"Baytar ixtisası müasir tələblərə cavab vermir və ixtisaslaşmaya ehtiyac duyulur" - QURUM RƏSMİSİ DANIŞDI

“Azərbaycanda baytarlıq sahəsi, təəssüf ki, hazırda çox aşağı inkişaf səviyyəsindədir. Müasir dövrdə dünyanın bir çox inkişaf etmiş ölkələrində baytar həkimlər müxtəlif ixtisaslaşma istiqamətləri üzrə fəaliyyət göstərirlər. İnsan təbabətində olduğu kimi – məsələn, oftalmoloq, nevropatoloq, uroloq, cərrah və s. kimi – baytarlıq sahəsində də müvafiq sahələr üzrə peşəkarlaşma müşahidə olunur. Bu, göstərilən xidmətin keyfiyyətinə və peşəkarlıq səviyyəsinə birbaşa təsir edir”. Bu sözləri SİA-ya açıqlamasında GWARP ( Good Word Animals & Rescue) Beynəlxalq Təşkilatının İcraçı Prezidenti Fərid Mansurov deyib.

Onun sözlərinə görə, Azərbaycanda isə baytarlıq təhsili, xüsusilə Aqrar Universitetdə, əsasən ümumi yanaşma ilə təşkil olunur: “Bu da tələbələrin yalnız ümumi baytarlıq üzrə ixtisaslaşması ilə nəticələnir. Halbuki, inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, baytarlıq sahəsində də dərinləşdirilmiş ixtisaslaşma zəruridir. Məsələn, baytar-oftalmoloq, baytar-nevropatoloq, baytar-cərrah, iri buynuzlu heyvanlar üzrə baytar və s. kimi ixtisaslar yaradılmalıdır.

Hazırkı vəziyyətdə baytar həkimlər müxtəlif növ heyvanlara – iri və xırdabuynuzlu heyvanlara, ev heyvanlarına, quşlara və s. – eyni səviyyədə xidmət göstərməyə çalışırlar. Bu isə nə keyfiyyətli tibbi müdaxilənin həyata keçirilməsinə, nə də sahənin inkişafına imkan verir. Belə ümumiləşdirilmiş yanaşma peşəkarlıqdan uzaqdır və nəticə etibarilə baytarlıq sahəsinin vəziyyəti acınacaqlı olaraq qalır”.

Həmçinin Fərid Mansurov qeyd edir ki, bu sahədə əsas problemlərdən biri də baytarlıq təhsilinin müasir tələblərə uyğun olmamasıdır: “Təhsil sistemində struktur islahatları aparılmalı, Aqrar Universitetdə ixtisaslaşmış yeni sahələr üzrə proqramlar yaradılmalıdır. Artıq ümumi baytar ixtisası müasir tələblərə cavab vermir və ixtisaslaşmaya ciddi ehtiyac duyulur. Azərbaycanda "baytar" anlayışı çox ümumiləşdirilib və faktiki olaraq insan istisna olmaqla bütün canlılara xidmət göstərən mütəxəssis kimi qəbul olunur. Bu isə həm qeyri-elmi, həm də qeyri-effektiv yanaşmadır.

Digər tərəfdən, bəzi pozitiv tendensiyalara da diqqət yetirmək olar. Belə ki, ölkədə fəaliyyət göstərən zoo mağazalarda heyvan yemləri, ləvazimatları və baytarlıq preparatlarının geniş çeşidi müşahidə olunur. Bununla belə, məhsul çeşidinin daha da artırılması, xüsusilə beynəlxalq brendlərin daha geniş şəkildə təmsil olunması məqsədilə gömrük siyasətində daha çevik və təşviqedici yanaşmalara ehtiyac var.

Eyni zamanda, bəzi zoo mağazalarda canlı heyvanların saxlanma şəraiti ciddi narahatlıq doğurur. Kiçik qəfəslərdə saxlanılan heyvanların rifahı təmin olunmur və onların sağlamlıq vəziyyətinə heç bir qurum tərəfindən nəzarət edilmir. Hazırda heyvanların saxlanma şəraiti ilə bağlı konkret standartların və nəzarət mexanizmlərinin olmaması bu sahədə ciddi boşluqların olduğunu göstərir. Nəticə etibarilə, həmin heyvanların əksəriyyətinin xəstə olduğu hallara da tez-tez rast gəlinir.

Nəticə olaraq, baytarlıq sahəsinin inkişaf etdirilməsi üçün kompleks islahatlara ehtiyac var: ixtisaslaşmanın təmin olunması, təhsilin yenidən qurulması, nəzarət mexanizmlərinin gücləndirilməsi və normativ-hüquqi bazanın təkmilləşdirilməsi bu istiqamətdə əsas prioritetlər kimi müəyyən edilməlidir” – deyə o əlavə edib

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə