Küyçülüyün rəmzi – Əli Kərimli TƏRS BAXIŞ

İstəyir lap şalvarını başına çevirib, var gücü ilə inləsin...

Dünyanın hansı ölkəsindəsə hər hansı bir siyasi-ictimai olay, iğtişaş, qiyam baş verirsə, həmin olaya dərhal bloqerliyi vasitəsi ilə ilk münasibət göstərənin nəyə görə məhz AXCP sədri Əli Kərimli olması sualı yəqin ki, bir çoxlarını düşündürür. Lakin sağlam düşüncəli ictimai rəyin bu kimi fikirlərə dalıb, özünə əziyyət verməyə də heç bir ehtiyac-filan yoxdur əslində. Çünki Əli Kərimlinin sifətində daha bir reallıq rəmzi damğa kimi yapışıb-qalıb – bu rəmzin, yaxud, damğanın adı küyçülükdür. Hətta Afrikanın ən ucqar qəbilələrində baş verən hadisələri belə Azərbaycan dövlətinə aid etməyə cəhd göstərən Ə.Kərimlinin bu kimi küyçülüklərinə artıq azsaylı tərəfdarları da necə deyərlər alışıblar. Uzaq Konqoda, Tanzaniyada, Cunqli meşələrində biri-digərinə nizə atıb, yamyamlıq edirsə, Ə.Kərimli həmin andaca ya “Facebook”da klaviatura arxasına keçməklə, ya da özükimilərin canlı yayımlarına çıxmaqla başlayır, nə başlayır..!

Çığır-bağır salmaqla o özünü daha gülünc vəziyyətə salır

Elə ərəb ölkələrində, Latın Amerikası dövlətlərində cərəyan edən hadisələr fonunda da biz eyni halların şahidləri olduq. Bu “adam” hələ də qanmır, dərk eləmir ki, bu gün “haydı yüz minlər meydana” çığır-bağırı salmaqla o özünü daha gülünc vəziyyətə salır. Gülünc vəziyyətə ona görə düşür ki, ətrafındakı xalq deyil, kütlədir – başıpozuq, özü kimi küyçü, haray-şivənçi boz, beş-on nəfərlik kütlə! Nə onun özünün, nə də kütlənin marağında deyil ki, bu gün onlar itaətsizlik çağırışlarında yer alırlarsa, həmin yeralma onları daha dərin uçuruma doğru yuvarladır, siyasi ölüm proseslərini sürətləndirir.

AXCP sədri hələ də anlamaq istəmir ki, xalq ondan imtina edir, onu rədd edir və ümumiyyətlə, qəbul etmir?

Biz, elə də uzağa getməyərək, cəbhəçi sədrin istər Xocalı soyqırımının ildönümü günündə istərsə də 20 Yanvar - Ümumxalq Hüzn Günündə törətməyə cəhd göstərdiyi təxribatları yada sala bilərik. Ümumiyyətlə, öz siyasi ambisiyalarının girovuna çevrilən və özünü “ana müxalifətin lideri” kimi təqdim edən Kərimli küyədüşmə addımları ilə sübut edir ki, onun məqsədi nəyin bahasına olursa-olsun ölkədə qarşıdurma yaratmaq və bunun müqabilində əlini bəlli havadarlarının ciblərinə salmaqdır. Məgər bunu onun özü sosial şəbəkədəki çıxışlarında etiraf etmədimi? Etiraf etmədimi ki, Qərbin “oturun-durun” əmrinə müntəzir dayanıb?

Beləliklə, müxalifətin “başbiləni” Ə.Kərimli yenə də küyə düşərək, icazəsiz aksiyalar keçirmək həvəsinə düşüb. Halbuki siyasi mübarizə metodunu ancaq anti-Azərbaycan xarakterli fəaliyyətdə görən, aldığı sifarişlər əsasında oynamağı xoşlayan AXCP sədri hələ də anlamaq istəmir ki, xalq ondan imtina edir, onu rədd edir və ümumiyyətlə, qəbul etmir? Bilir, sadəcə köhnə şakəri, xəstəliyi, adətkərdə olması funksiyası öz işini görür.

“Zakaza” işləyir – “gecə kəpənəkləri” kimi

Azərbaycanda sosial islahatlar paketi davamlı xarakter alıbsa, bu Ə.Kərimlinin gecələr yatmasına imkan vermir, yeni kadr islahatlarına start verilibsə, bu da onun qarınğarısına çevrilib! Ümumiyyətlə, sabitlik, inkişaf, tərəqqi, xalqın rifah halının yaxşılaşdırılması və s. bu kimi çoxsaylı addımlar onun nəfəsini kəsir. Çünki digər bir sual yaranır ki, axı Ə.Kərimli nəyə görə indi də uzaq Latın Amerikasında baş verən hər hansı bir olayı əlində “bayraq” kimi tutmaqla növbəti itaətsizlik aksiyalarına çağırışlar edir? Çox şübhəsiz ki, onun yenidən mitinq həvəsinə düşməsinin səbəbi Qərbin ermənipərəst dairələrdən aldığı yeni sifarişlərdir. Necə deyərlər, Amsterdamın qırmızı fənərlər küçəsində gecə kəpənəkləri kimi “zakaza” işləyir. Fəqət nə qədər işləsə belə, onun küyçülüyü, avantüraçılığı özünə və ətrafındakı bir qrup qaragüruhçu dəstəsinə qalacaq. İstəyir lap şalvarını başına çevirib, var gücü ilə inləsin, yenə də xeyri yoxdur və olmayacaq da, xalq bu küyçünü rədd edir!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə