İslami dəyərlər milli-mənəvi dəyərlərimizin ayrılmaz hissəsidir

Bu gün Azərbaycan dünya ölkələri üçün dini tolerantlıq nümunəsinə çevrilib. Dünyada çoxmədəniyyətli ölkə imici qazanmış Azərbaycanda müxtəlif xalqlar arasında ənənəvi dostluq və qardaşlıq münasibətləri və tolerantlıq hökm sürür. Ölkəmizdə yaşayan müxtəlif xalqlara milli-mənəvi dəyərlərini, dini etiqadını, adət-ənənələrini qoruyub-saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək üçün demokratik şəraitin təmin edilməsi Azərbaycanı dünya ölkələri üçün tolerantlıq örnəyinə çevirib. Ölkəmizdə bütün dini konfensiyaların nümayəndələrinə etiqad azadlığının təmin edilməsi üçün zəruri şərait yaradılıb. Azərbaycanda rus pravoslav, katolik kilsələri var, hər biri də hər bir dövlətin diqqət və qayğsı ilə əhatə olunub. Bir sıra dövlətlər, məhz bizim təcrübəmizdən yararlanmağa çalışırlar. Ölkəmiz dünyanın inkişaf edən və bəşəri dəyərlərə sayğı göstərən ölkə kimi tanınıb.Bütün dinlərə hörmətlə yanaşan Azərbaycanın islami dəyərlərə də olan münasibəti əməli fəaliyyətdə aydın görünür. Müxtəlif dinlərin məbədlərinə qayğı və diqqət, o cümlədən, dini ocaqlara - məscidlərimizə olan münasibət Azərbaycanda din-dövlət münasibətlərinin və vətəndaş həmrəyliyinin yüksək səviyyəsini nümayiş etdirir. Bəli, bu gün Azərbaycan dünyəvi, müasir dövlət olmaqla yanaşı, milli dəyərlərə və adət-ənələrinə böyük hörmətlə yanaşan bir ölkədir. Ölkəmizdə din-dövlət münasibətləri formalaşıb. Mayın 23-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin müqəddəs Ramazan ayı münasibətilə iqamətgahında təşkil olunan iftar süfrəsində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev, artıq ənənə halı alan iftar mərasimlərinin dövlət-din münasibətlərinin bariz nümunəsinə çevrildiyini bildirib. "Biz müasir dövlət qurmuşuq. O dövlət ki, dərin milli-mənəvi təməl üzərində qurulub" deyən Prezident İlham Əliyev islam dəyərlərini milli-mənəvi dəyərlərimizin ayrılmaz hissəsi kimi xarakterizə edib, Azərbaycanın islamı olduğu kimi - sülh, mərhəmət dini kimi dünyaya çatdırdığını və bu fəaliyyətin, bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb.

"AZƏRBAYCAN ÖZ MÜSBƏT TƏCRÜBƏSİNİ BAŞQA ÖLKƏLƏRLƏ BÖLÜŞƏRƏK ÜMUMBƏŞƏRİ DƏYƏRLƏRƏ QİYMƏTLİ TÖHFƏSİNİ VERİR VƏ VERƏCƏKDİR"

Dövlətimizin başçısı müsəlman ölkələri ilə dostluq və qardaşlıq əlaqələrinə malik Azərbaycanın bütün müsəlman ölkələri ilə sıx əlaqələr qurduğunu və beynəlxalq müstəvidə bir-birini daim dəstəklədiyini diqqətə çatdıraraq, Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü kimi islam həmrəyliyinin möhkəmlənməsinə öz dəyərli töhfəsini verdiyini qeyd edib. Azərbaycan həm də bu gün beynəlxalq aləmdə dinlərarası dialoqun möhkəmləndirilməsi üçün öz dəyərli töhfəsini verir.Təsadüfi deyil ki, məhz Azərbaycan dünyanın multikulturalizm mərkəzlərindən birinə çevrilib. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, dialoqlar, mədəniyyətlərarası dialoq, humanitar forum, dünya dinlərinin liderlərinin zirvə görüşləri - bütün bunlar bu gün Azərbaycan reallıqlarıdır. Cənab Prezident çıxışlarının birində vurğulayıb: "Biz çalışırıq bu tədbirlərin keçirilməsi ilə ümumi işimizə töhfəmizi verək ki, dünyada da dini, milli zəmində heç vaxt anlaşılmazlıq və qarşıdurma olmasın. Əfsuslar olsun ki, biz bir çox hallarda bunun əksini görürük. Yaxın Şərqdə, Avropada, digər yerlərdə dini amil əsasında müharibələr, davalar və qanlı toqquşmalar baş verir. Bu, əlbəttə ki, bizi çox narahat edir. Yenə də deyirəm, ümid edirəm ki, Azərbaycan öz müsbət təcrübəsini başqa ölkələrlə bölüşərək, ümumbəşəri dəyərlərə qiymətli töhfəsini verir və verəcəkdir".

AZƏRBAYCAN İSLAM DÜNYASININ BİR PARÇASIDIR VƏ ÖZ TARİXİ KEÇMİŞİNƏ SADİQDİR

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident İlham Əliyev, bir daha vurğulayıb ki, Dağlıq Qarabağ bizim tarixi torpağımızdır və ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. "Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq" deyən dövlət başçısı Cocuq Mərcanlı kəndinin və orada Şuşa məscidinin bənzərinin inşa olunmasının xalqımızın əyilməz ruhunu təcəssüm etdirdiyini bildirib. Qeyd edək ki, dövlət başçısının tapşırığına əsasən, Cocuq Mərcanlı kəndində Şuşa məscidinin bənzəri olan məscid tikilib. Bu, bir daha dünyaya bəyan edir ki, Azərbaycan islam dünyasının bir parçasıdır və öz tarixi keçmişinə sadiqdir. Cocuq Mərcanlıda Şuşa məscidinin bənzərinin inşası həm də, o deməkdir ki, gün gələcək Şuşadakı məscid də bərpa ediləcək. Azərbaycan və Şərq memarlığının nadir incilərindən sayılan tarixi Şuşa məscidinin bənzəri olan bu dini ibadətgahda dindarlar üçün hər cür şərait yaradılıb. Bütün bunlar göstərir ki, Prezident İlham Əliyev ölkədə milli-mənəvi dəyərlərin qorunub-saxlanmasında müstəsna xidmətlər göstərir. Dövlətimizin başçısı islam dininin xalqımızın həyatındakı rolunu, onun milli kimliyimizin formalaşmasındakı əhəmiyyətini nəzərə alaraq, ölkədəki dini ibadətgahların qorunmasında, onların gələcək nəsillərə çatdırılmasında əsl fədakarlıq nümayiş etdirir. Son illərdə Azərbaycanda yeni məscidlərin tikilməsi və və ya təmir edilməsi, milli-mənəvi dəyərlərimzə olan diqqətdir. Xalqımız üçün çox böyük dəyər kəsb edən Bibiheybət, Təzəpir, Əjdərbəy, 743-cü ildə tikilmiş Şamaxı məscidi və başqaları insanların ixtiyarındadır. Dövlət başçısı qeyd edib ki, Azərbaycanda tarixi, dini abidələr qorunur və son illərdə, yüzlərlə məscid tikilib və təmir edilib. Ölkəmizdə dinlərarası münasibətlər də ən yüksək səviyyədə tənzimlənir. Bütün dünya bu reallıqları bilir və qəbul edir.Təbii ki, görülən bu işlərdə əsas məqsəd vətəndaşların rahat ibadət etmələrini təmin etməkdir. Şübhəsiz, dinə bu cür qayğının təməlində milli-mənəvi dəyərlərimizin qorunması, qloballaşan dünyada milli özünəməxsusluğun itirilməsinin qarşısının alınması, azərbaycançılıq məfkurəsinin təbliği və gəncləri milli ruhda yetişdirmək istəyi durur.Bəli, qətiyyətlə deyə bilərik ki, müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin və etnik azlıqların harmoniya halında yaşadığı Azərbaycan uğurlu bir inkişaf yolundadır. Azərbaycan istər ölkə səviyyəsində, istərsə də beynəlxalq səviyyədə dinlərarası və çoxmədəniyyətli harmoniyanın inkişafına təkan verir və bu nailiyyətin davamlı olması üçün tədbirlər həyata keçirir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə