"Azərbaycanda keçiriləcək COP29 ölkənin həyatında mühüm bir hadisə olacaq" - DEPUTAT ŞƏRH ETDİ

"Bu gün dünya ölkələri iqlim dəyişikliyindən ciddi ziyan çəkir. İqlim dəyişikliyi dövlətlərin iqtisadiyyatına və insanların səhhətinə öz mənfi təsirini göstərir. Çərçivə konvensiyasının keçirilməsi də məhz bu məqsədə xidmət edir. COP29-un Azərbaycanda keçirilməsi onun beynəlxalq tədbirlərə önəm verməsinin və ölkəmizə göstərilən etimadın göstəricisidir. Əlbəttə ki, iqlim dəyişiklikləri ilə mübarizə üçün real maliyyələşdirilmələrin aparılması, vəsaitlərin cəlb olunması çox vacibdir. Azərbaycanın da bu sahədə böyük təcrübəsi var. Biz Qoşulmama Hərəkatını nümunə olaraq göstərə bilərik. Pandemiya dövründə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatı çox mühüm tədbirlər həyata keçirdi və dünyada pandemiyanın qarşısının alınması üçün əsaslı tədbirlərin görülməsinə, maliyyə vəsaitlərinin ayrılmasına nail oldu". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin komitə sədri Tahir Rzayev deyib.
Onun sözlərinə görə, iqlim dəyişiklikləri ilə mübarizə bu gün dünyanın qarşısında duran vacib problemlərdən biridir: "Əlbəttə ki, bir çox dövlət nümayəndələrinin qeyd etdiyi kimi, bunun üçün maliyyələşdirilmə problemlərinin həll edilməsi önəmlidir. Sözsüz ki, bu, konvensiyanın Bakıda keçirilməsi və Azərbaycanın bu məsələdə bilavasitə təşəbbüskar olması gələcək üçün imkan açır və iqlim dəyişiklikləri ilə mübarizənin gücləndirilməsinə təkan verəcək".
"Bu, mötəbər beynəlxalq tədbir və dünyanı, bəşəriyyəti düşündürən vacib məsələdir. Belə problemlərin Azərbaycanda öz həllini tapması bəşəriyyət tərəfindən təqdirəlayiq bir haldır. 2024-cü ilin noyabr ayında Bakıda keçiriləcək bu 29-cu sessiya Azərbaycanın həyatında mühüm bir hadisə olacaq və dövlətimizin beynəlxalq nüfuzunun artırılmasında önəmli yer tutacaq",- deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə