"ABŞ-ın münaqişənin həlli ilə bağlı mövqeyi reallıqları əks etdirir" AÇIQLAMA-ÖZƏL

“ABŞ-ın son dövrlər Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səsləndirilən fikirlər vaxtilə ATƏT-in Mİnsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik tərəfindən səsləndirilmişdi. Zamanında o da bildirmişdi ki, işğal olunmuş ərazilər Azərbaycana qaytarılmalıdır”. Bunu SİA-ya politoloq İlqar Vəlizadə ABŞ-ın münaqişənin həlli istiqamətində müsbət mövqe sərgiləməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, son dövrlərdə ABŞ diplomatlarının problemin həlli ilə bağlı müsbət mövqe nümayiş etdirməsi danışıqlar prosesində reallıqları əks etdirən çağırışlar olsa da, Ermənistan cəmiyyəti belə fikirlərin ictimaiyyətə çatdırılmasını istəmir.

Bu günlərdə ABŞ-ın Ermənistandakı keçmiş səfəri Riçard Millsin “sülh naminə torpaq” açıqlamasına toxunan politoloq qeyd edib ki, Ermənistan rəhbərliyi bu məsələnin cəmiyyətdə qabardılmasının qarşısını almağa çalışır: “İctimaiyyətə yalan informasiyalar yaymağa üstünlük verirlər. Lakin bütün bunlara baxmayaraq, ABŞ-ın həmsədrləri, rəsmi nümayəndələri öz ölkəsinin, eləcə də Minsk qrupu ölkələrinin mövqelərini ortaya qoyaraq, danışıqlar prosesinin pridmetini açıqlayırlar”.

İ. Vəlizadə təəssüflə qeyd edib ki, nədənsə Minsk qrupunun digər ölkələri problemin həlli istiqamətində bu mövqeyi açıq şəkildə ortaya qoymurlar: “Biz indiyədək nə Fransa, nə də Rusiya nümayəndələri tərəfindən bu cür açıqlamaları eşitməmişik”.

Oktyabrın 24-də ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Azərbaycana səfərinə toxunan politoloq vurğulayıb ki, səfər zamanı müşavir ilk olaraq öz ölkəsinin maraqlarını, ABŞ-ın regionda maraqlandırdığı məsələləri ortaya qoyacaq: “Bolton bildiyiniz kimi səfər zamanı Qafqazın 3 ölkəsində olacaq ki, onlar arasında ABŞ-ın Azərbaycana iqtisadi maraqları daha üstündür. Çünki, bura milyardlarla dollar yatırım edilib və hazırda Amerika şirkətləri neft-qaz sektorunda fəaliyyətlərini uğurla davam etdirir. Bu baxımdan ABŞ bu maraqların gələcəkdə də təmin olunması və buna heç bir maneə yaradılmamasına çalışır”.

İ. Vəlizadə həmçinin bildirib ki, səfər zamanı regionda təhlükəsizlik məsələləri, Azərbaycan vasitəsilə Əfqanıstana gedən nəqliyyat marşrutun saxlanması, Cənub-Qaz Dəhlizinin davamlılığı kimi məsələlər geniş müzakirə olunacaq.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə