Heydər Əliyev və Azərbaycan təhsili

Azərbaycan 1991-ci ildə suverenlik əldə edərək müstəqilliyini boğan buxovlardan azad oldu. Yeni Azərbaycan, Müstəqil Respublika doğuldu. Milyonların əsrlərə söykənən arzuları reallaşdı. Qarşıda duran məsələ irəliyə addımlamaq, inkişaf etmək, dünyada tanınmaq, seçilmək. idi. Dövlət öz xarici siyasətini, iqtisadi, mədəni, hərbi sahədə münasibətlərini düzgün qurmağa cəhd edirdi. Əlbəttə, burada əsas məsələ yeni dövrdə, yeni cəmiyyətdə yeni şəxsiyyət yetişdirmək idi. Bunun üçün öhdəyə düşən vəzifələri hər bir kəs dəyərləndirməli, həllinə çalışmalı idi.

Dönüb geriyə -- illərin bizdən alıb apardığı zamana nəzər saldıqda bəziləri üçün mənalı, işgüzar, bəziləri üçün sadəcə “yelə verilmiş” anlamı kəsb edən ömür salnaməsi göz önündə canlanır. Qəlbimizdə duyduğumuz ağır peşmanlıq hislərinin yükü altında əyilənlərdən olmamaq üçün hər an səmərəli fəaliyyətin əlindən tutub addımlayanlardan olanlara nə xoş! Yəqin ki, bu paradoks, alternativ yüklü girişimin altında gizlənmiş sətiraltı mənanın açıqlanmasını gözləyirsiniz.

Bəli, belə mənalı, işgüzar, səmərəli ömür salnaməsi yaşamış Ulu Öndər və onun Azərbaycan təhsilinə verdiyi töhvələr bugünkü məqaləmin mövzusudur. Bu xüsusda Ümummilli lider Heydər Əliyev qarşıda duran proseslərin həyata keçirilməsində, xalqın, cəmiyyətin inkişaf etdirilməsində təhsil siyasətinin müstəsna rol oynadığını dönə-dönə qeyd etmişdir.

”Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz”. – sözlərinin müəllifi Ümummilli Liderin milli təhsilin inkişafına göstərtdiyi qayğı və diqqət özünəməxsusluğu ilə seçilir. Belə ki, Heydər Əliyevin hakimiyyətə gəldiyi 1969-cu ildən başlanan tarixi mərhələ bugünkü Azərbaycan elminin inkişaf dövrü kimi qavranılır. Dünya sivilizasiyasının tarixi təcrübəsi göstərir ki, elmə, təhsilə yüksək qiymət verən dövlət başçıları bununla nəinki öz ölkələrinin iqtisadi və sosial yüksəlişini təmin edir, həm də mədəniyyətə böyük tövhə vermiş olurlar. Ulu Öndər də bu nüansı nəzərdən qaçırmamış, Azərbaycan təhsilinin inkişafını daim diqqət mərkəzində saxlamışdır.Bu sahədə Heydər Əliyevin xidmətləri iki istiqamətə bölünür.

1.Heydər Əliyevin milli tərbiyə və təhsilə dair nəzəri göstərişləri.

2.Heydər Əliyevin milli təhsil quruculuğunda,təhsilin müxtəlif sahələrinin ahəngdar inkişaf yolunda gördüyü işlər.

Azərbaycan təhsilinin son 30 illik tarixi inkişafının təhlili göstərir ki, milli təhsilimiz 4 mərhələlərdən keçmişdir:

1.Azərbaycan təhsilinin inkişafının yüksəlişləri (1970-1982)

2.Azərbaycan təhsili 1982-1987-ci illərdə

3.Azərbaycan təhsili depressiya illərində (1988-1993)

4.Müstəqil Azərbaycanda yeni təhsil quruculuğu dövrü

Azərbaycan təhsilinin milli tariximizdə coşqun yüksəlişi, əsl intibah illəri kimi daxil olan ilk mərhələsi Heydər Əliyevin Azərbaycana rəhbərliyinin I dövrünə təsadüf edir. Bu illərdə onun təşəbbüsü və qayğısı sayəsində Azərbaycandan kənarda, keçmiş SSRİ-nin ən məşhur ali məktəblərində 80-dən artıq sahəni əhatə edən və ən zəruri ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15 mindən artıq Azərbaycanlı gənc ali təhsil almış, yüksək ixtisaslı mütəxəssislər kimi hazırlanmışdır. Heydər Əliyev 70-80-ci illərdə Azərbaycandan kənarda təhsil almış yüksək ixtisaslı mütəxəssisləri “Azərbaycanın yetirmələri, Azərbaycanın milli sərvəti” kimi yüksək qiymətləndirmişdir.

İkinci mərhələ cənab Heydər Əliyevin keçmiş SSRİ-nin ali rəhbərliyində çalışdığı 1982-1987-ci illəri əhatə edir. Bu o illər idi ki, digər sahələrlə yanaşı, Heydər Əliyev dövlətin bütünlükdə təhsil sisteminə rəhbərlik edirdi.

Son mərhələ Heydər Əliyevin müstəqil Azərbaycanın dünya standartlarına uyğun təhsil islahatları əsasında yeni milli təhsil quruculuğuna rəhbərliyi etdiyi dövrü əhatə edir. Bu illərdə qəbul edilən qərarlar, sərəncamlar, fərmanlar məhz milli təhsilimizin müasir tələblərə cavab verən yöndə inkişafını təmin etdi. Bu gün Azərbaycan təhsili dünyada tanınır, bu təhsilin yetirdiyi meyvələr öz savadı, intellekti ilə müstəqil dövlətimizi hər yerdə təmsil edir.Əlbəttə, bütün bunlara görə biz – təhsil işçiləri Ulu Öndərin təhsil siyasətini, bu kursun layiqli davamçısı olan cənab Prezident İlham Əliyevin bu istiqamətdə gördüyü işləri alqışlayırıq. İnanırıq ki, Azərbaycan təhsili hələ çox yüksəs zirvələr fəth edəcəkdir.

Heydər Əliyev daim Azərbaycanın gələcəyi haqqında düşünürdü, gənc nəslin inkişafına davamlı qayğı göstərirdi. O demişdir:

Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır.

Sözlərimi yenə də Ümummilli Liderin kəlamı ilə bitirmək istərdim:

- Təhsil millətin gələcəyidir. Mən dünyada müəllimdən yüksək ad tanımıram.

Vəsilə İmanova

Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin pedaqogika-psixologiya fənn birləşməsinin müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə