Qlobal Gənc Liderlər Forumu gənc liderləri sabiq və indiki dövlət başçıları ilə əlaqələndirən platformadır

Məlum olduğu kimi, avqustun 21-də Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Qlobal Gənc Liderlər Forumu işə başlayıb. Forumda dünyanın 50-yə yaxın aparıcı gənc lider və tədqiqatçısı iştirak edir. Həmçinin Şvarzman, Rodos, Fulbrayt, Marşal, Truman, Mitcel, Geyts kimi nüfuzlu proqramlar tədbirdə təmsil olunur. Harvard, Oksford, Kaliforniya, Monpelye, London İqtisadi və Siyasi Elmlər Məktəbi, Toronto, Tsinxua, Leypsiq, Corctaun, Corc Vaşinqton, Sarbon, Sapienza, Con Hopkins, Pekin, Prinston, Kornell, Yel, Stanford, Braun, Kolumbiya, Liverpul, Paris İqtisadiyyat Məktəbi, Çikaqo, Notr Dam, Miçiqan, Rotterdam, Barselona universitetləri kimi nüfuzlu ali təhsil ocaqlarının nümayəndələri, habelə, bir sıra gənc iş adamları da bu mühüm tədbirdə iştirak edirlər. Bundan başqa, foruma bəzi ölkələrin sabiq dövlət və hökumət başçıları, nüfuzlu ictimai xadimlər, habelə iri korporasiyaların rəhbərlərindən ibarət 20-yə yaxın ali səviyyəli qonaq da qatılıb.

Tədbir iştirakçıları "Mənə görə liderlik nədir?", "Liderliyi necə öyrənmək olar?", "Qadın və kişilər fərqli şəkildə liderlik edirlərmi?", "Mədəniyyətlər fərqli yol göstərir?" kimi suallar ətrafında fikir mübadiləsi aparılıb.

Söhbət etdiyimiz müsahiblərimiz Qlobal Gənc Liderlər Forumu gənc liderləri sabiq və indiki dövlət başçıları ilə əlaqələndirən, liderliyin bir çox meyarlarını tədqiq edən yeni platforma olduğunu bildirdilər.

Azərbaycan Demokratik Tələbə-Gənclər Təşkilatının sədri Asif Əsgərov:

- Son illər Azərbaycan dövlətinin, xüsusilə də, Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir ki, Azərbaycan təkcə idman sahəsində beynəlxalq tədbirlərin yox, gənclər siyasəti sahəsində də nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməyə başlayıb. Bu da Azərbaycanın həm regionda, həm də beynəlxalq aləmdə nüfuzunun artması ona olan etimad və inamla bağlıdır. Eyni zamanda, Azərbaycana olan dəstək və Azərbaycanın təcrübəsi ilə bölüşmək ənənəsinin artıq bir formalaşması ilə bağlıdır. Bu yaxınlarda, məhz Bakıda Qlobal Gənc Liderlər Forumunun keçirilməsi və bu foruma nüfuzlu keçmiş dövlət və hökumət başçılarının eləcə də, dünyanın nüfuzlu gənc liderlərin qatılması Azərbaycanın bir daha beynəlxalq aləmdə gənclər siyasəti, ümumiyyətlə, bu regional siyasət sahəsində nüfuzunun artması və imicinin yüksəlməsi ilə bağlıdır. Ümumiyyətlə, bütün bunlar Azərbaycanda uğurlu gənclər siyasətinin modelinin ortaya qoyulmasıdır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın uğurlu gənclər siyasətinin modelini bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətinin artıq bir ənənəyə çevrilməsi və bu ənənənin dünyanın müxtəlif ölkələri ilə paylaşmasına gətirib çıxarıb. Artıq bu gün Azərbaycanın gənclər siyasəti öyrənilmək və tətbiq olunmaq üçün bir necə ölkə tərəfindən diqqət mərkəzinə çevrilib. Bu, həm bizim yaxın çevrəmiz eləcə də digər ölkələr tərəfindən də bu addımlar atılmaqdadır. Bu addımlar bir daha Azərbaycanın nüfuzunun artmasına, Azərbaycana olan dəstəyin göstərilməsində, Azərbaycanın haqlı ədalətli mövqeyinin müxtəlif liderlər tərəfindən dəstəklənməsinə gətirib çıxaracaqdır.

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli:

- Azərbaycan son illər böyük forumlara ev sahibliyi edir. Bakıda Qlobal Gənc Liderlər Forumunun keçirilməsi Azərbaycanın dünyada nufuzlu və mədəniyyətlərarası dialoqda maraqlı ölkə olduğunu göstərir. Həm də bu cür beynəlxalq miqyaslı tədbirlərə ev sahibliyi etməklə ölkəmiz dünyanın problemlərinin həllində Azərbaycanın yeni baxış bucağı ortaya qoyduğunu və bu problemlərin birgə həllinə nail olmağa çalışdığını nümayiş etdirir. Bu gəclərin Azərbaycana gəlməsi və Azərbaycanı daha da yaxından tanımaları və təəssüratları əsasında beynəlxalq aləmdə ölkəmiz haqqında fikir yürütmələri baxımından, bu formun əhəmiyyəti böyükdür. Bu baxımdan, forumun Bakıda keçirilməsi yüksək qiymətə layiqdir.

Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyətinin sədri Rəşxan Qaraşlı:

- Bakıda Qlobal Gənc Liderlər Forumunun keçirilməsi ölkəmizə veerilən böyük önəmin və diqqətin nəticəsidir. Çünki bura ayrı-ayrı dövlətlərdən gələn gənclər öz ölkələrində nüfuzlu şəxsləri və keçmişdə siyasətçi olmuş insanların övladlarıdırlar. Bu gənclərin hər biri öz ölkələrində gənc liderdirlər. Azərbaycanı daha yaxından tanımaq imkanı əldə edirlər. Yəni gənclər ölkəmizi daha yaxından tanıyırlar və ölkəmizdə gedən inkişafı görürlər. Söz yox ki, son illər ölkəmizdə gedən geniş quruculuq və abadlıq işləri qonaqlarda böyük xoş təəssüratlar yaradır. Xüsusi olaraq da, azərbaycanlı gəclərlə tanış olurlar və bu da gələcəkdə əməkdaşlıq əlaqələrinin qurulmasında mühüm rol oynayacaq.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə