Avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan MDB-də birincidir İlham Əliyev

Avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan MDB-də birincidir.

SİA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev İlqar Abbasovu Şirvan şəhər, Mərdan Camalovu Zərdab, Əziz Əzizovu Bakının Suraxanı, Elşad Həsənovu Yasamal, Rafiq Quliyevi Xətai rayonlarının icra hakimiyyətlərinin başçıları vəzifələrinə təyin olunmaları ilə bağlı qəbul edərkən deyib.

Dövlət başçısı bildirib: "Son illərdə energetika, nəqliyyat sahələrində qarşımızda duran bütün vəzifələr icra edildi. Bu vəzifələri icra etmək üçün çox böyük səylər göstərilmişdir. Çox mürəkkəb geosiyasi vəziyyətdə həm Bakı-Tbilisi-Ceyhan, həm də Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri istismara verildi. TANAP kimi tarixi layihə artıq fəaliyyətdədir və Cənub Qaz Dəhlizinin icrasının yekunlaşmasına demək olar ki, bir il vaxt qalıbdır. İnşallah, biz bu layihəni də uğurla başa vuracağıq.

Azərbaycanda nəqliyyat infrastrukturu müasirləşir. Yenə də Davos Ümumdünya İqtisadi Forumunun son hesabatına qayıtmaq istəyirəm. Orada göstərilir ki, dəmir yollarının səmərəliliyinə görə Azərbaycan dünya miqyasında 12-ci yerdədir, hava nəqliyyatının səmərəliliyinə görə isə 11-ci yerdədir. Avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan dünya miqyasında 27-ci yerdədir və MDB-də birincidir. Yəni, eyni zamanda, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin fəaliyyəti də böyük dərəcədə bizim uğurlu siyasətimizdən asılı idi və bu layihələrə artıq start verildi. Azərbaycan uzunmüddətli formatda bu layihələrdən həm böyük siyasi, həm də iqtisadi dividendlər götürəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...