21 mart - Beynəlxalq Meşələr Günüdür

21 mart - Beynəlxalq Meşələr Günüdür. BMT-nin saytı xəbər verir ki, qurumun Baş Assambleyası 2012-ci ildə martın 21-ni “Beynəlxalq Meşələr (meşə və ağaclar) günü” elan edib. Bu gün bütün meşə növlərinin ekoloji vacibliyi vurğulanır, onların qorunmasına və artırılmasına diqqət yönəldilir. Hər il bu gün ölkələrdə ağacəkmə aksiyaları, regional və beynəlxalq fəaliyyətlər, təşviqat və təbliğat işləri ilə yadda qalır.

Builki “Meşələr günü”nün mövzusu Meşə Əməkdaşlıq Tərəfdaşlığı tərəfindən “Meşələr və dayanıqlı şəhərlər” kimi müəyyən edilib.

Dünya üzrə meşə örtüyünün sahəsi 4 milyard hektardır. Bunun 809 milyon hektarı Rusiya Federasiyasının, 478 milyon hektarı Braziliyanın, 310 milyon hektarı Kanadanın və 303 milyon hektarı ABŞ-ın payına düşür. Son 200 ildə dünya üzrə meşə ərazilərinin sahəsi 2 dəfədən çox azalıb.

Hazırda dünyada 13 milyon hektara yaxın meşə sahəsi məhv olub.

XVIII-XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35 faizi meşə ilə örtülü olub. Hazırda ölkəmizdə meşələrin ümumi sahəsi 1021 min hektardır. Bu da respublika ərazisinin 11,8 faizini təşkil edir.

Ölkəmizin meşə ehtiyatının 49 faizi Böyük Qafqaz, 34 faizi Kiçik Qafqaz, 15 faizi Talış və 2 faizi Aran zonasının (Naxçıvan MR ilə birlikdə) payına düşür. Azərbaycanda adambaşına düşən meşə sahəsi 0,12 hektardır. Hazırda 261 min hektar meşə fondu sahəsi Ermənistan tərəfindən işğal edilib.

Ölkəmizdə hər il aidiyyəti qurumlar tərəfindən meşəbərpa tədbirləri həyata keçirilir, yeni meşə sahələri və yaşıllıqlar salınır, qiymətli ağac və kol cinslərinin qorunması və artırılması sahəsində işlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə