heyət olmadan işlədilir. Stansiyaların idarəetmə sistemi tam avtomatlaşdırılıb, xüsusi proqram təminatı ilə rəqəmsallaşdırılıb ki, bu da istehsal olunan elektrik enerjisinin maya dəyərinin daha da aşağı düşməsinə gətirib çıxarır.

Dövlətimizin başçısı stansiyanı işə salıb və Kəlbəcər ona bəxş olunan nurun ilk zərrəciklərinə qərq olub. Bu zərrəciklər yaxın gələcəkdə daha yeni elektrik stansiyalarının tikintisi ilə Kəlbəcəri tamamilə nura boyayanda isə qonşuluqdakı düşmənin gözləri kor olacaq.

Silahlı Qüvvələr Günündə Kəlbəcərdə

yeni hərbi hissənin istifadəyə verilməsi

dövlətimizin ordu quruculuğuna növbəti töhfəsidir

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin iyunun 26-da - Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə iştirak etməsini ordu quruculuğuna növbəti töhfə kimi dəyərləndirmək olar.

Müdafiə naziri yeni inşa edilən hərbi şəhərciyin baş planı barədə Ali Baş Komandana məlumat verib.

Prezident, Ali Baş Komandan İlham Əliyevin şəxsi heyəti salamlaması, hərbçiləri 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə təbrik etməsi, xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunması, şəxsi heyətin hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himnini ifa etməsi işğaldan azad edilmiş Kəlbəcərdə ürəklərimizi qürurla doldurdu. Zəfərin sevincini yenidən yaşadıq. Dövlətimizin başçısı: Bu gün Kəlbəcərdə ikinci komando hərbi hissəsi açılır. Növbəti komando hərbi hissələrinin açılması nəzərdə tutulur və bu silahlı birləşmələrdə minlərlə azərbaycanlı xidmət edəcək... Bu, bizim gücümüzü daha da artıracaq. Biz Kəlbəcəri bir güllə atılmadan azad etdik, öz doğma diyarımızı qaytardıq və bu gün Kəlbəcərdə quruculuq işləri gedir. Mən ikinci dəfədir Kəlbəcərə gəlirəm və bu gün də bir çox tədbirlər var. Kəlbəcərin infrastrukturu, elektrik təchizatı, su təchizatı, evlərin tikilməsi - artıq buna start verilir. Əlbəttə ki, biz, ilk növbədə, hərbi təyinatlı yolları inşa etməliydik və bunu etdik. Bu gün bu hərbi hissənin açılması bir daha göstərir ki, biz istədiyimizə nail olacağıq - Qarabağı və Şərqi Zəngəzuru bərpa edəcəyik. Artıq bu proses başlamışdır və ilk növbədə, bu bölgədə - Qarabağda və Şərqi Zəngəzurda bizim hərbi gücümüz daim möhkəm olmalıdır. Ona görə bugünkü mərasim xüsusi məna daşıyır, rəmzi məna daşıyır.

Kəlbəcər şəhərinin Baş planı onun abadlığından xəbər verir

İşğaldan azad olunan rayonlarımızın bir-bir Baş planları təsdiq olunur və onlar əsaslı şəkildə yenidən qurulur, abadlaşdırılır. 30 ildə dağıdılan, yerlə yeksan edilən, daşı daş üstündə qalmayan yurd yerlərimizdə lazımi şərait yaradılır ki, yurddaşları öz ata-baba torpaqlarına rahatlıqla qayıda bilsinlər. Qayıdıb gözəl şəraitdə yaşaya bilsinlər. Bunun üçün dövlətimiz tərəfindən İkinci Vətən Müharibəsindən dərhal sonra geniş tədbirlərə başlanılmışdır.

Yenidənqurma, abadlıq işlərinin davamı olaraq iyunun 26-da ölkəmizin rəhbəri Kəlbəcər şəhərinin Baş planı ilə tanış olub.

Bu barədə məlumat verilərək bildirilib ki, Kəlbəcər şəhərinin Baş planının hazırlanması zamanı onun özünəməxsus simasının formalaşdırılması üçün ərazinin coğrafi yerləşməsinə, quruluşuna uyğun olaraq müxtəlif memarlıq ənənələri də araşdırılıb, tətbiq edilə biləcək nümunələrlə bağlı təkliflər verilib. Baş planın konseptual əsasını sağlamlıq və dağ turizmi imkanlarının inkişafı, təbiətlə vəhdətdə yaşıl şəhər mühitinin yaradılması təşkil edir. Şəhərin mərkəzi hissəsində çoxmənzilli binalar, ətraflara doğru isə həyətyanı sahəsi olan fərdi evlər inşa olunacaq. Növbəti 20 il ərzində Kəlbəcər şəhərinin ərazisinin 237 hektara, əhalisinin sayının isə 17 min nəfərə çatacağı proqnozlaşdırılır.

Baş planda nəzərdə tutulanlar Kəlbəcərin yaxın gələcəkdə sahib olacaqlarını gözlər önündə canlandırır. Bu yurd yeri dövlət başçısının Kəlbəcərə öncəki səfəri zamanı söylədiyi “Bu da gözəl Kəlbəcər dağları, hər tərəf dağ, çay, meşə, cənnətməkan. Cənnətə də çevriləcəkdir” dəyərli fikirlərindəki kimi qurulur, yaradılır, cənnətə çevrilir.

İşğal və Zəfər muzeyləri tarixin salnaməsidir

Dövlətimizin başçısının təşəbbüsü ilə işğaldan azad edilmiş rayonlarımızda yaradılacaq İşğal və Zəfər muzeyləri 30 illik bir tarixin salnamələşdirilməsi, tarixin səhifələrində canlı şəkildə yaşadılması istiqamətində atılmış mütərəqqi addımdır. Bu muzeylər Ağdam, Cəbrayıl, Füzuli və Zəngilan rayonları kimi, Kəlbəcərdə də yaradılacaq.

Prezident İlham Əliyev Kəlbəcərə səfəri çərçivəsində Kəlbəcər Zəfər və İşğal muzeylərini layihələndirən “ACN” şirkətinin nümayəndələri ilə görüşüb.

Şirkətin icraçı direktoru Laura Konti Kəlbəcərə vurğunluğunu belə ifadə etmişdir: Xüsusilə bu möhtəşəm mühitdə, gözəl təbiətdə olmaq heyrətamizdir. Bura bizim olduğumuz ən gözəl yerlərdən biridir.

Dövlətimizin başçısı İşğal və Zəfər muzeylərinin layihəsini əks etdirən videoçarxa baxmış, ona məlumat verilmişdir ki, hər iki muzey şəhərin mərkəzində salınacaq parkda tikiləcək. Bu, gözəl bir mühitdə yerləşən möhtəşəm layihə olacaq. Çünki bu ərazi landşaftına görə heyrətamiz gözəlliyə malikdir. Kompleksin bir hissəsi işğal tarixinə, digəri isə Zəfərə həsr olunacaq. Bu layihə ilə həm də təbiətə ehtiram nümayiş olunacaq.

“ACN” şirkətinin nümayəndəsinin ermənilərin buranı işğal etdikləri, lakin burada yaşamadıqları, hər şeyi bir-bir dağıtdıqları qənaətinə Prezident İlham Əliyevin münasibəti: Bunu etmək üçün heç bir səbəb yox idi. Biz onlara qarşı heç bir pis iş görməmişik. Biz etnik təmizləməyə məruz qalmışıq. Onlar bizim torpağımıza gəldilər, hər şeyi dağıtdılar və getmədilər. Kəlbəcəri tərk etmək üçün onlara vaxt verəndə nə etdilər? Evləri yandırmağa, ağacları kəsməyə başladılar və 32 su elektrik stansiyasını dağıtdılar. Təsəvvürünüzə gətirirsinizmi?

Dövlətimizin başçısı İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoymuşdur.

Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzi

müasir texnologiyanın bəhrəsi olacaq

Prezident İlham Əliyev Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin də təməlini qoyub.

Dövlətimizin başçısına məlumat verilib ki, Kəlbəcər rayonu ərazisində xüsusi dövlət əhəmiyyətli obyektlərin və hərbi hissələrin elektrik enerjisi ilə təmin olunması istiqamətində genişmiqyaslı işlər bu gün də davam etdirilir. İşlər çərçivəsində mənbə kimi Gəncə şəhərində yerləşən “Gəncə-2” yarımstansiyasından Daşkəsənə 110 kV-luq elektrik verilişi xətti çəkilib. Kəlbəcərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təminatında bu xətt müstəsna rol oynayacaq. Bu, Azərbaycanda ən mürəkkəb və çətin relyeflərdən keçən yüksəkgərginlikli xətdir. Dağlarda texnikanın rahat hərəkət etməsi üçün əvvəlcə yol inşa edilib.

Bildirilib ki, Kəlbəcərin yüksək dağlıq ərazidə yerləşməsinə və çətin şəraitə baxmayaraq, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən işlər bu gün də sürətlə davam etdirilir. Sovet dövründə elektrik enerjisinin olmadığı ucqar ərazilərdə belə müasir elektrik şəbəkələr qurulur. Rayonun Alagöllər və digər əraziləri ilk dəfə “Azərişıq” ASC tərəfindən elektrik enerjisi ilə təmin olunur, Zod qızıl yatağı ərazisinə 35 kV-luq mühafizəli, izolyasiyalı kabel xəttinin çəkilməsi işləri davam edir.

Görülən işlər nəticəsində Kəlbəcərdə iki istiqamət üzrə 110 kV-luq hava xətləri bərpa edilib, bir istiqamətdə 110 kv-luq, dörd müxtəlif əraziyə isə 35 kV-luq elektrik xətləri çəkilib. Ümumilikdə rayon ərazisində müxtəlif güclərdə 15 komplekt transformator məntəqəsi quraşdırılıb.Bundan başqa, altı müxtəlif istiqamətdə 35 kV-luq müasir izolyasiyalı kabel xətlərinin çəkilməsi nəzərdə tutulub. Həmçinin 110/35 kV-luq “İstisu” yarımstansiyasının, Kəlbəcər və Laçın rayonlarının elektrik şəbəkələrini birləşdirən dairəvi elektrik təchizat sxeminin yaradılması planlaşdırılıb.

“İstisu”nun şöhrəti özünə qaytarılır

Nəinki işğaldan azad olunmuş rayonlarımız abadlaşdırılır, yeniləşdirilir, hətta bir zamanlar həmin yerlərdə fəaliyyət göstərən obyektlərə də yeni həyat verilir. Bu baxımdan dünyaca məşhur olan “İstisu”nun da əvvəlki şöhrətinin özünə qaytarlması təqdirolunası haldır.

İyunun 26-da Prezident İlham Əliyevin Kəlbəcərdə “İstisu” mineral su zavodunun və “İstisu” sanatoriyasının təməlini qoyması qoyması yaxın gələcəkdə “İstisu”nun şöhrətindən xəbər verir.

“İstisu” bulağının suyu kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə seçilir. Laborator analizlər göstərib ki, mineralların miqdarı 6,7 qrama çatan bir litr suyun tərkibi litium, brom, yod, mərgümüş, fosfor, sink, mis, nikel, maqnezium, dəmir və digər kimyəvi maddələrlə zəngindir. Bu bulaqların suyundan mədə-bağırsaq, qaraciyər, öd kisəsi və sair xəstəliklərin müalicəsində istifadə edilir.

Statistikaya görə, Azərbaycanda mineral suların ümumi ehtiyatının 33 faizi Kəlbəcər və Laçın rayonlarında yerləşir. Bu rayonlarda suların gündəlik istismar ehtiyatı 7393 kubmetr təşkil edir ki, bunun da 42 faizi Laçının, 58 faizi isə Kəlbəcərin payına düşür.

Prezident İlham Əliyev: İstisu qəsəbəsinin inkişafı ilə bağlı artıq konkret addımlar atılır. İlk növbədə, yeni su zavodunun tikintisi nəzərdə tutulur. Bu gün mən bu su zavodunun təməlini qoydum. Vaxtilə məşhur olan İstisu suyu yenidən buraxılacaq, istehsal olunacaq, Azərbaycanda istehlak olunacaq və ixrac ediləcək. Eyni zamanda, arxada gördüyünüz “İstisu” sanatoriyasının dağıntılarıdır. Keçən il burada bu dağıntılarla tanış oldum və göstəriş verdim ki, bu yerdə - İstisu qəsəbəsində yeni mehmanxana inşa edilsin və müalicə mərkəzi yaradılsın. Çünki vaxtilə sovet dövründə minlərlə insan gəlib burada dincəlib, öz sağlamlığını bərpa edib, bu gözəl təbiətdən zövq alıb.

Prezidentə məlumat verilib ki, istifadəyə veriləcək zavodda həm şüşə, həm də plastik butulka istehsalı xətlərinin qurulması planlaşdırılır. Müəssisədə gündə 327 min, ildə isə 95 milyon butulka mineral su istehsal olunacaq. Suyun mənbəyinə gəldikdə, 200 metr dərinlikdə yeni quyu qazılıb. Çıxışda istilik 60-65 C dərəcəyə bərabərdir.

34 hektar ərazidə salınması nəzərdə tutulan “İstisu” İstirahət-Müalicə Kompleksi isə gündəlik 300 nəfər qəbul etmək imkanına malik olacaq. Kompleksdə sağlamlıq-bərpa mərkəzi ilə yanaşı, 10 kottecin tikilməsi də planlaşdırılır.

Bildirilib ki, Kəlbəcərin İstisu kəndinin məşhur mineral suyu olan “İstisu” bulağı ətrafında 1928-ci ildə eyniadlı sanatoriya yaradılıb. İşğal dövründə yararsız hala salınan sanatoriya yeni simada tam bərpa olunacaq və əvvəlki şöhrəti qaytarılacaq.

5 kiçik su elektrik stansiyasından biri -“Çıraq-1”

”Yaşıl enerji” strategiyasına uyğun olaraq hazırda Kəlbəcər rayonunun ərazisində ümumi gücü 27 meqavat olan 5 kiçik su elektrik stansiyası tikilir.

Kiçik su elektrik stansiyalarında ümumilikdə 9 hidroaqreqat fəaliyyət göstərəcək. Stansiyaların enerjisistemə inteqrasiyası üçün 110 və 35 kV-luq xətlər çəkilir. İşlərin böyük hissəsi görülən bu 5 stansiya rəqəmsal qaydada mərkəzi SCADA Dispetçer İdarəetmə Sisteminə inteqrasiya ediləcək. Açılıb-qoşulma, intellektual tənzimləmə, operativ monitorinq və təhlil aparılması mümkün olan yeni stansiyaların idarə edilməsi Kəlbəcərdən olduğu kimi, Bakıdan da həyata keçiriləcək.

Kəlbəcərdə yeni tikilən elektrik stansiyalarında il ərzində ümumilikdə 100 milyon kilovat/saata yaxın ekoloji cəhətdən təmiz enerji istehsal olunacaq. Bu isə 50 milyon kubmetr təbii qaza qənaət edilməsi deməkdir.

“Azərenerji” ASC-nin mütəxəssislərinin apardığı araşdırmalar göstərir ki, ermənilərin təbiəti məhv etməklə köhnə nəsil texnologiyalar əsasında kortəbii hesablamalarla apardıqları planlaşdırmadan fərqli olaraq, dördüncü nəsil sənaye inqilabına uyğun süni intellektə adaptasiya edilən müasir texnologiyalar əsasında ölkənin ən böyük su bazası olan bol sulu Kəlbəcər və Laçın çayları üzərində nəzərdə tutulandan dəfələrlə artıq ekoloji cəhətdən təmiz hidroyaşıl enerji istehsal etmək mümkündür.

Görülən bütün bu işlər azadlığından abadlığına uzanan yolda uğurla addımlayan Kəlbəcərin xoş günlərə yaxınlaşdığının göstəriciləridir. Bunu dövlətimizin başçısının Kəlbəcərə iki gün öncəki səfəri zamanı da açıqca gördük.

Biz hər birimiz Kəlbəcərdə olmaq, yurddaşlarının sevincini seyr etmək üçün o günü səbrsizliklə gözləyirik. O gün isə uzaqda deyil...

Mətanət MƏMMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə