Aqrar sektorun inkişafına dövlət dəstəyi siyasəti davamlı xarakter alıb

Prezident İlham Əliyev: "Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, aqrar sahənin inkişafı gündəlikdə duran əsas məsələlərdən biridir"

Etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Bu baxımdan, Azərbaycan dövləti əhalisinin ərzaqla etibarlı təminatına dair çoxyönlü tədbirlər həyata keçirir və ərzaq təhlükəsizliyinin birbaşa asılı olduğu aqrar sahənin inkişafına yönələn irimiqyaslı dövlət proqramları həyata keçirir. Hazırda ölkədə əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir.Bu günlərdə Prezident İlham Əliyevin "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında" imzaladığı Fərman bir daha dövlətin aqrar sektorun inkişafına növbəti dəstəyinin təzahürüdür. Bu Fərmanla təsdiq edilmiş "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası"na əsasən, bitkiçilik sahəsində subsidiyaların hesablanmasında istifadə olunan baza məbləği 200 manat müəyyən edilir. Bununla da, Kənd Təsərrüfatı Nazirliyinə tapşırılır ki, "Subsidiya" informasiya sisteminin yaradılmasını və bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq subsidiyaların 2020-ci il yanvarın 1-dən etibarən verilməsini təmin etsin.

Bu Fərman aqrar sahənin inkişafına hansı tövsiyələri verəcək?

İqtisadçı-alim Vüqar Bayramov "SƏS" qəzetinə verdiyi açıqlamasında bildirib ki, subsidiyaların verilməsi ilə bağlı imzalanan Fərman, aqrar sektorun inkişafı baxımından, yeni bir mərhələ kimi qiymətləndirilməlidir: "Sənəd, subsidiya mexanizmlərinin təkmilləşdirməklə yanaşı, fermerlərin subsidiyalara əlçatanlılığının təmin edilməsinə də xidmət edir. Sənədə əsasən, subsidiya informasiya sistemi formalaşdırılacaq. Əvvəlki qaydalarda fermerlər il ərzində, yerli və mərkəzi icra hakimiyyət orqanlarına müraciət edirdilər ki, bu da uzun proses idi. Yeni mexanizm, birmənalı şəkildə imkan verəcək ki, fermerlər elektron qaydada subsidiyaların alınması ilə bağlı müraciət etsinlər. Müraciətlərə baxışlar elektron qaydada həyata keçiriləcək ki, bu da, qısa müddət ərzində, onların işini həllinə qovuşduracaq. Subsidiyaların verilməsi ilə bağlı agentlik tərəfindən qərar qəbul edildikdən sonra növbəti ildə fermerin müraciətində dəyişiklik olarsa, onun yenidən müraciət etməsinə ehtiyac olmayacaq. Çünki məlumatlar elektronlaşacaq. Digər vacib məqamlardan biri aqrar sektorda istehsalın regionlar və məhsullar üzrə təşviqinə nail olunmaqdan ibarətdir. Fərmana əsasən, əkin və məhsul əmsalları müəyyənləşdirilərək tətbiq ediləcək və baza qiymətinə vurularaq əkinçilik və eləcə də, məhsul istehsalına əsasən, subsidiyanın məbləği müəyyən ediləcək".V.Bayramov, onu da vurğulayıb ki, əvvəllər bəzi məhsullar üzrə daha çox məhsul istehsal olunurdu ki, onun satılmasında problemlər yaranırdı. Belə halda, adətən, qiymətlər kəskin şəkildə aşağı düşürdü ki, bu da, fermerlərin gəlirliyinə mənfi təsir göstərirdi: "Az istehsal olunan məhsulların isə qiyməti yüksək olurdu. Yeni qaydalar bu disbalansın aradan qaldırılmasına imkan yaradacaq. Həmçinin, monitorinq mexanizmləri subsidiyaların verilməsində şəffaflığın artırılmasına xidmət edəcək. Yeni mexanizmdə məlumatlar uzlaşdırılacaq və prosesdə şəffaflığı təmin edəcək. Fərman həm də fermerlərin kooperasiyalar formasında fəaliyyətini də təşviq edəcək. Məsələn, 50 hektardan artıq torpağa sahib olan fermer, 10 faiz daha artıq subsidiya alacaq. Həmçinin, sənəd, fermerlərin aqrar məqsədlə aldığı kreditin ödənilməsinə imkan yaradır. Əgər fermerin aqrar krediti varsa, razılaşmaya əsasən, subsidiyanın kreditin ödənilməsinə yönəldilməsi mümkündür. Fərmanda subsidiya mexanizmi aydın şəkildə müəyyən olunduğu üçün fermer, alacağı subsidiya məbləğini özü əvvəldən hesablaya biləcək".

.Son 16 ildə Azərbaycanda aqrar sahədə uğurlu nailiyyətlər

"Bu illər ərzində görülən işləri sadalamaq istəsək, o zaman bunun üçün bizə 15 gün belə az olar. Çünki bu illər ərzində, milli iqtisadiyyatın bazar prinsipləri əsasında qurulması istiqamətində məqsədyönlü siyasət həyata keçirilib, regionların və ayrı-ayrı iqtisadi və sosial sahələrin inkişafına dair dövlət proqramları uğurla icra olunub, ölkə əhalisinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşıb". Bu fikirləri "SƏS" qəzetinə açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov deyib. O bildirib ki, dövlət başçısı İlham Əliyev prezidentliyinin ilk ilindən başlayaraq, ölkə iqtisadiyyatının şaxələndirilməsi hesabına neftdən asılılığı azaltmaq üçün qeyri-neft sektorunun və onun əsas sahələrindən olan aqrar sektorun inkişafını təmin etməyi əsas vəzifə kimi müəyyən edib: "Məhz Prezidentin 2004-cü il 11 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" bu problemin həllində əsaslı dönüş yaradıb. Belə ki, regionların sosial-iqtisadi inkişafına dair ilk dəfə qəbul edilmiş bu Dövlət Proqramı çox uğurla həyata keçirilmiş, ölkə ərazisində sosial-iqtisadi inkişafın təmin edilməsi üçün, ilk növbədə, daha çox ehtiyac duyulan infrastruktur və emal sənaye obyektlərinin yaradılması, habelə, digər sahələrin inkişafını təmin edən tədbirlər icra edilib.E.İbrahimov vurğulayıb ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkə iqtisadiyyatının neftdən asılılığını azaltmaq üçün qeyri-neft sektorunun və onun əsas sahələrindən biri olan aqrar sektorun inkişafı prioritet istiqamət kimi önə çəkilib: "Təkcə aqrar sahədə çalışan sahibkarlara Azərbaycan Prezidenti tərəfindən tətbiq edilən vergi güzəştləri 2 milyard manatdan çox vəsaitin sahibkarlarda qalmasına şərait yaradıb: "Bu da, təbii ki, kənd təsərrüfatının inkişafı üçün mühüm addımdır. Bundan əlavə, Milli Fonddan təkcə aqrar sahibkarlığa 1 milyard manatdan çox vəsait ayrılıb. Bu, əlbəttə, kənd təsərrüfatı sahələrinin genişlənməsinə xidmət edir".Komitə sədri söyləyib ki, son 16 ildə kənd yollarının tikintisi, rayonlarda aqrar sahə ilə bağlı tikilən müəssisələr və digərləri aqrar sahənin inkişafına xidmət edir: "Bu gün abadlaşan bölgələrimiz, dünyanın ən gözəl şəhərlərindən birinə çevrilən Bakı, tikilən 3 mindən artıq məktəb, 600-dən çox xəstəxana, 50-dən çox Olimpiya Mərkəzi, çəkilmiş 11 min kilometrdən çox yol, 250 mindən çox köçkün üçün salınmış 100-ə yaxın təzə qəsəbə, yeni yaradılmış enerji infrastrukturu, dinamik inkişaf edən və şaxələndirilən iqtisadiyyat - bütün bunların təməlində neftdən əldə edilən gəlirlərdən səmərəli istifadə etməyə yönəlmiş sistemli islahatlarla daim təkmilləşən iqtisadiyyatın Azərbaycan modeli dayanır. Bu modelin bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və İlham Əliyev tərəfindən müasir tələblərə uyğun modernləşdirilərək inkişaf etdirilib".

16 ildə kənd təsərrüfatı məhsullarının ixracı 6 dəfə artıb

Son illər Azərbaycanda qeyri-neft sektoruna göstərilən yüksək diqqətin nəticəsi kimi, iqtisadiyyatın aparıcı sahələrindən olan aqrar sahə keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu sahədə ciddi addımların atılması ölkə iqtisadiyyatının neftdən asılılığının tədricən aradan qaldırılması, sosial dayanıqlılığının, ərzaq təhlükəsizliyinin etibarlılığının artırılması, iqtisadiyyatın şaxələndirilməsi yüksək ixrac potensiallı qeyri-neft sektorunun inkişaf etdirilməsi baxımından, mühüm əhəmiyyət kəsb edir.Bütün bunlar özünü pambıqçılığın, tütünçülüyün, fındıqçılığın və baramaçılığın inkişafında da göstərir. İxracatda da həmin ənənəvi sahələrin çəkisi ildən-ilə artır, əhalinin məşğulluq səviyyəsi yüksəlir. Kənd təsərrüfatının inkişafında tütünçülük, baramaçılıq, fındıqçılıq, üzümçülük və pambıqçılıq kimi sahələr xüsusi yer tutur. Bu sahələrin inkişafına xüsusi diqqət yetirən dövlətimizin başçısı dəfələrlə vurğulayıb ki, bütün bunlar Azərbaycan üçün ənənəvi kənd təsərrüfatı məhsullarıdır. Həmin sahələrin inkişaf etdirilməsi ölkəmiz üçün əhəmiyyətli sosial amildir.Azərbaycan Prezidenti İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfransdakı nitqində bildirib ki, bundan sonra da kənd təsərrüfatında islahatlar dərinləşməli, bu sahə elmi əsaslarla inkişaf etməlidir: "Müasir texnologiyalar, yanaşmalar tətbiq olunmalıdır. Biz ərzaq təhlükəsizliyi ilə bağlı bundan sonra da mütləq ciddi iş aparmalıyıq, bu, prioritet məsələdir. Məhsuldarlığın artırılması istiqamətində işlər görülür. Hesab edirəm ki, bu, yaxın gələcəkdə özünü göstərəcək. Biz kənd təsərrüfatı məhsullarının ixracını artırmalıyıq. Düzdür, son 15 il ərzində, kənd təsərrüfatı məhsullarının ixracı təxminən 6 dəfə artıb. Ancaq potensial da böyükdür və biz yeni bazarlara çıxmalıyıq. Ticarət evləri açılır, ixrac missiyaları göndərilir, dövlət tərəfindən sahibkarlara çox böyük dəstək verilir ki, onlar öz məhsullarını xaricdə sata bilsinlər. Əlbəttə ki, aqroparkların da çox böyük əhəmiyyəti var. Artıq 250 min hektarda 51 aqropark yerləşib". Hazırda ölkəmiz bir çox strateji ərzaq məhsulları üzrə tələbatını yerli istehsal hesabına ödəyir. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Bu baxımdan, dövlət başçısının respublikada əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı məqsədilə vaxtaşırı verdiyi tapşırıqlar, tövsiyələr, imzaladığı fərman və sərəncamlar, dövlət proqramları növbəti illərdə də Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsində müstəsna əhəmiyyət kəsb edəcək və qarşıya qoyulmuş vəzifələr uğurla icra olunacaqdır.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...