"Son illərdə xüsusilə sosial şəbəkələrdə və bölgələrdə “çöpçülük” adlanan ənənəvi üsullara marağın artdığı müşahidə olunur. İnsanlar boğazda ağrı, udqunma çətinliyi, baş ağrısı, halsızlıq və ya psixoloji gərginlik kimi müxtəlif narahatlıqlar zamanı həkimə getmək əvəzinə çöpçülərin yanına üz tutur. Lakin tibbi cəhətdən bu çox təhlükəli tendensiyadır və bir çox hallarda insan orqanizminə geri dönməz zərər vurur". Bu sözləri SİA-ya açıqlamasında həkim Fidan Həsənli deyib.
Onun sözlərinə görə, əvvəlcə onu aydın şəkildə demək lazımdır ki, “çöp salmaq” və ya “çöp çıxartmaq” anlayışının heç bir elmi və tibbi əsası yoxdur. Tibbi terminologiyada belə bir xəstəlik və ya diaqnoz mövcud deyil. Bu, qədim inanclardan qalan xalq təbabəti formasına əsaslanır və əsasən boğaz ətrafında hər hansı narahatlığı mistik şəkildə izah etməyə yönəlib: "Əslində isə bu əlamətlər angina, faringit, tiroid vəzinin xəstəlikləri, limfa düyünlərinin iltihabı, infeksion mononukleoz və hətta onkoloji proseslər kimi ciddi xəstəliklərin göstəricisi ola bilər. Belə hallarda insan vaxtında həkimə müraciət etmədikdə, xəstəliyin gedişi ağırlaşır və bəzən həyati təhlükəli vəziyyətlər yarana bilir. Həkimlər tez-tez belə pasiyentlərlə qarşılaşır: əvvəlcə çöpçüyə gedən, vəziyyəti düzəlmədiyi üçün günlər, bəzən həftələr sonra tibbi yardıma müraciət edən və bu zaman artıq xəstəlik xroniki və ya ağır mərhələyə keçmiş olur.
Digər təhlükəli məqam gigiyenik risklərlə bağlıdır. Çöpçülər adətən steril şəraitdə işləmirlər və bəzən metal alətlərdən, bəzən barmaq və ya sap kimi vasitələrdən istifadə edirlər. Bu isə boğaz selikli qişasında zədə, iltihab, qanaxma və bakterial infeksiyaların yayılması üçün münbit şərait yaradır. Hətta bəzi hallarda xəstələrdə çöpçü müdaxiləsindən sonra irinli abseslər, boğazın şişməsi və nəfəs darlığı kimi ağır fəsadlar müşahidə olunub.
Psixoloji tərəfdən də məsələyə yanaşmaq vacibdir. İnsanlar bəzən öz narahatlıqlarını real tibbi səbəbdən deyil, stress, qorxu və ya inanc təsirindən “çöp düşməsi” kimi qəbul edirlər. Lakin psixosomatik hallarda da düzgün yanaşma yalnız tibbi və psixoloji dəstəkdir. Mistik və elmi əsasdan uzaq yanaşmalar problemin kökünü həll etmir, sadəcə onu gizlədir. Unutmaq olmaz ki, müasir tibb sübutlara əsaslanır. Hər bir diaqnoz analiz, müayinə və instrumental görüntüləmə nəticəsində müəyyənləşdirilir. Buna görə də insan sağlamlığı ilə bağlı qərarlar da yalnız elmi əsaslarla verilməlidir. Hər hansı ağrı, narahatlıq və ya fiziki dəyişiklik hiss olunduqda, ilk addım mütləq həkim müayinəsi olmalıdır.
Tibbi cəhətdən düzgün yanaşma insanın həm fiziki, həm də psixoloji sağlamlığını qoruyur. Ənənəvi inanclara və çöpçülük kimi üsullara müraciət isə əksinə, problemi dərinləşdirir, düzgün müalicə prosesini ləngidir və bəzi hallarda ölümcül nəticələrə səbəb ola bilər. Ona görə də bir həkim kimi mənim tövsiyəm budur: sağlamlığınızla bağlı qərarı inanc yox, elmi biliklər versin. Hər bir xəstəliyin səbəbi və müalicə yolu vardır, lakin bu yolu yalnız ixtisaslı mütəxəssis göstərə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB