Azərbaycanın gəlirləri üçün göydəndüşmə hadisə ÖZƏL - AÇIQLAMA

"1,5 milyon ton neftin Qarabağ yatağından hasil edilməsi bu cür dövrdə və bu cür zamanda Azərbaycan üçün, onun neft sənayesi üçün və ölkə gəlirləri üçün göydəndüşmə bir haldır". Bu sözləri SİA-ya açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri, neft və qaz məsələləri üzrə mütəxəssis İlham Şaban Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin avqustun 10-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda "Qarabağ" yatağının dayaq blokunun dənizə yola salınması mərasimindən və "Qarabağ" yatağının əhəmiyyətli mahiyyətindən danışarkən deyib.

Onun sözlərinə görə "Qarabağ" yatağı ilə bağlı bütün əhəmiyyətli məlumatlar və texniki parametrlər Prezidentin çıxışında və mərasimdə öz əksini tapıb.

Hazırda Bakı dərin özüllər zavodunda olduğunu bildirən ekspert bu yatağın əhəmiyyətindən danışıb:

""Qarabağ" yatağında hasilat 2022-ci ilin sonunda başlayacaq. Bu yatağın əhəmiyyəti nədən ibarətdir? Azərbaycan üçün nə deməkdir? Əsas məsələ bunlardır. Hamıya məlumdur ki, Azərbaycanda neft hasilatı ildən-ilə azalmağa doğru gedir. Azərbaycan Respublikası Maliyyə naziri Samir Şərifov da öz çıxışında qeyd etdi ki, bu il Azərbaycanda 2,7 milyon ton neft hasilatının azalması proqnoz edilir. Təbii ki, burada pandemiya faktoru da var. Ancaq, təbii olaraq yataqların qocalması ilə əlaqədar 1 milyona yaxın Azərbaycanda neft hasilatında azalma müşahidə olunur. Bu baxımdan ildə 1,5 milyon ton neftin "Qarabağ" yatağından hasil edilməsi bu cür dövrdə və bu cür zamanda Azərbaycan üçün, onun neft sənayesi üçün və ölkə gəlirləri üçün göydəndüşmə bir haldır".

İlham Şaban vurğulayıb ki, pandemiya dövründə, 2020-ci ildə 4-cü quyunun qazılması nəticəsində 60 milyon bioloji ehtiyatı olan bir neft yatağının açılmasından söhbət gedir və maksimunun 2 ildən sonra biz artıq onun bəhrəsini görəcəyik.

Qeyd edək ki, Prezident İlham Əliyev müsahibəsində bu yatağın istismara verilməsinin Azərbaycanın neft strategiyasının daha uğurla reallaşdırılmasına və ölkəmizin neft gəlirlərinin artmasına böyük töhfə olacağını bildirib.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə