İnflyasiyanın minimum həddə cilovlanması yaxşı xəbərlərdəndir - ANALİZ

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Büdcə sistemi haqqında” Qanununun 23-cü maddəsinə müvafiq olaraq “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliklər edilməsi barədə Qanun layihəsi ilə birlikdə 2020-cu il üçün Dövlət Sosial Müdafiə Fondunun büdcəsi və İşsizlikdən sığorta fondunun büdcəsi haqqında Qanunlara dəyişikliklər edilməsi barədə Qanun layihələri Milli Məclisə təqdim olunub. İqtisadi Siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında hər 3 qanun layihəsi geniş müzakirə olunmuş və bu günkü plenar iclasda müzakirə üçün tövsiyyə olunub. Əvvəlcə onu qeyd etmək istərdim ki, adı çəkilən qanun layihələri qəbul olunarkən 2020-ci il üçün proqnozlaşdırılan iqtisadi şərait bü günkü reallıqlardan xeyli fərqlənmişdir. Belə ki, layihələrin qəbulu zamanı 2020-ci ildə ÜDM-in 3%, qeyri-neft sektorunun 3.8% artacağı, neftin orta illik qiymətinin 60-65 dollar olacağı, ixracın 3.8%, idxalın isə 1.5% artacağı proqnozlaşdırılmışdı. 2020-ci ilin ilk 2 ayının göstəriciləri, xüsusilə də bu dövrdə ÜDM-in 3%, qeyri-neft sektorunun 11% artması pronozların özünü doğruldacağını deməyə əsas verirdi". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, 2020-ci ildə yeni növ koronavirus infeksiyasının (COVİD-19) dünyada sürətlə yayılması insanların ənənəvi həyat tərzini kökündən dəyişmiş, qlobal miqyasda səhiyyə sistemlərinin ağır sınağla üz-üzə qoymuş, qlobal iqtisadiyyatda neqativ meyllərin artmasına və başlıca istehlak tələbin kəskin çökməsinə gətirib çıxarıb: "Bununla bağlı cari ilin mart ayından başlayaraq dünya bazarında neftin qiyməti xeyli ucuzlaşıb. Beynəlxalq təşkilatlar tərəfindən neftin qiyməti ilə bağlı proqnozlara yenidən baxılaraq 2020-ci il üçün neftin orta qiymətinn 40-45 dollar arasında olacağı proqnozlaşdırılır. Beynəlxalq Valyuta Fondu dünya iqtisadiyyatının 3 faiz azalmasına dair cari ilin aprel ayındakı proqnozunu iyun ayında 4,9 faizədək pisləşdirmişdir. Bununla yanaşı, Fond 2021-ci ildə dünya iqtisadiyyatının sürətli bərpa olunması proqnozunu yeniləyərək, daha mülayim artımla əvəzlənib. Bu ilin 2-ci rübündə ABŞ iqtisadiyyatı 30%, Avropa Birliyi iqtisadiyyatı 10% azalmış, ölkələrin xarici borcları kəskin artıb. Adı çəkilən proseslər Azərbaycan iqtisadiyyatından da yan keçməmiş, ölkəmizin xarici valyuta daxilolmalarının azalmasına və tədiyə balansının pisləşməsinə səbəb olmuşdur. Bu ilin mart ayından başlayaraq pandemiya ilə bağlı tətbiq edilən karantin rejimi və sosial təcrid tədbirləri ölkədə işgüzar fəallığın zəifləməsinə səbəb olmuş, iqtisadiyyatın əksər sahələrinin inkişafına mənfi təsir göstərib. Bu ilin 6 ayının nəticələrinə görə Azərbaycanda ÜDM 2.7%, qeyri-neft sektoru 2.5%, ixracın həcmi 23%, idxalın həcmi isə 28% azalmışdır. Pandemiyanın bitməsi ilə bağlı qeyrimüəyyənliyin davam etməsi iqtisadiyyatın kiçilməsi üçün ciddi təzyiqlər yaratmaqdadır. Amma bununla yanaşı Kənd təsərrüfatı, qeyri-neft sənayesinin artması, əmək haqı fondunun böyüməsi, orta aylıq əmək haqqının artması, inflyasiyanın minimum həddə cilovlanması yaxşı xəbərlərdəndir".

Ekspert bildirib ki, bu zəmində qeyri-neft gəlirlərinin azalması və digər maliyyələşmə mənbələrinin daralması dövlət büdcəsinin icrasında ahəngdarlığın, habelə onun gəlirləri və xərcləri arasında tarazlığın pozulması təhlükəsini yaradıb: "“Büdcə sistemi haqqında” Qanunun 23.3-cü maddəsinə əsasən Dövlət büdcəsinin icrası prosesində büdcənin gəlirləri və xərcləri arasında tarazlığın pozulması təhlükəsi yarandıqda may ayının 15-dən tez və oktyabr ayının 15-dən gec olmayaraq cari ilin dövlət büdcəsinə yenidən baxılması barədə Azərbaycan Respublikasının Milli Məclisi qarşısında məsələ qaldırıla bilər. “Büdcə sistemi haqqında” Qanunun 23.4-cü maddəsinə əsasən dövlət büdcəsinin icrasında ahəngdarlığın, habelə onun gəlirləri və xərcləri arasında tarazlığın pozulması təhlükəsi yarandıqda büdcənin təsdiq olunmuş xərclərinin çatışmayan hissəsinin təmin edilməsi məqsədilə büdcə qaydasının tətbiqinin dayandırılması barədə qanunvericilik təşəbbüsü qaydasında oktyabr ayının 25-dən gec olmayaraq məsələ qaldırıla bilər. Təqdim edilmiş qanun layihələri və müşayiət edici sənədlər Dövlət Büdcəsi haqqında qanunun tələblərinə cavab verir. Layihələrə Hesablama Palatası tərəfindən rəy alınıb. Qısa müddətdə hazırlanan rəy forma və məzmunca səmərəli olub".

T.Mirkişili qeyd edib ki, ilin birinci yarımilliyində dövlət büdcəsinin müsbət icrası müşahidə olunsa da, makroiqtisadi vəziyyəti səciyyələndirən göstəricilər ilin ikinci yarısında dövlət büdcəsinin maliyyə təminatı ilə bağlı əhəmiyyətli problemlərin yaranacağını təxmin edir: "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin təqdim etdiyi proqnoza əsasən “Azəri Layt” markalı xam neftin bir barelinin satış qiyməti büdcədə təsdiq olunmuş 55 ABŞ dolları proqnoza qarşı 35 ABŞ dolları səviyyəsinə endirilir, il üzrə ümumi daxili məhsulun azalması 5,0 faiz təşkil edəcəkdir. Azərbaycan Respublikasının Prezidentinin Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkənin müdafiə və təhlükəsizliyinin daha da gücləndirilməsi, pandemiyanın diktə etdiyi yeni çağırışlar fonunda səhiyyə sahəsinin artan ehtiyaclarının ödənilməsi, sosial və iqtisadi dəstək tədbirlərinin davam etdirilməsi və digər zəruri dövlət vəzifələrinin maliyyələşdirilməsi ilə əlaqədər olaraq əlavə maliyyə təminatının formalaşdırılması üçün hökumət qarşısında bir sıra mühüm vəzifələr qoyub. Yeni çağırışlar kontekstində dövlət büdcəsinin xərcləri üzrə əlavə tələbat 1 milyard 372 milyon manat məbləğində qiymətləndirilib. Beləliklə dövlət büdcəsinin gəlirlərinin azalması, xərclərinin isə əlavə artması nəticəsində 2 milyard 299 milyon manat məbləğində maliyyə təminatı olmayan xərcləri formalaşdırıb. Dövlət büdcəsi qarşısında duran yeni çağırışların təmin olunması və büdcənin gəlir və xərcləri arasında tarazlığın bərqərar edilməsi məqsədi ilə büdcə qaydasının tətbiqini müvəqqəti dayandırmaqla cari ildə yumşaq kontrsiklik büdcə siyasətinin həyata keçirilməsini zəruri etmişdir. Bununla əlaqədar “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə müvafiq olaraq dövlət və icmal büdcələrinə yenidən baxılması ehtiyacı yaranıb. Təqdim edilmiş layihədə dövlət büdcəsinin qeyri-vergi və rüsum daxilolmalarının 880 milyon manat artırılması (bunun 850,0 milyon manatını Dövlət Neft Fondundan əlavə transfert, 30 milyon manatını isə sair daxilolmalar təşkil edəcəkdir), dövlət büdcəsinin bir sıra xərclərinin ixtisarı və bəzi xərclər üzrə gözlənilən qənaət nəticəsində 774,0 milyon manat məbləğində qənaət edilən vəsait və dövlət büdcəsinin kəsirinin 645,0 milyon manat məbləğində əlavə artırılması təklif olunub. Dövlət büdcəsinə təklif edilən dəyişikliklərə uyğun olaraq dövlət büdcəsinin gəlirləri 24 milyard 124 milyon manat (mövcud gəlirdən 10,5 milyon manat az), xərcləri 27 milyard 492 milyon manat (mövcud xərclərdən 598,0 milyon manat çox), dövlət büdcəsinin kəsiri 3 milyard 368 milyon manat (mövcud kəsirdən 608,0 milyon manat çox) təşkil edəcəkdir. Yenilənmiş icmal büdcənin gəlirləri 21 milyard 676 milyon manat (mövcud 27 min 552 milyon manat gəlirdən 5 min 876,5 milyon manat az), xərcləri isə 30 milyard 111 milyon manat (mövcud 29 milyard 488 milyon manat xərclərdən 623,0 milyon manat çox), icmal büdcəsinin kəsiri 8 milyard 436 milyon manat (mövcud 1 milyard 936 milyon manat kəsirdən 6 milyard
500 milyon manat çox) təşkil edəcəkdir.

Beləliklə, 2020-ci ildə dürüstləşdirilmiş dövlət büdcəsi gəlirlərinin 12 milyard 200 milyon manatı və ya 50,6 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfertin (təsdiq olunmuş proqnoza nisbətən 850,0 milyon manat və ya 7,5 faiz çox), 7 milyard 190 milyon manatı və ya 29,8 faizi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların (təsdiq olunmuş proqnoza nisbətən 685,0 milyon manat və ya 8,7 faiz az), 3830,0 milyon manatı və ya 15,9 faizi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların hesabına olacaqdır (təsdiq olunmuş proqnoza nisbətən170 milyon manat və ya 4,3 faiz az). Dövlət büdcəsinin gəlirləri üzrə azalmanın (fiziki şəxslərin gəlir vergisi , mənfəət vergisi, əlavə dəyər vergisi, sadələşdirilmiş vergi, dövlət rüsumu, aksizlər üzrə) əsas səbəbi əmək haqqı fondunun, sahibkarlıq subyektlərinin gəlirlərinin, istehlakın, daxili bazarda neft məhsullarına tələbatın, dövlət rüsumu tutulmalı olan xidmətlərin və hüquqi hərəkətlərin azalması, həmçinin pandemiya ilə bağlı bir sıra vergilər üzrə müvəqqəti güzəştlərin tətbiqi ilə bağlıdır".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...