Məcnun Məmmədov Şamaxı və Ağsuda şərab və heyvandarlıq müəssisələrində olub
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Şamaxı və Ağsu rayonlarında yerləşən şərab istehsalı müəssisələrinin, eləcə də Ağsu rayonundakı heyvandarlıq təsərrüfatının fəaliyyəti ilə tanış olub. SİA nazirliyə istinadən xəbər verir ki, nazirə şərab müəssisələrinin mövcud vəziyyəti, istehsalda istifadə olunan texnoloji avadanlıqlar və istehsal edilən məhsullar barədə məlumat verilib.
Görüşlərdə ölkədə şərabçılığın inkişafı, şərabçılıq məhsullarının istehsalının artırılması və keyfiyyətinin yüksəldilməsi üçün müasir texnologiyaların tətbiqi, bu sahədə təcrübə mübadiləsi, xarici bazarlara məhsul ixracının genişləndirilməsi istiqamətində görülən işlər və atılacaq addımlar müzakirə olunub.
Daha sonra nazir M. Məmmədov aqroparka baş çəkib. Bildirilib ki, aqroparkın əsas fəaliyyət istiqamətlərindən biri heyvandarlıqdır. Heyvandarlıq kompleksinin yemə olan ehtiyacı daxili istehsal hesabına ödənilir. Müəssisə təsərrüfatda yem bazasının təmin olunması üçün müasir suvarma sistemləri tətbiq etməklə əkinçilik fəaliyyəti ilə məşğul olur.
Nazirə müəssisədə görülən işlər barədə məlumat verilib, istehsal prosesinin daha da təkmilləşdirilməsi, heyvandarlıq və südçülüyün inkişafı, ixtisaslaşmış ətlik və südlük iribuynuzlu heyvandarlıq təsərrüfatlarının yaradılmasının vacibliyi, istehsalda müasir texnologiyaların tətbiqi, heyvandarlıqda yem təminatı, innovativ yemləndirmənin əhəmiyyəti məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə