Sudan səmərəli istifadə üçün hansı addımlar atılır? - QURUM RƏSMİSİ DANIŞDI

“Kənd təsərrüfatı bilavasitə sudan asılı sektordur. Kənd təsərrüfatında uğurlu nəticə əldə etmək üçün mütləq şəkildə təbii resursların optimal konteksti olmalıdır. Bu təbii resurslardan birinin çatışmaması kənd təsərrüfatında müsbət nəticə əldə etməyə mane olur. Artıq bir neçə ildir ki, su ehtiyatları ilə bağlı həyəcan təbili çalınmağa başlanıb”. Bu sözləri SİA-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan İstifadəyə Nəzarət şöbəsinin müdiri Firudin Tağıyev deyib.

Onun sözlərinə görə, su resurslarının azalması yalnız su ehtiyyatlarından səmərəli istifadə etməklə həll olunacaq bir problem deyil: “Zəncirvari şəkildə bir-birinə təsir edən problemlər su resurslarının azalmasına gətirib çıxarır. Məsələn, Volqa çayının suyu dəfələrlə azalıb. Bu o deməkdir ki, Xəzər dənizi aşağı düşür. Xəzər dənizinin aşağı düşməsi biomüxtəlifliyə təsir edir. Bu, kənd təsərrüfatında da belədir. Əgər suvarma doğru şəkildə aparılmırsa, bu torpaqların deqradasiyasına gətirib çıxarır. Suyu izafi vermək özü də bir problemdir. Əgər kimsə selləmə şəkildə suvarma aparırsa, o da təsərrüfata ziyan vurur, torpağın şorlaşmasına səbəb olur. Ona görə də nazirlik olaraq ana fəaliyyətimizdə demək olar ki, subsidiyaların verilməsi və digər siyasətlərimizin aparılmasına müasir suvarma sistemlırinin tətbiqini də dəstəkləyirik”.

F. Tağıyev sözlərinə davam edərək bildirib ki, 2020-ci ildən etibarən ölkədə “Elektron kənd təsərrüfatı” informasiya sistemi tətbiq olunub: “Bütün dövlət dəstəkləri kənd təsərrüfatı sektorunda bu platforma vasitəsiylə birbaşa fermerin kartına köçürülür. Onlar da bu subsidiyanı almaq üçün bizim monitorinqlərimizdə əsas şərtlərimizdən biri olan müasir suvarma sistemlərindən istifadəyə əməl edirlər. Əgər müasir suvarma sistemləri qurulmayıbsa, fermerlər o subsidiyalardan yararlana bilmir. Son illərdə bu baxımdan xüsusi artış müşahidə olunur. Su komissiyasının yaradılması da bu işdə bir dönüş nöqtəsi olub. Bilirik ki, son zamanlarda su qıtlığı yaşanır. Mövcud suyun ədalətli şəkildə bölünməsini təşkil etmək həmin su kommisiyalarının əsas məqsədlərindəndir. Bir sözlə, Kənd Təsərrüfatı Nazirliyi öz növbəsində su ehtiyatlarından səmərəli istifadə üçün mühüm addımlar atmağa səy göstərir”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə