"Aldığımız maliyyə ilə problemlərimizi həll edəcəyik" - VƏRƏSƏLƏR DANIŞIR

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyevin 2018-ci il 19 aprel tarixli fərmanına uyğun olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11.000 manat birdəfəlik ödəmənin verilməsi prosesi davam etməkdədir. Siyahıya əsasən vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ olan şəhid hərbi qulluqçuların sayı 9531 nəfərdir. 2018-ci il üçün 58 milyon manat; 2019-cu il üçün isə 50 milyon manat maliyyə vəsaiti ayrılıb. 07.12.2018-ci il tarixində 750 şəhidin 1035 vərəsəsinə birdəfəlik ödəmə verilməsi barədə Komissiya tərəfindən qərar qəbul edilib. Onlardan 350-dək vərəsənin bank hesabına vəsait köçürülüb. Eyni zamanda, məhkəmə qərarı əsasında 473 şəhidin 474 vərəsəsinə ödəniş edilib. SİA vərəsəlik hüququna malik olan şəhid hərbi qulluqçuların ailə üzvlərinin fikirlərini öyrənib.

Qaradağ rayonundan şəhid olmuş hərbi qulluqçu Abbasov Aprel Müzəffər oğlunun anası Abbasova Qələmnaz bildirib ki, Azərbaycan Prezidenti tərəfindən verilən sərəncam onlar üçün gözlənilməz olub: “Övladlarımızın razılığı ilə vərəsəlik hüququ mənə verilib. Artıq maliyyəni də almışam. Düzdür, müəyyən problemlərimiz var. Amma verilən maliyyəni xərcləməyə əlim gəlmir. Aldığım pulu nəyə xərcləyəcəyimə qərar verməmişəm. Amma istənilən halda, bu diqqətə görə ölkə rəhbərliyinə təşəkkür edirəm. Əminəm ki, bu pul bir çoxları üçün gözlənilməz olub və hər kəsə aldıqları maliyyəni xeyrli işlərə xərcləməyi arzu edirəm”.

Zərdab rayonundan şəhid olmuş hərbi qulluqçu Soltanov Müqtədir Soltan oğlunun atası Soltanov Soltan ailə üzvlərinin razılığı əsasında vərəsəlik hüququ irəli sürdüyü dilə gətirib: “3 övladım var. Lakin yaşımla əlaqədar olaraq səhhətimdə yaranan problemlərin həli üçün maliyyəyə ehtiyac olduğundan övladlarım tək mənim vərəsəlik hüququna malik olmağımı istədilər. Artıq pulumu almışam və sağlamlığımla əlaqədar müalicə işlərinə başlamışam. Şəhid ailəsi olaraq dövlətin, xüsusilə də Prezidentin və Onun xanımının bizə göstərdiyi diqqətin şahidiyəm. Ölkəmiz müharibə şəraitində olan bir ölkədir və bizə göstərilən diqqət əlbəttə ki, səngərdə olan hərbçilərimizi ruhlandırır. Çünki, onlar bilir ki, Azərbaycan dövləti şəhidlərini, hərbi qulluqçularını yüksək qiymətləndirir”.

Nizami rayonundan şəhid olmuş hərbi qulluqçu Abbasov Vidadi Muxtar oğlunun həyat yoldaşı Abbasova Zeynəb söyləyib ki, aldığı maliyyə vəsaiti bir sıra problemlərinin həllində onlar üçün xeyli kömək olub: “Hər kəsin çalışaraq pul qazandığı bir dövrdə dövlət tərəfindən əlavə maliyyə vəsaitinin verilməsi, düşünürəm ki, yüzlərlə ailəyə sevinc gətirib. Düzdür biz bu pulu xoş hadisəyə görə almırıq. Şəhid adı nə qədər uca olsa da, ailə üzvləri üçün çox ağrılıdır. Bizi ümidlərindən əsas məsələ dövlətimizin şəhidlərimizə və onların ailələrinə göstərdiyi diqqət və qayğıdır. Bu qayğının bir hissəsi olaraq bizim ailə həm də mənzillə təmin olunub. Buna görə minnətdarıq. İki övladım və 6 nəvəm var. Aldığım pulun əksər hissəsini özümün və nəvəmin səhhətindəki problemlərin həllinə xərcləyirəm. Təbii ki, buradan digər nəvələrin də payını ayırmışam”.

Qaradağ rayonundan şəhid olmuş hərbi qulluqçu Xələfov Faiq Səyidbaba oğlunun oğlu Xələfov Royal şəhid oğlu olduğu üçün fəxr etdiyini dilə gətirib: “Bizə maliyyə yardımının ayrılacağını neçə ildir ki, gözləyirdik. Ölkə başçısı tərəfindən belə bir qərarın verilməsi, düşünürəm ki, bütün vərəsələrin ürəyindən oldu. Hər kəsin özünə görə, müəyyən sosial problemləri var və onların həllində əlavə maliyyənin ayrılması ailədə yalnız sevinc hissi qarşılana bilər. Anam II qrup əlildir. Təbii ki, aldığımız maliyyədən onun səhhətinə də ayrılacaq. Ailəmizlə birgə hər zaman vətəndaşlarımızın sosial vəziyyətini düşünən Dövlət başçısına bu addımına görə dərin minnətdarlığımızı bildiririk. Ölkə başçısı bununla şəhid ailələrinin qayğı və problemi ilə yaxından maraqlandığını bir daha göstərmiş oldu”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə