Anomal hava şəraiti kənd təsərrüfatı bitkilərinə necə təsir etdi? - ARAŞDIRMA

Ölkəmizdə artıq aprel ayı olduğuna baxmayaraq anomal hava şəraiti hökm sürür. Belə ki, hava bir gün günəşli səhəri gün isə boran olur. Yağıntılar əkin-biçinə müsbət təsir etsə də, havanın qəfil dəyişməsi günlük həyatımızla yanaşı torpağa və kənd təsərrüfatı məhsullarına ciddi ziyan vurur.

İqlim dəyişikliyinin yaratdığı fəlakətlər dünyanın hər yerindən gəlir. Mütəxəssislər bu təhlükənin Covid-19-dan daha böyük və təhlükəli olduğunu vurğulayırlar.

Tez-tez və sürətlə dəyişən havanın temperaturu, bir həftədə yayı, bir həftədə qışı xatırladır. Bəs, belə anomal hava şəraitindən torpaq və kənd təsərrüfatı məhsulları necə təsirlənir?

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Tokat Gaziosmanpaşa Universiteti Fən və Ədəbiyyat Fakültəsi Coğrafiya Bölümündən professor Hakan Mete Doğan deyir ki, ani temperatur dəyişiklikləri, xüsusilə temperaturun ani enişləri bitkilərin inkişafına və məhsuldarlığına ciddi dərəcədə mənfi təsir göstərir. Bunlardan bəziləri: Meyvələrdə çatlama və fizioloji quraqlığa, kök inkişafının dayanmasına, tumurcuq toxumalarının qurumasına və ölməsinə, məhsul yığım vaxtının pozulmasına və keyfiyyətin itməsinə səbəb olur. Həmçinin, qəfil quraqlıq dövrlər və ya şiddətli qısamüddətli yağışlar da məhsulun tamamilə məhvinə səbəb ola bilər.

İqlim dəyişikliyi onilliklər və ya daha uzun müddət ərzində hava şəraitinin, okeanların, quru səthlərinin və buz təbəqələrinin dəyişməsidir.

Qlobal istiləşmə birbaşa və ya dolayı yolla aşağı və yüksək təzyiqli ərazilərə təsir edərək yerli səviyyədə qəfil hava dəyişikliklərinə səbəb olur. Beləliklə, dünyanın müxtəlif yerlərində qəfil güclü küləklər, qısamüddətli güclü yağışlar, həddindən artıq isti və quraq dövrlər tədricən adi hala çevrilir. İqlim dəyişikliyinin ən mühüm göstəriciləri gündüz normal aylıq və illik temperatur dəyişiklikləri, gecə ilə gündüz arasındakı fərqlərin həddindən artıq və qəfil dəyişməsi ilə əlaqədardır. Bu dəyişikliklər bölgənin coğrafi, topoqrafik və ekoloji xüsusiyyətlərindən asılı olaraq artır və ya azalır.

Bu qəfil hava dəyişimi torpağa necə təsir edir?

Torpaq yaşayan və əsasən canlılardan ibarət üzvi quruluşdur. Bu üzvi quruluşun əsas dövrlərini canlılar (göbələklər, bakteriyalar, həşəratlar, qurdlar və s.) təşkil edir.

Temperaturun kəskin və qəfil dəyişməsi ilk növbədə torpağın bioloji quruluşunu pozur və kimyəvi quruluşu dəyişir. Bu, torpağın münbitliyinə mənfi təsir edir və eroziyaya səbəb olur.

Torpağın temperaturunun qəfil dəyişməsi torpağın su balansına, azotun çevrilməsinə və termofiziki xassələrinə, həmçinin torpaqda mikroorqanizmlərin fəaliyyətinə və müvafiq olaraq üzvi maddələrin minerallaşmasına təsir göstərir.

Bəs, anomal hava şəraiti kənd təsərrüfatı məhsullarına necə təsir edir?

Canlıların başda istilik və rütubətə üzrə müxtəlif ekoloji parametrlərə dözümlülüyü məhduddur. Bu həddi aşdıqda stresə düşürlər, stress halları davam edərsə xəstələnirlər, böyümə və reproduktiv qabiliyyətləri azalır və ya ölürlər. Qəfil hava dəyişiklikləri kənd təsərrüfatında əkin və məhsul yığım müddətində yerdəyişmələrə (dəyişikliklərə) səbəb olur. Bu, həmçinin əkin-biçin vaxtının gecikməsinə və məhsuldarlığın azalmasına gətirib çıxarır. Əkin olunan kənd təsərrüfatı torpaqlarında bitki çıxmasına (cücərməsinə) mənfi təsir göstərir. Bitki köklərinin inkişafını dayandırır və bitkilərdə qida çatışmazlığı ilə qurumağa səbəb olur.

Daşqınlar nəticəsində torpağın aerasiyası və şoranlaşması kimi bəzi arzuolunmaz nəticələr yarana bilər və nəticədə bu bitkilərə mənfi təsir göstərir. Bir gün günəş, ertəsi gün leysan yağışları da bitkilərdə xəstəlik və zərərvericilərin çoxalmasına səbəb olur. Yüksək temperatur bitkilərin stress, vaxtından əvvəl yetişmə və müvafiq olaraq məhsuldarlığın azalması səbəbindən sürətli inkişaf dövrünə girməsinə səbəb olur.

Digər tərəfdən temperaturun qəfil dəyişməsi, xüsusilə temperaturun qəfil azalması bitkilərin inkişafına və məhsuldarlığına əhəmiyyətli dərəcədə mənfi təsir göstərir.

Temperaturun qəfil dəyişməsinin torpağa və əkinçiliyə zərər verməməsi üçün nə etmək lazımdır?

- Temperatur və digər quraqlıq şəraitinə dözümlü olan növlərə və sortlara diqqət yetirmək lazımdır.
- Vacib bioloji ehtiyatlar və əkinçilik əraziləri qorunmalıdır.
- Meşələr, bataqlıqlar, su ekosistemləri bərpa edilməli və qorunmalıdır.
- Əvvəlcə mühüm mikroiqlim bölgələri qorunmalıdır.
- Çayların yeraltı və yerüstü bənd sistemləri və dolama qurğuları mühafizə edilməlidir.
- Ekoloji cəhətdən təmiz istehsala diqqət yetirilməlidir.

Kənd təsərrüfatına təsir edən təbii amillər:

- İstilik - iqlim dəyişiklikləri.
- Torpaq formaları - torpağın xüsusiyyətləri
- Don - rütubət
- Yağış - külək
- Suvarma- toxumçuluq
- Mexanikləşdirmə- gübrələmə
- Dərman- torpaq analizi.
- Marketinq- ixrac.

Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinq şöbəsinin müdiri İmran Cümşüdov: "Son günlər respublika ərazisində yağmurlu və qarlı hava şəraiti hökm sürür. Qar bərəkətdir. Bu çox yaxşı bir haldır.

Ümumiyyətlə kənd təəsrrüfatı təbiətdən asılı olan bir sahədir. Hava şəraitinin dəyişməsi bu və ya digər formada kənd təsərrüfatına öz təsirini göstərir. Amma bütövlükdə biz nəzərə alsaq, yəni bitkiləri strateji baxımdan qiymətləndirsək, ərzaq təhlükəsizliyi baxımından ən strateji sahəmiz taxılçılıqdır. Respublika ərazisində 1 milyon hektardan artıq sadə taxıl əkini aparılıb. Bunun da yarısından çoxu dəmyə bölgələrində əkilib. Orada suvarma həyata keçirilmir və bu payızdan əkilən taxıl yağmurlar az olduğu üçün ciddi nəmlik çatışmazlığı sıxıntısı yaşadı. Yağan qar və yağmur həqiqətən də əsasən dəmyə əkinçiliyə çox müsbət təsir göstərdi. Həmçinin bu taxıllara yaz qulluq işləri aparılır və yemləmə gübrəsi verilir. Bu gübrənin verilməsi məhsuldarlığın artırılması üçündür. Nəmlik olmayanda bu gübrələrdən bitkilər yararlana bilmir.

Qar və yağmur torpaqda ilk öncə nəmlik ehtiyatı yaradır. Daha sonra qarın yağması torpaqda zərərverici və gəmiricilərin məhv olmasına səbəb olur, çaylarda suyun səviyyəsini artırır ki, bu da suvarma üçün çox yaxşıdır.

Meyvəçiliklə məşğul olan rayonlardan Quba, Xaçmaz, Şəki, Zaqatala bölgəsində qar yağsa da şaxtalı hava şəraiti olmadı. Hava mülayim keçdi. Ona görə də bu yağan qar hətta çiçək açmış ağaclara belə mənfi təsir göstərmədi. Mayalanmada cüzi çətinlik ola bilər. Amma bütövlükdə bu hava davamlı olsaydı, çiçəklər və tumrucuqlar məhv olardı. Biz mütəmadi olaraq məlumat alırıq və belə bir sıxıntı ilə qarşılaşan fermerlərimiz olmayıb. Bu həftə ərzində də bizim mütəxəssislər bölgələrə ezam olunaraq real vəziyyət haqqında məlumat verəcəklər.

Fermerlər üçün faydalı məsləhətlərimiz var. İlk növbədə payızdan aparılan budama işləri normal qaydada getməlidir. Çünki aprel ayında ölkəmizdə həmişə yaz şaxtalı havası gözlənilir. Ona görə də fermerlərimiz əkin aparanda quraqlığa və şaxtaya davamlı sortlara üstünlük verməlidir.

Eyni zamanda kalium tərkibli gübrələrdən istifadə etmələri çox vacibdir. Çünki bu bitkidə şəkərin miqdarını artırır. Şəkər varsa, deməli şaxtaya qarşı mübarizə də var.

Yazlıq bitkilərin də əkiminə önəm verilməlidir. Buna artıq başlanılıb. Belə ki, şəkər çuğunduru əkininə başlanılıb. Birazdan pambıq, tütün, qarğıdalı əkini də olacaq. Bunlar üçün də yağan yağmur çox faydalı oldu.

Həmçinin yağmur, yem bitkilərinin və heyvandarlığın inkişafı üçün çox faydalı oldu".

Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdir müavini Fərman Kərimov: "Məlum olduğu üzrə, 3-4 gündür ki, hava qeyri-stabil dəyişir. Bunun nəticəsində yağmurun normadan artıq düşməsi kənd təsərrüfatı bitkilərinə, əsasən də taxıl əkinlərinə çox yaxşı təsir göstərir. Bu dağlıq və dağətəyi ərazilərdə əkilmiş taxıllara can verir. Taxıllar tamamilə qurumaq üzərə idi və gübrədən də istifadə etmək mümkün olmurdu. Bunlar iqlimlə bağlıdır.

İndi yağmurların belə intensiv düşməsi nəticəsində bitkilərin inkişafı sürətlənib. Amma həmin ərəfədə bəzi çəyirdəkli bitkilər çiçək açmışdılar. Temperaturun birdən-birə aşağı düşməsi və yağmurun yağması mayalanma prosesinə mənfi təsir göstərə bilər. Əgər çəyirdəkli bitkilərin mayalanma prosesi başa çatmışdısa, bunun onlara mənfi təsiri az olacaq.

Belə havanın tərəvəz bitkilərinə mənfi təsiri yoxdur. Yəni, tərəvəz bitkiləri yağmurların düşməsi ilə inkişafını davam etdirəcək. Həmçinin, çiçək açma ərəfəsində olan ağaclara da mənfi təsiri olmayacaq".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə