AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasında konfrans keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsi və Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin birgə təşkilatçılığı ilə AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasında “Nizami Gəncəvi yaradıcılığında riyazi-astronomik baxış” mövzusunda VIII “Fizika-lirika” konfransı keçirilib. Konfrans iştirakçıları əvvəlcə Şamaxı Astrofizika Rəsədxanası şəhərciyində görkəmli elm xadimi, akademiyanın qurucularından biri, akademik Yusif Məmmədəliyevin büstünü ziyarət ediblər.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açaraq, 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsinin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü sayəsində ölkəmizdə Nizaminin əsərlərinun latın qrafikası ilə nəşri həyata keçirilib, anadan olmasının 840 illik yubileyi geniş miqyasda qeyd edilib. Onun layiqli davamçısı, Azərbaycan Respubıikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi təntənəli şəkildə keçirilib. Ölkə Prezidentinin 05 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi isə Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafında yeni bir mərhələnin əsasını qoyaraq, dahi ədibin yaradıcılığının azərbaycançılıq işığında tədqiqi, təbliği və nəşri ilə bağlı qarşıya mühüm öhdəliklər çıxarıb.

Nizami Gəncəvini Şərq intibahçılarından biri adlandıran alim, onun əsərlərinin dünya dillərinə tərcüməsinin zəruriliyini vurğulayıb. Böyük Britaniyanın Oksford Universitetində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətə başlamasını ölkəmizin alimləri ilə yanaşı, tanınmış dünya şərqşünaslarının da araşdırma və təbliğat proseslərinə cəlb edilməsinə şərait yaratdığını qeyd edib. Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutu, Kembric Universiteti və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Nizami Gəncəvi və Şota Rustaveli” birgə elmi tədqiqat layihənin həyata keçirildiyini, 2021-ci ildə eyniadlı monoqrafiyanın Azərbaycan, gürcü və ingilis dillərində nəşr olunduğunu bildirib. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Nizamişünaslıq” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Nüşabə Araslının rus dilində yeni nəşr olunmuş “Nizami və türk ədəbiyyatı” monoqrafiyası haqqında məlumat verib.

Akademik İsa Həbibbəyli, 2021-ci il oktyabr ayının 1-də Nizami Gəncəvi adına Ədəbiyyat, eləcə də Molekulyar Biologiya və Biotexnologiyalar institutlarının birgə təşkilatçılığı ilə “Nizami Gəncəvi irsi və təbiət” mövzusunda VII “Fizika-lirika” konfransının keçirildiyini, “Nizami Gəncəvi yaradıcılığında riyazi-astronomik baxış” mövzusundakı VIII “Fizika və lirika” konfranının əhəmiyyətini vurğulayıb. Alim, “Fizika və lirika” adının şərti xarakter daşıdığını, fizika adı altında dəqiq və təbiət elmlərinin, lirika dedikdə isə ədəbiyyat və mədəniyyətin bütün sahələrinin əhatə olunduğunu deyib. AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev “Nizami Gəncəvi İli” ilə bağlı AMEA-da geniş tədbirlər planının icrası barədə məlumat verib, 2014-cü ildə AMEA-da “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl Medalı”ın təsis edildiyini və bu medalla elmin müxtəlif sahələrində çalışan alimlərin təltif olunduğunu diqqətə çatdırıb. Sankt-Peterburqun dünya şöhrətli Dövlət Ermitaj Muzeyində dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi qeyd edildiyini və həmin tədbirdə Azərbaycan elmi ictimaiyyətinin iştirakını qürurverici hadicə kimi yüksək qiymətləndirib.

“Nizami Gəncəvi – Azərbayca xalqının mənəviyyat pasportudur. Dünyaya onunla təqdim edilirik” – deyən akademik Rasim Əliquliyev, konfransın rəhbərlik etdiyi Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında keçirilməsindən məmnunluğunu ifadə edib. AMEA-nın akademik katibi, Fizika İnstitutunun baş direktoru, akademik Arif Həşimov çıxış edərək, Nizami Gəncəvinin öz yaradıcılığında bütün elmləri üzvi şəkildə birləşdirdiyini bildirib. Poemalarının mövzusunu tarixdən götürsə də, onun yaradıcılığında təbiət elmlərinin, xüsusən də fizikanın böyük yeri olduğunu qeyd edib. Nizamini “bütün zamanlar üçün müasir, həm də bütün zamanlar üçün gələcək” adlandıran akademik Arif Həşimov, AMEA-da “Azərbaycan Respublikasında 2022-2030-cu illərdə elmin dayanaqlı inkişafı üzrə Milli Strategiya”nın mahiyyət etibarilə Nizami Gəncəvinin “qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz” kəlamlarına dayanaraq hazırlandığını diqqətə çatdırıb.

Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov son illərdə AMEA-nın elmi müəssisələri ilə Şamaxı Astrofizika Rəsədxanası arasında elmi əməkdaşlığın gücləndiyini və həmin silsilədən olan bu tədbirin əhəmiyyətini yüksək qiymətləndirib. Alimin sözlərinə görə, Nizaminin əsərlərindəki elmi faktlar bu gün də yerüstü və kosmik hadisələrin öyrənilməsində öz aktuallığını qoruyub saxlayıb. “Nizami Gəncəvi alim-şairdir. Bəşər sivilizasiyası tarixindəki nadir şəxsiyyətdir. Bədii-estetik və fəlsəfi görüşlərinə görə bütün zamanların şairidir” – deyən AMEA-nın müxbir üzvü Namiq Cəlilov, dahi şairin könüllərdə daim yaşayacağını ifadə edib.

Konfrans işini məruzələrlə davam etdirib. Tədbirdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmlər doktoru, professor İmamverdi Həmidov “Nizami Gəncəvi və ərəb dünyası” mövzusunda məruzə ilə çıxış edərək, Nizamini dünyada parlayan Günəş, Azərbaycan ədəbiyyatının isə ulduzu adlandırıb, XII-XIII əsrlərdə Azərbaycan poeziya məktəbinin formalaşmasında şairin xüsusi rolunun olduğunu bildirib. Alim, məruzəsində XII əsrdə Gəncə şəhərinin Azərbaycanın mədəniyyətinin mərkəzi hesab edildiyini və bu şəhərin Nizami yaradıcılığına verdiyi töhfələri iştirakçıların diqqətinə çatdırıb. Qeyd edib ki, dahi şair öz yaradıcılığını elmi əsaslar üzərində quraraq, poetik dillə öyrənməyin əhəmiyyətini təbliğ edib.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Tahirə Məmməd “Nizami Gəncəvi yaradıcılığında ilin fəsil dəyişmələrinin elmi-bədii inikası” mövzusunda məruzəsində bildirib ki, dahi şair mövsümi dəyişmələri təsvir edərkən yüksək sənətkarlıq nümayiş etdirməklə bərabər, həm də astronomiyaya aid dövrününün elmi məlumatlarına dərindən bələd olduğunu göstərib. Nizami Gəncəvi yaradıcılığında klassik Şərq ədəbiyyatının bahariyyə və xəzaniyyələrinə, eyni zamanda yay və qış təsvirlərinə aid gözəl bədii nümunələr var. Nizami mövsüm dəyişmələrini astronomik hərəkətliliklə izah edir. Bu zaman o, həm Qədim Çin, həm də Yunan mənbələrində formalaşan elmi qənaətlərdən istifadə edir; mövsümlərin yerdəyişməsini bürclərin və ulduzların dövrəvi yerdəyişməsi ilə əlaqələndirir. Fəsillərin təqvim üzrə əvəzlənməsində novruza xüsusi önəm verən şair ayların və bürclərin dəyişməsinin hərəkətini novruza doğru istiqamətləndirir və ilin dəyişdiyi zaman bürclərdə, eyni zamanda, təbəitdə baş verən dəyişiklikləri yüksək ustalıq və elmi hazırlıqla yaradıcılığında əks etdirir.

Tədbirdə, həmçinin AMEA Şamaxı Astrofizika Rəsədxanasının şöbə müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Ədalət Ətayi “Nizami Gəncəvi yaradıcılığına müasir elmi baxış” adlı məruzə ilə çıxış edib. O, dahi şairin yaşadığı dövrdə bəşəriyyətə məlum olan əsas elmləri – fizika, kimya, astronomiya, taix, ilahiyyat və s. dərindən mənimsədiyini və məhz dolğun biliklərdən istifadə edərək bütün dövrlər üçün qiymətli və tədqiqata ehtiyac duyulan əsərlər yaratdığını qeyd edib. Alim, Günəşə ən yaxın olan Merkuri planetində Nizami Gəncəvi adına kraterin olduğu haqqındakı maraqlı məlumatı konfrans iştirakçılarının diqqətinə çatdırıb. Konfrans iştirakçıları Nizami Gəncəvinin şəxsiyyətinə ehtiram əlaməti olaraq öz çıxışlarında şairin poemalarından parçalar səsləndiriblər.

Tədbirin sonunda AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli 2021-ci ildə Nizami Gəncəviyə həsr olunmuş akademik nəşrləri Şamaxı Astrofizika Rəsədxanasının Kitabxanasına hədiyyə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə