Tovuzda YAP-ın yaranmasının 26 illiyi qeyd edilib

Bu gün Tovuz rayonunun Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaranmasının 26-cı ildönümü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları, ilk öncə, rayonun mərkəzində ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsi önünə güllər düzüb, hörmət və ehtiramlarını bildiriblər.

Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Tovuz rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov çıxış edərək bildirib ki, YAP-ın yaranması müasir tariximizin ən mühüm ictimai-siyasi hadisələrindən biridir: "YAP tarixi zərurətdən yaranaraq, qısa zaman kəsiyində, ümumxalq partiyaya çevrildi. Yarandığı dövrdən bu günə qədər Yeni Azərbaycan Partiyası yalnız Azərbaycanın inkişafı naminə çalışdı".

O, tarixə nəzər salaraq 1990-cı ilin əvvəllərində Azərbaycanın dərin böhran vəziyyətində olduğunu, bu böhrandan xalqı və dövləti Ulu Öndər Heydər Əliyevin çıxardığını, xalqın ziyalılarının müraciəti ilə 1992-ci il 21 noyabr tarixində Azərbaycanın taleyində çox mühüm rol oynayan Yeni Azərbaycan Partiyasının yarandığını vurğulayıb.

Tədbirdə YAP Tovuz rayon təşkilatının sədri Məzahir Bayramov partiyamızın tarixi və onun keçdiyi şərəfli yol barədə danışaraq bildirib ki, xalqın Ümummilli Liderə olan inamı tez bir zamanda siyasi səhnədə parlayan Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan verdi.

Rayon təşkilatının sədri YAP üzvlərinin ölkənin ictimai-siyasi proseslərində fəal iştirak etdiyini qeyd edərək, Ümummilli Liderin əsasının qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, bu siyasətin nəticəsində hazırda ölkəmizin güclü dövlətə çevrildiyini qeyd edib.

Tədbirdə Tovuz rayon gənclər və idman idarəsinin baş məsləhətçisi İdrak Tağıyev, Heydər Əliyev Mərkəzinin elmi işçisi Nərgiz Sabirli çıxış edərək, Yeni Azərbaycan Partiyasının cəmiyyətimizdəki mövqeyi, onun yerli strukturlarının fəaliyyəti haqqında fikirlərini bildiriblər.

Sonda bir qrup partiya veteranlarına və fəallarına qiymətli hədiyyələr verilib, partiya sıralarına yeni qəbul olunan bir qrup gənclərə üzvlük vəsiqələri təqdim olunub.

R.KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə