Mitinq və etiraz aksiyaları Ermənistanda səngimək bilmir

Ermənistanın hökumət binası qarşısında təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutyunyanın istefası tələbi ilə gənclərin mitinqi davam edir. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, istefa tələbi edən tələbələr nazirin dediklərinin yalan olduğunu bildiriblər.

Etirazçılar hökumət binasına simvolik bir kreslo da gətiriblər və istefasını tələb etdikləri nazirə oradan müraciət də ediblər.

“Gözlərini aç, gör ki, vəziyyətə sahib deyilsən. Araik Arutyunyan, səni kimin hakimiyyətə gətirdiyini və kimin səni hakimiyyətdən kənarlaşdıracağını unutmusan. Nazir kreslosundan imtina etməlisən. Kürsünə yapışmadığını dediyində də yalan danışmısan”, deyə aksiya iştirakçılarından biri bəyan edib.

Göründüyü kimi, mitinq və etiraz aksiyaları Ermənistanda səngimək bilmir və etirazçılar hansısa nazirin timsalında Ermənistan hakimiyyətindən narazılıqlarını gizlətmirlər. Hazırda təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutyunyanın istefası tələbi ilə İrəvanda aksiyalar keçirilir və tezliklə növbə digər nazirlərə və məmurlara da çatacağı təkzib edilə bilməz.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...