Artıq hər kəsə məlumdur ki, son günlər ölkədə özünü ağır qrip əlamətləri kimi büruzə verən ciddi bir xəstəlik yayılıb. Belə ki, bundan böyüklərlə yanaşı, uşaqlar da əziyyət çəkir. Hətta insanlar artıq kütləvi şəkildə, yəni bir ailənin 5 üzvü də birlikdə xəstələnir.
Bəs, nədir bu xəstəlik? Bu, koronavirusdur? Covid-19 yenidən qayıdır? Digər ölkələrdə vəziyyət necədir?
SİA mövzu ilə bağlı araşdırma aparıb.
Dünyada bununla bağlı vəziyyət
Türkiyə Respublikası Səhiyyə Nazirliyinin 15 sentyabr 2023-cü il tarixli açıqlaması ilə Koronavirusun Eris variantına rast gəlinib. Ümumdünya Səhiyyə Təşkilatı OMikron nəslindən gələn EG.5.1 və ya Eris variantını Covid-19-un mutasiyaya uğramış variantı kimi müəyyən edib. 19 iyul 2023-cü ildə monitorinq edilən variantlar siyahısında 5-ci yeri tutan yeni variant ilk dəfə 2023-cü ilin fevralında aşkar edilib. Yunan fitnə və nifaq ilahəsinin adını daşıyan Eris variantının simptomlarına boğaz ağrısı, öskürək, burun axması, baş ağrısı, yorğunluq, dad və qoxu itkisi daxildir.
ÜST-nın məlumatına görə son ay dünya üzrə yoluxanların sayı 38% artıb. Avropada yoluxmasa artım 39%, Sakit okeanın qərbində 52%, Aralıq dənizinin şərqində isə 113% təşkil edir.
Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. ABŞ-da gündə 650 mindən artıq amerikalıda COVİD aşkarlanır və yaxın aylarda ölkə əhalisinin 10 faizə yaxının virusa yoluxacağı proqnozlaşdırılır. Ölüm halları avqustla müqayisədə 5% artıb.
Son həftə ərzində ABŞ-da COVİD-ə görə xəstəxanaya yerləşdirilənlərin sayı 8,7%, ölüm halları isə 4,5% artıb. ABŞ Federal Səhiyyə Təşkilatı amerikalıları COvid-19-a qarşı vaksin olunmağı tövsiyə edib. Latviyada yayda test nəticələrinin 5-10% pozitiv olduğu halda, hazırda bu rəqəm artıq 25%-ə yaxınlaşır. Ölkə əhalisinə bir həftə evdə qalmaq və digər şəxslərlə kontakt qurmamaq, küçəyə çıxan zaman isə respiratorlardan istifadə tövsiyə olunur.
Rusiyanın Altay vilayətində COVİD-ə yoluxma artdığına görə 49 məktəbdə karantin məhdudiyyətləri tətbiq olunub, 6 məktəb isə ümumiyyətlə karantinə bağlanıb. “Suqruntenfqaz”da yenidən maska rejiminə keçid müzakirə olunur. ÜST risk zonasında olanlar, əsasən, immuniteti aşağı olan yaşlı təbəqəni revaksinasiya olmağa çağırır
Eris virusu nədir?
Eris virusu elmi adı EG.5.1, COVID-19 variantlarından biri olan omikron variantının mutasiyaya uğramış, daha yoluxucu alt növüdür. Koronavirusun Eris variantı Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən “izlənməli variant” olaraq təyin edilib.
Eris variantının simptomlarına aşağıdakılar daxildir:
- Boğaz ağrısı
- Öskürək
- Burun tıxanıqlığı və ya axan burun
- Baş ağrısı
- Nəfəs darlığı
- Dad və qoxu itkisi
- Asqırmaq
- Zəiflik və yorğunluq
- Əzələ və bədən ağrıları
- İştahsızlıq
- İshal
Eris variantının koronavirus variantlarından fərqli simptomları varmı?
Omikronun bütün digər variantları kimi, Eris variantı da yuxarı tənəffüs yollarını yoluxdurur və burun axması, boğaz ağrısı, öskürək, nəfəs darlığı, yorğunluq və əzələ ağrısı kimi soyuqdəyməyə bənzər simptomlar yaradır. Bununla belə, 65 yaşdan yuxarı və ya immun sistemi zəif olan insanlarda virus aşağı tənəffüs yollarının xəstəliklərinə də səbəb ola bilər.
Eris variantı son mutasiyadırmı?
Bu koronavirusun yaxınlarda aşkar edilmiş yeni variantıdır.
Eris variantı nə qədər yayılıb?
Türkiyə Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin məlumatına görə, EG.5 avqustun üçüncü həftəsinin sonunda ABŞ-da əsas koronavirus variantı olub və ABŞ-da COVID-19 hallarının 20,6%-də baş verib.
Eris variantından qorunmaq üçün nə etmək lazımdır?
Əvvəlki Covid-19 variantlarında olduğu kimi, şəxsi gigiyenaya diqqət yetirmək əsas qorunma yolu hesab olunur. Ümumiyyətlə isə Eris variantından qorunmaq üçün tətbiq ediləcək üsullar aşağıdakılardır:
- Şəxsi gigiyenaya diqqət yetirmək
- Təmas səthlərinin müntəzəm və tez-tez dezinfeksiya edilməsi
- Koronavirusu xatırladır
- İmmuniteti güclü saxlamaq üçün sağlam qidalanmaq
- Xəstə olduğundan şübhələndiyiniz insanlarla çox yaxınlaşmaqdan çəkinin
- Xəstə olduğunuzu düşündüyünüz zaman mümkün olduqda evdə qalın
- İmkanınız varsa, insan çox olan yerlərdə maska taxın
Türkiyə Səhiyyə naziri Fahrettin Koca Türkiyədə Eris variantının 9 nəfərdə görüldüyünü açıqlayıb. Nazir açıqlamasında, "Laboratoriyamızda aparılan müayinədə bu virus 9 nəfərdə görülüb. Narahatlığa səbəb yoxdur. Mövcud tədbirlərə və gündəlik həyatımıza davam edəcəyik. Bu vəziyyət başqa ölkələrdə də yayılıb. Ölkəmizdə də baş vermə ehtimalı var idi. Böyüklərimizi və xroniki xəstələrimizi bundan qoruyacağıq" deyib.
Eris variantını PCR testi ilə müəyyən etmək olarmı?
PCR testi ilə Eris variantını aşkar etməyin mümkün olduğu deyilir. Covid-19-a bənzər simptomları hiss edən insanlar PCR testindən keçməkdən çəkinməməlidirlər.
Eris variantı nə qədər yoluxucudur?
Eris variantı digər növlərə nisbətən daha yoluxucu olsa da, daha ölümcül nəticələrə səbəb olduğu hələ görülməyib.
Virusun keçdiyi mutasiyalarla artıq əvvəlki qədər ağır və ölümcül xəstəliyə səbəb olmadığını qeyd edən türk həkim Tevfik Özlü, bunları söylədi: "Bir çox insan narahat olur ki, "Görəsən, koronavirus yenidən geri qayıdacaqmı?", Qadağalar və məhdudiyyətlər yenidən olacaqmı?", "Maska taxmaq məcburiyyətində qalacağıq?". Belə bir gözlənti yoxdur və belə bir şey olmayacaq. Biz artıq köhnə vaxtlarda deyilik. O körpülərin altından çoxlu sular axıb. Bu müddət ərzində virus özünü dəyişdi. Keçirdiyi mutasiyalarla virus artıq əvvəlki kimi ağır və ölümcül xəstəliyə səbəb olmur. Virus bizimlə yaşamağı öyrəndi və bizimlə yaşayır. Bu müddət ərzində biz də virusla yaşamağı öyrənmişik.
Tevfik Özlü insanları hər şeyə baxmayaraq diqqətli olmaları barədə xəbərdar edib və bu açıqlamaları verib: "Ehtiyatlı olmaq lazımdır, çünki xəstəlik sürətlə yayılır. Məktəblərin açılması ilə bütün məktəblərdə, xüsusən də körpələr evi, uşaq bağçaları və ibtidai məktəblərdə şagirdlər arasında sürətlə yayılır. Təklifim odur ki, öskürək, asqırma, burun axması, halsızlıq, boğaz ağrısı kimi tənəffüs yolları infeksiyası əlamətləri olan insanlar küçəyə çıxmamalıdırlar. Bir həftə evdə və özümüzü təcrid edə bilsək, bunun cəmiyyətdə yayılmasının qarşısını alarıq. Bu, ən təsirli tədbirdir. Əgər insan cəmiyyətlə qarışmaq məcburiyyətindədirsə, o zaman ona maskadan istifadə etməyi məsləhət görürəm. Amma xəstə insanlara maskadan istifadə etməyi tövsiyə edirəm. Sağlam insanların maskadan istifadə etməsi lazım deyil.
Xüsusilə qapalı, izdihamlı və havalandırma olmayan yerlərdə çox vaxt keçirməməlidirlər. Düşünürük ki, vaksinlərdən alınan immunitet hələ də bu viruslara qarşı qismən qorunur. Amma indi yeni vaksinlərin istehsalına başlanılıb. Məncə, yenilənmiş mRNA vaksinləri tezliklə bazara çıxacaq. Qripə qarşı peyvəndlərin vaxtıdır. Təkcə peyvənd yox, dediyim kimi sağlam, balanslı qidalanma, keyfiyyətli yuxu, idman və bol maye qəbulu çox önəmlidir. Xroniki xəstəliklərimiz varsa, immunitet sistemini gücləndirmək üçün onlara yaxşı nəzarət etməliyik. Bir daha demək istəyirəm ki, narahat olmağa dəyməz".
Hacettepe Universiteti Tibb Fakültəsi Uşaq Yoluxucu Xəstəlikləri kafedrasının müdiri Mehmet Ceyhan Eris variantının ağır xəstəlik törətmək qabiliyyətinin olmadığını, xəstəliyin qarşısını almağın yolunun peyvənd və xəstələri təcrid etmək olduğunu bildirib. Ceyhan deyib ki, “Bu variantın yayılmasının qarşısını almasaq, pandemiya uzun müddət yeni variantlarla davam edə bilər”.
Mehmet Ceyhan həftələrdir Eris variantının Türkiyədə olduğunu dediyini ifadə edərək, “Bu variantın Türkiyədə olmaması mümkün deyildi. Dünyanın 50-dən çox ölkəsi bu barədə məlumat verib, lakin digər ölkələr bunu yoxlamadıqları üçün görmədilər. Türkiyədə bir neçə nümunə araşdırıldı. Bütün dünyada bu virus artır. Məsələn, ABŞ-da bütün Covid-19 hadisələrinin 17 faizi və Böyük Britaniyada 20 faizi Eris variantına görədir. Bu son halların artdığı dövrdə Türkiyədə də buna bənzər nisbətin olduğunu təxmin etmək çətin deyil.
Eris variantının özəl heç bir xüsusiyyəti yoxdur. Ciddi bir xəstəliyə səbəb olmur. Lakin sürətli yayılır. Əvvəlki variantlardan daha yoluxucudur. Bunun üçün tədbirlər görülməlidir. Xüsusilə risk qrupunda olan insanlarda, yəni 65 yaşdan yuxarı insanlarda, xroniki orqan xəstəlikləri olanlarda və immunosupressiv dərmanlardan istifadə edənlərdə bu dövr ağır keçə bilər. Hətta onlarda ölümə də səbəb ola bilər. Xüsusilə həmin qruplar üçün qoruyucu tədbirlər görülməlidir.
Xəstəlik əlamətləri olan turistlər müayinədən keçməlidir
Xəstəliyin artmasının səbəblərini vurğulayan Ceyhan bu xəbərdarlıqları edib: "Məktəblər açılır, insanlar tətildən qayıdır və hər kəs işinə başlayır. Ən çox da bu tip müəssisələrdə insanlar bir-birinə xəstəliyi daha çox yoluxdururlar. Əvvəlki illərdə də bununla bağlı artım müşahidə etmişik. Risk qrupuna daxil olan insanlar üçün peyvənd yoxdursa, dövlət peyvənd verməlidir. RNT peyvəndlərinin təsirli olduğunu bilirik. Eris variantının çox tez-tez görüldüyü və artmaqda olan ölkələrə nəzər saldıqda birinci yerdə İngiltərə, ikinci yerdə Amerika və bütün Qərbi Avropa ölkələri gəlir. Bu ölkələr Türkiyəyə çoxlu turist göndərir. Xəstəlik əlaməti olanlar gəldikdən sonra müayinə edilməlidir. Məktəblərdə də ehtiyat tədbirləri görülməlidir. Məsələn, çantada dezinfeksiyaedici vasitə daşımaq, uşaqların ümumi əllə təması olan yerlər, pilləkən tutacaqları və qapı tutacaqları gündəlik təmizlənməlidir".
Milli Məclisin Səhiyyə komitəsinin deputatı Müşfiq Məmmədli: “Koronavirusun yayıldığı və ondan sonrakı dövrlərdə, artıq bir stabilləşmə mərhələsinə daxil olduğumuz zaman da davamlı şəkildə tibb mütəxəssisləri tərəfindən belə fikirlər müzakirə olunurdu ki, “Koronavirusun müxtəlif mutasiyaları meydana çıxa bilərmi?” və “Bu mutasiyalar hansı istiqamətdə xəstəlik törədib?”, və yaxud “Xəstəliyin gedişi hansı istiqamətdə ola bilər?”, “Bu prosesdə yenidən geri dönüş mümkündürmü?”.
Burada bir neçə variantlar nəzərdə tutulmuşdur. Təbii ki, koronavirus infeksiyasının pandemiyası zamanı biz proseslərin daha xoş ssenari üzrə getdiyinin şahidi olduq. Belə ki, mutasiyalar virusun daha çox xəstəliyin ağırlaşması istiqamətində yox, daha çox insan orqanizminin adaptasiyası və insan orqanizmində yuxarı tənəffüs yollarında rutin infeksiyaları törədiləcək şəkildə mutasiyasının şahidi olduq. Bu, müsbət ssenari idi və bundan sonra da təbii ki, müxtəlif mutasiyaların meydanaçıxma ehtimalı hər zaman vardır.
Hal-hazırda müzakirə etdiyimiz Eris mutasiyası da bir qədər riskli və bir qədər də yoluxma sayının artması istiqamətində gedən mutasiyalardandır. Ona görə də biz bu prosesi izləməliyik və müvafiq əks epidemik tədbirlər görülməlidir. Prosesin gedişində artıq prosesin hansı istiqamətdə getməsi barədə proqnozlar vermək olar.
Hal-hazırda yoluxucu xəstəliklər, ümumiyyətlə, Azərbaycanda nəzarət altındadır. Amma havaların soyuması və xüsusən, pandemiyadan sonrakı dövrdə bu cür mutasiyaların meydana çıxması bizi bir qədər ehtiyatlı hərəkət etməyə məcbur edir. Bu baxımdan, dövlət orqanları da müvafiq tədbirlər görür”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə