Yeni qurum su qıtlığı problemini həll edəcək? - İQTİSADÇI MÜNASİBƏT BİLDİRDİ

“Üç qurumun birləşdirilərək Azərbaycan Dövlət Su ehtiyatları Agentliyinin yaradılması təqdirəlayiq bir addımdır. Su məsələsi iki müxtəlif orqana bağlı idi. Ona görə də bu iki orqan, yəni “Azərsu” ASC və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC arasında problemlər yaşanırdı. Su ehtiyatının bölüşdürülməsi və daxildəki müəyyən nöqsanların həlli baxımından üç qurumun birləşdirilməsi müsbət haldır. Çünki artıq ölkədə su qıtlığının aradan qaldırılması üçün sırf müəyyən olunmuş təşkilat fəaliyyət göstərəcək”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Rauf Qarayev deyib.

Onun sözlərinə görə, həmin təşkilat da öz qeydlərini ölkə başçısına bildirəcək: “Düşünürəm ki, bu addım monitorinqlərin aparılması, su qıtlığının aradan qaldırılması, su hövzələrinin formalaşdırılması, bu sahə üzrə mütəxəssislərin yetişdirilməsi üçün önəmli sayılır.

Qeyd edim ki, su qıtlığı probleminin həll olunması bugünün məsələsi deyil. Bu qurum da yeni yarandığı üçün su problemini hal-hazırda həll edəcəyini düşünmürəm”.

İqtisadçı sözlərinə davam edərək bildirib ki, yeni qurum yaranmadan öncə bu məsələnin həlli kimlərin öhdəliyində idisə, onlar öz vəzifələrini yerinə yetirə bilmədilər: “Buna görə də dövlətdə belə bir fikir yarandı ki, yeni təşkilat yaransın və bütün məsələləri onunla həll etsinlər. Həmin təşkilat da yeni formalaşır. Bu qurumun yaranması hələ sonrakı proseslərdə özünü büruzə verəcək. Çox istərdim ki, həmin qurum özünü doğrultsun. Hesab edirəm ki, təxminən 3 ildən sonra yeni yaranmış qurum öz töhfəsini verəcək. Planlı şəkildə ekspertlərlə müzakirələr aparılaraq, ölkəni yeni, müasir avadanlıqlarla təmin edərək və dünya praktikası nümunələrinə əsas gətirərək su problemlərinə həll yolu tapmaq olar. Əgər qeyd edilən bu məsələlər öz həllini tapmasa, artıq bu təşkilat da formal təşkilata çevriləcək. Ölkədə bəzən orqanlar öz bildikləri kimi hərəkət edirlər. Ölkədə olan digər mütəxəssislərin fikri nəzərə alınmadığına görə bu problemlər daimi olaraq yaşanır. Ona görə də müəyyən addımların atılmasına nəzarət etmək lazımdır”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə