Ümumdünya İqtisadi Forumu 1971-ci ildə İsveçrədə biznesmen, professor Klaus M.Şvab tərəfindən təsis olunan dövlət və hökumət başçılarının, yüksək vəzifəli biznesmenlərin, elm və din xadimlərinin iştirakı ilə keçirilən geniş tərkibli illik iclaslardır. Forum əksər hallarda İsveçrənin Davos şəhərində təşkil olunduğu üçün həmçinin Davos Forumu adlandırılır.
Ümumdünya İqtisadi Forumu qlobal və regional səviyyədə dünyanın başlıca siyasi, sosial və iqtisadi problemlərinin müzakirəsinin aparılması üçün ideal ortam hesab olunur. Bunun əsas səbəbi iqtisadi və siyasi sahədə fəaliyyət göstərən nüfuzlu beynəlxalq və regional səviyyəli təşkilatların rəhbərləri, yüksək vəzifəli bürokratlar və s. ilə interaktiv dialoqların və qeyri-rəsmi danışıqlar üçün əlverişli mühitin təşkil olunmasıdır. Forum çoxsaylı mövzular üzrə sessiyalardan ibarət olur və bu sessiyaların əksəriyyəti geniş miqyasda izlənilməsi üçün İsveçrənin yerli kanallarında canlı olaraq nümayiş etdirilir. Foruma həmçinin "Beynəlxalq Amnistiya (Amnesty İnternational)" Beynəlxalq Şəffaflıq Təşəbbüsü (Transparency İnternational), Oxfam kimi qeyri-hökumət təşkilatlarının və ticarət ittifaqlarının yüksək səviyyəli nümayəndələri cəlb olunur. 3-4 gün boyunca davam edən Ümumdünya İqtisadi Forumu gün ərzində müxtəlif mövzular üzrə çoxsaylı sessiyalara bölünür və sessiyalarda iştirak nümayəndələrin şəxsi seçimindən daha çox təşkilatçı tərəfindən dəvət əsasında təmin olunur. Forum müddətində dünyanın iri şirkətlərinin rəhbərləri ilə dialoqların qurulması və müxtəlif ölkələrin hökumət nümayəndələri ilə ikitərəfli görüşlərin keçirilməsi üçün əlverişli imkanlar yaradılır.
Qeyd olunan üstünlüklərlə yanaşı Ümumdünya İqtisadi Forumunun fəaliyyətinin başlıca məqsədində bir sıra nöqsanların da olduğu göstərilir. Belə ki, forum bir sıra ekspertlərin fikrincə daha çox güc baxımından dünyanın nəhəng ölkələrinin mənafelərinə xidmət edir və yoxsulluğun azaldılması kimi həssas iqtisadi problemlərin həllindən çox guya forum nəticəsində qazanılacaq siyasi dividentlərin artırılması məqsədini daşıyır. Bundan əlavə bəzi tənqidçilər tərəfindən ÜİF demokratik siyasi baxışlara və yanaşmalara mənfi təsir göstərən və bununla da, gizli sövdələşməyə əsaslanan qeyri-şəffaf qərar-vermə mexanizmləri üzərində qurulmuş "Elitlərin Forumu" kimi də qiymətləndirilir.
Ümumdünya İqtisadi Forumunun hazırda Çinin Tayvan əyalətində və Nyu-Yorkda nümayəndəlikləri mövcuddur. Öz fəaliyyətində bitərəflik prinsiplərinə dayanan forumun fəaliyyəti gəlir və ya mənfəət qazanmaq məqsədi güdmür. Forumun Təşkilat Heyəti İngiltərənin sabiq baş naziri Toni Bleyrin də daxil olduğu 20 üzvdən ibarətdir.
2005-ci il yanvarında Ümumdünya İqtisadi Forumu çərçivəsində Gənc Qlobal Rəhbərlər adlı müstəqil təşkilat da, təsis olunmuşdur. Sözügedən təşkilatın üzvləri yaşı 40-dan az olan və iqtisadi, elmi və siyasi aləmdə, o cümlədən kommunikasiya sahəsində dünyanın aparıcı mütəxəssislərdir.
Ümumdünya İqtisadi Forumu illik dünya forumları ilə yanaşı, Latın Amerikası, Orta Şərq, Afrika, Şərqi Asiya, Rusiya, Avropa və Mərkəzi Asiya üzrə regional iqtisadi forumlar da təşkil edir. Hər il müxtəlif adlar altında təşkil olunan dünya forumları adətən hər ilin yanvar ayında keçirilir.
Bu il yanvarın 25-29-da Davos (İsveçrə) şəhərində illik Ümumdünya İqtisadi Forumu keçirilir.
Bu dəfəki tədbir "Böyük transformasiyalar: yeni modellərin formalaşması" şüarı altında keçiriləcək. Tədbir iştirakçıları qlobal iqtisadiyyatın çağırışlarını və perspektivləri müzakirə edəcək, bu kontekstdə ideya mübadiləsi aparacaqlar.
Qeyd edək ki, 1971-ci ildən keçirilən Davos Ümumdünya İqtisadi Forumu iqtisadi mövzularda müzakirələr üçün dünyanın əsas meydanlarından biridir. Forumda nəhəng şirkətlərin rəhbərləri, dövlət və hökumət başçıları iştirak edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə