Respublikamızda 32 921 nəfər psixoaktiv maddələrdən asılıdır FOTO

BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” bəyannaməsinə əsasən dünya əhalisi 26 iyun tarixini Narkomaniya və Narkobiznesə qarşı Ümumdünya Mübarizə Günü kimi qeyd edir. Səhiyyə Nazirliyindən SİA-ya verilən məlumata əsasən, bu gün Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Zamin Əliyev AzTV telekanalının “Hədəf” adlı verilişinin qonağı olub, tamaşaçılara Respublika Narkoloji Mərkəzinin fəaliyyəti haqqında ətraflı məlumat verib.

Müsahibənin əvvəlində Zamin Əliyev “narkomaniya” termini haqqında ətraflı məlumat verib: “Narkomaniya – narkotik maddələrin qeyri-tibbi məqsədlərlə sui-istifadəsi nəticəsində yaranan xroniki intoksikasiya doğuran, psixi və fiziki asılılıqla müşayiət olunan xroniki bir xəstəlikdir. “Narko” yunan sözüdür, “yuxu”, “bihuşluq”, “maniya” mənalarını daşıyır. Zamin Əliyevin sözlərinə görə, müasir tibbi dildə “narkomaniya” yerinə “psixoaktiv maddələrdən (PAM) asılılıq” ifadəsini işlətmək daha məqsədəuyğun hesab olunur. RNM-in təmsilçisi, həmçinin, psixoaktiv maddələrin nə olduğunu açıqladı. Onun qeyd etdiyi kimi, PAM-lar insanın mərkəzi sinir sisteminə spesifik təsir göstərən təbii və süni mənşəli maddələrdir.

Onlara həm qanunla icazə verilən psixotrop maddələr, həm də qanunla qadağan edilmiş narkotik maddələr aid edilir. Psixoaktiv maddələrin əsas xüsusiyyəti onlardan sui-istifadənin nəticəsində asılılığın yaranmasını qeyd edən Zamin doktor psixi və fiziki asılılığın narkomaniyanın əsas amillərindən biri olduğunu vurğuladı.

Veriliş zamanı ölkəmizdə narkoloji yardımın harada və necə əldə etmək haqqında da məlumat verildi. RNM-in şöbə müdirinin sözlərinə görə, psixoaktiv maddələrdən asılı olan xəstələrə tibbi yardım ixtisaslaşdırılmış narkoloji tibb müəssələrində təqdim olunur. Belə ki, tamaşaçılar 350 çarpayılıq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji mərkəzində PAM istifadəçilərinə tibbi yardımın göstərilməsi haqda məlumat aldılar. Zamin Əliyev xəstələr qəbulunun həm konüllü, həm də məhkəmənin qərarı əsasında məcburi şəkildə həyata keçirildiyini vurğuladı. “Mərkəzimizdə qadın şöbəsi, ixtisaslaşdırılmış şöbə və digər şöbələr fəaliyyət göstərir. Bundan əlavə, RNM-də “Metadonla Əvəzedici Müalicə” adlı proqramı da təqbiq edilir, onun çərçivəsində 568 nəfər xəstə müalicə alır” – deyə, Zamin doktor qeyd etdi.

Bundan sonra RNM-in şöbə rəisi veriliş aparıcısının hal-hazırda ölkəmizdə narkoloji xəstələrin sayı haqqında sualına cavab olaraq, 2019-cu ilin rəsmi statistik məlumatına istinad edib, Respublikamızda 32921 nəfər PAM-ın qəbuledicisinin mövcud olduğunu barədə xəbər verdi. “Özü də, onlardan 641 nəfər qadındır. Yaş qruplarına əsasən 30-40 yaşlılar daha çox PAM-dan asılı olanlardır” – qeyd edən Zamin Əliyev gənclər arasında da 15-17 yaş arasında qeydiyyatda olanların sayı çox olduğu faktından narahatlığını ifadə etdi. Psixoaktiv maddələrdən asılı olanların şəxsi təbliğatı, ətrafdakıların bu haqda məlumatsızlığı onların potensial PAM qəbuledicisinə çevrilməsinə səbəb ola bilər. Veriliş qonağının fikrinə görə, bu baxımdan gəncləri və ümumiyyətlə, əhalini maarifləndirmək məqsədilə tədris və digər müəssisələrdə mütəmadi olaraq tədbirlər keçirilməli, PAM-ların tibbi-sosial ziyanından danışılmalı, video-çarxlar nümayiş etdirilməlidir.

Müsahibənin digər mövzusu ölkəmizdə əhali tərəfindən narkoloji asılılığa olan münasibət haqqında oldu. Narkologiya Mərkəzinin təmsilçisi bir neçə il bundan öncə xəstələrin müalicə üçün müraciətlərinin indiki zamana nisbətən az olduğunu xatırladıb, qeyd etdi ki, bunun səbəbi ictimai qınaqdan qorxu, müalicə prosesinin olduqca çətin keçəcəyi haqda mənfi fikirlər olub. Zamin Əliyevin dediyinə görə, hal-hazırda aparılan təbliğatın nəticəsində RNM-ə müraciət edənlərin sayı artıb. Şöbə rəisi bu halı insanların narkomaniyanın artıq cinayət kimi deyil, bir xəstəlik kimi qəbul etmələri, tibbi yardımın yüksək səviyyədə təşkil edilməsi və insanların bu xəstəlik və onun müalicəsi haqqında düzgün məlumatlandırılması ilə izah etdi. O, dedi: “İndi xəstələrin anonimliyi qorunur. Xəstələrin fiziki və psixi aslılıqdan azad olunmaqları üçün həkim-məsləhət komissiyası tərəfindən diaqnozun qoyulmasından dərhal sonra onlara lazimi tibbi yardım göstərilir. Birinci mərhələdə xəstələr medikamentoz və dezintoksikasiya edici müalicə almaqla fiziki asılılıqdan azad olurlar. Bu proses 15-20 gün ərzində həyata keçirilir. Bundan sonra növbəti, ikinci mərhələ gəlir - psixi asılılıqdan azad olunma mərhələsi. Həkim-narkoloqlar, mərkəzin psixoloqları və, təbii ki, xəstənin ailə üzvlərinin fəal iştirakı ilə yekün reabilitasiya işləri aparılır”.

RNM-in şöbə müdirinə verilən sualların sonuncusu dünyanın diqqət mərkəzində olan COVİD-19 koronavirus pandemiyasının Resbublika Narkoloji Mərkəzinin fəaliyyətinə təsiri ilə bağlı oldu. Zamin Əliyev bu suala cavab verərək, bir neçə fikrini səsləndirdi. Hal-hazırda bütun dünyanı cənginə alan COVİD-19 virusunun narkoloji xəstələrin müalicəsi prosesində bəzi çətinliklər yaradsa belə, RNM-in təmsilçisi işlədiyi Narkoloji Mərkəzin heyəti adından xəstələri qorumaq üçün əllərindən gələni etdiklərini qeyd etdi. “Belə ki, PAM qəbuledicilərinin immun sistemi zəif və bədən müqavimətləri çox aşağı olduğundan yoluxma təhlükəsi dəfələrlə artır, olduqca təhlükəli fəsadlar verə bilər. Məhz buna görə mərkəzimizin qəbul şöbəsində, ilkin olaraq, xəstələrin bədən hərarətləri ölçülür, anamnestik məlumatlar toplanılır və rentgen müayinəsi edildikdən sonra Narkoloji Mərkəzə yerləşdirilir. Azərbaycan ərazisində hazırda tətbiq olunan xüsusi karantin rejiminin qaydalarına əsasən xəstə ziyarətlərinə yol verilmir” - deyə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Zamin Əliyev müsahibəsini bitirdi.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə