Valideynlər qız övladlarına xaricdə təhsilə icazə vermirlər? - TƏHSİL EKSPERTİ AÇIQLADI

"Birmənalı şəkildə demək olmaz ki, əksər valideynlər qız övladlarına xaricdə təhsilə icazə vermirlər, yaxud da rayonda yaşayanlar qızlarını Bakıya buraxmırlar. Habelə onu da qətiyyətlə iddia etmək olmaz ki, belə hallar bizdə yoxdur. Nəinki, qızlarını təhsil almaq üçün xaricə göndərməyənlər, hətta öz rayonunda, öz kəndində belə qız uşaqlarını təhsildən yayındıran valideynlər kifayət qədərdir. Məktəbli qızların erkən ərə verilməsi və bir çox səbəblərdən təhsildən yayındırılması ilə əlaqədar statistikalar zaman zaman-zaman diqqətə çatdırılıb və bu kimi hallar rəsmi və qeyri-rəsmi şəkildə əksəriyyət tərəfindən qınaq obyektinə çevrilib. Təkcə onu xatırlatmaq kifayət edər ki, Azərbaycanın maarifçilik tarixində, dünyəvi təhsilin inkişafında, Azərbaycan qadınının təhsil almasında böyük rol oynamış görkəmli mesenat Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və dəstəyi ilə açılmış qızlar məktəbi bu məsələnin yoluna qoyulmasında nə kimi rol oynamış, Hacının və digər xeyriyəçilərimizin təşəbbüsü və maliyyə dəstəyi ilə nə qədər qız və gəlinlərimiz təhsil almaq üçün xaricə göndərilmiş və peşəkar sənət sirlərinə yiyələnərək Azərbaycana qayıtmışlar". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Nadir İsrafilov deyib.

Onun sözlərinə görə, adlarını çəkməyə belə ehtiyac qalmayan bir çox qadın sənətkarlarımız dünyanın ayrı-ayrı ölkələrində Respublikamızı layiqincə təmsil etmiş və etməkdədirlər: "Təkcə son bir neçə ildə, nəinki, Bakının, xüsusilə də ucqar reqionlarımızdan olan qızlarımızın yüksək göstəricilərlə dünyanın bir neçə aparıcı universitetlərindən təklif almaları və ABŞ, Almaniya, Fransa, İngiltərə hətta Kanada və Yaponiya kimi dövlətlərin nüfuzlu univesitetlərində oxumaları və işlə təmin olunmaları haqqında xəbərlərin ardı-arası kəsilmir".

Nadir İsrafilov sözlərinə belə davam edib: "Bununla belə, qız övladlarını nəinki xaricdə təhsilə icazə verməyən, hətta bu məqsədlə Bakıya belə buraxmayan valideynlərin olması da təəssüf ki, istisnalıq təşkil etmir. Bu kimi hallar bir çox səbəblərlə şərtlənir ki, bunu da hər şeydən əvvəl ehtiyatlanma faktorunun təzahürü kimi qiymətləndirmək olar. Son zamanlar bir çox qız və gəlinlərimizin xarici vətəndaşlarla nigah əlaqələrinə girməsi, ailə münasibətlərində yaranan uğursuzluqlar və bunların geniş təbliğ olunması, könə şərq təfəkkürlü bəzi valideynlərə "Qızını döyməyən dizini döyər" kimi çox mənasız atalar misalını xatırladır. Hadisələrin necə cərəyan edib-etməməsindən, kimin necə düşünüb-düşünməməsindən asılı olmayaraq, Hacı Zeynalabdin Tağıyevin “Bir oğlanın təhsil alması bir insanın savadlı olmasıdır. Bir qızın təhsil alması isə bir ailənin savadlı olması deməkdir” ifadəsi bütün dövrlər üçün və hər kəs üçün etalon sayıla bilər".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə