Şagirdlərin fikirləri yuxarı siniflərdə niyə dağınıq olur? - PSİXOLOQ AYDINLIQ GƏTİRDİ

Yuxarı siniflərdə şagirdlərin dərsə adaptasiya ola bilməməsi valideyn və müəllimləri narahat edir. Əksər şagirdlər ibtidai sinifdə oxuyarkən əlaçılıqla dərs ilini başa vururlar. 9,10,11-ci sinifdə isə hiss olunur ki, dərslərə qarşı diqqətli ola bilmirlər.

"Şagirdlər yuxarı siniflərdə fikirlərini toplamaq istəsələr belə yaşla əlaqədar bu hal mümkün olmur. Dərsdən yayınma halları baş verir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülnar Orucova deyib.

Psixoloq problemin səbəblərini açıqlayıb: "Şagirdlər aşağı siniflərdə daha çox oxumağa meyilli olurlar. Yuxarı siniflərdə isə öz hissləri ilə hərəkət edərək bilik və bacarıqlarından əmin olurlar. Belə ki, "mən universiteti qazanmaram" deyib oxumaq üçün özlərinə "yox" deyirlər. Bundan başqa yeniyetməlik dövründə zərərli vərdişlərə meyillilik yaranır. Araya "sevgi", "eşq" kimi məsələlər daxil olur. Bu zaman uşaqlarla valideynlər arasında anlaşılmazlıq, narahatlıqlar, oxumaqda problemlər, mübahisələr çox olur. Fikirlərini toparlamaq istəsələr də yaşla əlaqədar bu hal mümkün ola bilmir. Dərsdən yayınma halları baş verir".

G.Orucova bu kimi hallarda valideynlərə bunları tövsiyə edir: "Bu vaxt valideynlər övladları ilə dostluq münasibəti qurub, onları uğur və uğursuzluqları ilə qəbul etməlidir. Yeniyetmə ətrafda olan qəribə saç stilləri, "ulduzlar" əvəzinə öz valideynlərindən örnək götürməlidir. Ən əsası isə yeniyetmənin hədəfi olmalıdır, hansı addımları atacağını müəyyən etməlidir".

Çinarə Muradova

Bütün xəbərlər Facebook səhifəmizdə