"YAP Mədəniyyət Nazirliyi ilə birlikdə tədbirlər həyata keçirəcək" Əli Əhmədov

Bu gün Yeni Azərbaycan Partiyası ilə Mədəniyyət Nazirliyi arasında Azərbaycan dövlətçilik ənənələrinin yaşadılması məqsədilə vətənpərvərlik və mədəni dəyərlərə hörmət hisslərinin gücləndirilməsinə dair 2019-2020-ci illər üzrə birgə fəaliyyət planına dair kommunike imzalanıb. SİA-nın verdiyi məlumata görə, Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini – İcra katibi Əli Əhmədov deyib ki, Partiya təkcə siyasi sahədə deyil, eyni zamanda mədəni sahədə də aktiv fəaliyyət göstərir.

Bu gün YAP-ın 740 min nəfər üzvü olduğunu deyən Ə.Əhmədov bildirib ki, partiyada xeyli sayda Azərbaycanın tanınmış mədəniyyət işçiləri təmsil olunur: "YAP bütövlükdə cəmiyyətin bütün təbəqələri arasında nüfuz qazanan bir təşkilatdır”.

İcra katibi vurğulayıb ki, YAP Mədəniyyət Nazirliyi ilə birlikdə tədbirlər həyata keçirəcək. Bununla bağlı Mədəniyyət naziri Əbülfəs Qarayevlə danışıqlar aparılıb: “Tədbirlərin bir hissəsi “Nəsimi ilİ” ilə bağlıdır. YAP-ın üzvü olan gənc müğənnilərin konsertləri nəzərdə tutulur. Həmçinin nazirliklə birgə teatr və muzeylərdə görüşlərin keçirilməsi nəzərdə tutulur”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə