Covid-19 xəstələri üçün niyə süni respirator vacibdir? - ARAŞDIRMA

Səhiyyə işçiləri sürətlə artan Covid-19 xəstələrini xilas etmək üçün xəstəxanalarının daha çox süni respiratora ehtiyacı olduğunu deyirlər. SİA-nın araşdırmalarına görə, ABŞ, İngiltərə və İtaliya kimi səhiyyə sistemlərinin inkişaf etdiyi ölkələrdə belə Covid-19 pandemiyasına qarşı kifayət sayda cihaz yoxdur.

New York Bələdiyyəsinin başçısı Bill de Blasio ən azı 15 min cihaza ehtiyac duyduğunu açıqlayıb. Avtomobil istehsalçıları və bəzi şirkətlər daha çox respirator istehsal etməyə kömək etməyi təklif ediblər.

Digər tərəfdən, Britaniya artan tələbatı ödəmək üçün baytarların heyvanlar üçün istifadə etdiyi süni tənəffüs cihazlarından istifadə etməyi də məsləhət görür.

İtaliyada bir çox xəstə sağlamlıq avadanlıqlarının olmaması səbəbindən ölür. Buna görə də, italiyalı mühəndislər idman mağazalarında satılan dalğıc maskalarını süni tənəffüs cihazına çeviriblər.

Covid-19 xəstəliyinə yoluxan insanların böyük əksəriyyəti yalnız yüngül simptomlarla qarşılaşsa da, təxminən 6 faiz xəstəxana müalicəsinə ehtiyac duyur. Bu xəstəlik ciddi tənəffüs çatışmazlığına səbəb olur.

Süni nəfəs aparatı nədir? Necə işləyir?

Süni nəfəs aparatı nəfəs almaqda çətinlik çəkən xəstələrdə istifadə olunan tibbi cihazdır. Nəfəs aparatlarına tez-tez mexaniki ventilyator və ya respirator da deyilir. Bu qurğular nəfəs almaqda çətinlik çəkən xəstəyə süni dəstək verir. Tənəffüs funksiyalarından tam istifadə edə bilməyən xəstələrə nəfəs verməklə xəstələri həyatda saxlayır.

Bu qurğular bir neçə fərqli şəkildə istifadə olunur. Onlardan biri "qeyri-invaziv" üsulu ilə, yəni maska ​​ilə istifadə olunur. Digəri "invaziv üsul" ilə, yəni kannula və ya oxşar aparatlarla tənəffüs yollarına daxil edilir. Məsələn, bir endotraxeal boru və ya traxeostomiya kanülü ilə istifadə etmək invaziv bir üsuldur.

Bu gün xüsusilə reanimasiya sektorunda baş verən sürətli inkişaflar mexaniki havalandırmanı müalicənin ayrılmaz hissəsinə çevirib.

Xəstəyə süni tənəffüs dəstəyi nə vaxt verilir?

Xəstəni respiratora bağlamazdan əvvəl, həkimlər bunun üçün lazım olan "tənəffüs çatışmazlığı" əlamətlərini axtarırlar. Bu simptomlar ümumiyyətlə, aşağıdakı kimi sadalanır: Xəstənin nəfəsalma dərəcəsi artır və eyni zamanda xəstələrdə qanda karbon qazının nisbətinin artması nəticəsində yarı huşsuz və başgicəllənmə olduğu görünür.

Normal bir insanın nəfəsalma sürəti dəqiqədə 15 nəfəs olsa da, tənəffüs çatışmazlığı yaşayanlarda bu rəqəm 28 və yuxarı ola bilər. Bu vəziyyətdə xəstənin daha yaxşı nəfəs alması üçün süni bir respiratorun təcili dəstəyi lazımdır.

Avstraliyalı tənəffüs doktoru, professor Con Vilson bəzi Covid-19 xəstələri üçün nəfəs maskaları və oksigen silindrlərinin kifayət edəcəyi barədə təkliflə çıxış edib. Həm də ağız bölgəsini əhatə edən bu maskaların xəstələr öskürdüyü zaman virusun yayılmamasını təmin edir.

Xəstəyə süni tənəffüs dəstəyi necə verilir?

Anestezioloqlar xəstəni ventilyatora yerləşdirmədən əvvəl intubasiya adlanan bir prosedur həyata keçirirlər. Başqa sözlə, xəstələri tənəffüs cihazlarına bağlamaq üçün ağız borusuna çatan bir boru quraşdırmaq lazımdır. Bu borunun bir ucu ağciyərlərə traxeya vasitəsi ilə çatdıqda, ağciyərlərə havanı vuran qurğular digər ucuna bağlanır.

Sonra nəfəs borusu ventilyatora qoşulur və tibb işçiləri hava və oksigenin ağciyərlərə nəql etmə sürətini tənzimləyə və oksigen qarışığını tənzimləyə bilərlər.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə